"Bizim bir əsgər yaralanacaqsa, Ermənistanın 10 əsgəri öləcək"- Millət vəkili






"Ermənistan dövləti atəşkəsi pozub, Azərbaycan əsgərinə zərər yetirməklə heç nəyə nail olmayacaq"

Bu barədə "Sherg.az”a millət vəkili Elman Məmmədov Naxçıvan istiqamətində Ermənistanın atəşkəsi pozması nəticəsində əsgərimizin yaralanmasından danışarkən bildirib.

Parlamentari qeyd edib ki, Paşinyan diqqəti Ermənistanın daxilindəki etirazlardan yayındırmaq üçün vaxtaşırı belə yollara əl atır:

"Onlar bütün sərhəd bölgələrimizdə atəşkəsi pozur. Belə etməkdə əsas məqsədlərindən biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin diqqətlərini cəlb etməkdir. Və etdikləri bütün haqsızlıqları Azərbaycanın üzərinə atmaq istəyirlər. Əlbəttə, bu hiylə ilə heç bir hədəfə çata bilməyəcəklər. Bizim bir əsgər yaralanacaqsa, Ermənistanın 10 əsgəri öləcək. Onlar Azərbaycanın gücünü bilirlər. Sadəcə, "su bulandırırlar". Bununla da insanların diqqətini başqa istiqamətə yönəltmək istəyirlər. Həmçinin bu şəkildə atəşkəsi pozmaqla beynəlxalq qurumların, həmsədr dövlətlərin marağına səbəb olub, baş verənləri Azərbaycanın üzərinə qoymağa cəhd göstərirlər. Amma Azərbaycan Ermənistana öz gücünü lazımi şəkildə göstərəcək".


Qeyd edək ki, Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.

Kənan Eynuroğlu