Xeyrəddin QOCA
"Bu kino ki var...”. Bağışlayın, bu dublyaj ki var, çox çətin işdir. Həm çətindir, həm də əndrəbadi!
Təsəvvür eləyin, Amerika filmində Hollivud aktyoru deyir: "Həzrət Abbas haqqı..”. Adamı təəccüb götürür. Yəni Amerikada Həzrət Abbası tanıyırlar? Ola bilər. Həzrət Abbas elə-belə adam deyil ki!
İngilis filmində qız oğlana əsəbiləşib dillənir: "Kül sənin başına!..”. Və yaxud "kül sənin kişi başına!..”. Niyə olmasın?! Orada da kişilər bizdəki kimidirlər də... Onların da nişanlıları olur, arvadları olur... Onların da nişanlıları, arvadları əsəbiləşirlər də! Qadınlar əsəbiləşəndə bizimkilərdən öyrəndikləri qarğışları yağdırırlar kişilərin təpəsinə! Əsəbilik təbii bir şeydir, xaricilər də əsəbiləşir, biz də... Burada nə var ki?!
Fransız filmində arvadın kişiyə "daş düşsün, görüm sənin başına!” deməsində nə qəribəlik var ki? Bizdə demək olar, onlarda yox? Bizim aktyorlar filmləri özününküləşdirirlər ki, camaatımız yaxşı başa düşsün...
Bu dublyaj məsələsini hələlik qoyaq bir kənara, yadıma düşmüşkən, bir əhvalat danışım. Deməli, cavan vaxtımda kinoteatrda hind filminə baxırdım. Filmdə yetim bir uşaq gecələr ac yatdığından yuxuda da "çapati” deyə sayıqlayırdı. Çapati də hindlilərin dilində bizim lavaş kimidir. Uzun sözün qısası, tamaşaçıların hamısı kövrəlmişdi ki, bu uşaq niyə ac qalır? Uşaq bir də "çapati” deyəndə yerdən cavan bir oğlan qışqırdı: "Zalım balası o qədər "çapati” dedi ki, mən burada acından öldüm”... Bütün salondakıları gülmək tutdu... Görünür, bizdə filmlərə münasibət də bəzən əndrəbadi olur...
Qayıdaq dublyaj "etməyə”. Əgər bir Hollivud aktyoru filmdə o birinə deyirsə ki, "Allah sənin evini yıxsın!”, burada təəccüblü heç nə yoxdur. Bizim tərcüməçilər onların dediklərini dilimizə çevirirlər, daha doğrusu, danışığımıza "uyğunlaşdırırlar”.
Bizim dublyajlarda "kəs səsini!” əvəzinə "mumla!” deyirlərsə, niyə təəccüblənirsiniz? Yəqin mətni tərcümə edən kişi (xanım) "mumla” sözünə öyrəşib...
Bütün filmlərdə "çox yaxşı”, "gözəl” sözləri əvəzinə, hamı ağzını əl boyda açaraq qışqırır: "Əla!”. Adamın əti tökülür!
"Başdanxarab” deyilən kimi, adam fikirləşir: Başqa yerdən xarab da olur? Həm də "baş” sözündən sonra adamın başqa yeri yada düşür, ey...
Ümumiyyətlə, dublyajlarda cümlələrin çoxunda Azərbaycan dili eybəcər hala salınır, fikirlər yerinə düşmür, bir sözlə, filmlərə baxanda bilmirsən güləsən, yoxsa bu biabırçılıqdan utanasan!
Dublyajlarda iştirak edən bir neçə görkəmli aktyordan soruşdum ki, siz dilimizi yaxşı bilirsiniz, belə səhvlərə necə yol verirsiniz? Nə cavab versələr yaxşıdır:
-Biz irad bildirsək, gərək bir də dublyaja getməyək. Ayağımızı oradan kəsərlər, beş-on manat pul verirlər, o da əlimizdən çıxar...
Yaxşı, bəzi tərcüməçilər savadsızdırlar (hər sahədə olduğu kimi...), redaktorlar, rejissorlar da... dilimizi bilmirlər? Bilmirlərsə, necə həmin vəzifələri tuturlar?
Belə başa düşürəm ki, bir sıra sahələrdə bəziləri "baş dolandırdıqları” kimi, dublyaj sahəsində çalışanların da bəziləri "baş dolandırırlar”! Belə olmaz! Milli dilimiz dublyajlarda da ciddi qorunmalıdır. Belə işlər isə nəzarətlə, qorxu-hürkü ilə yox, savadla həyata keçirilməlidir.
Adicə ərizəni, arayışı savadlı yaza bilməyənlər böyük-böyük vəzifələr tuturlar. Bu barədə növbəti yazılarımızda...