- Dini geyim vasitəsilə xüsusi şəkildə qabartmağın nəticə etibarilə müəyyən problemlərə gətirib çıxara biləcəyini düşünürəm
Məktəblərdə vahid geyim qaydalarının tətbiqi, şagirdlər arasında sosial bərabərliyin qorunması və dini geyim məsələsi cəmiyyətdə müzakirə olunan mövzular sırasındadır.
Xüsusilə, məktəbli geyiminin uşaqların psixoloji vəziyyətinə və təhsil mühitinə təsiri, gündəlik həyatda hansı formada təzahür etməsi diqqət çəkən məsələlərdəndir. Bu kontekstdə vahid məktəbli geyiminin əhəmiyyəti, uşaqlar arasında sosial fərqlərin yaratdığı mümkün təsirlər və hicabın müxtəlif ictimai mühitlərdə istifadəsi ilə bağlı yanaşmalar aktuallığını qoruyur.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, sabiq deputat Nizami Cəfərov Sherg.az-a bildirib ki, məktəblərdə vahid məktəbli geyimi olmalıdır, xüsusilə də aşağı siniflərdə:
"IX, X və XI siniflərdə isə müəyyən qədər sərbəstlik, alternativlik ola bilər.
Amma VIII sinfə qədər, uşaqlar mütləq məktəbə bir-birindən fərqlənməyən formada getməlidirlər. Bunun başqa səbəbləri də var. Təsəvvür edin ki, aşağı siniflərdən birində maddi imkanı yaxşı olan valideyn uşağını yaxşı geyindirir, digərinin isə buna imkanı çatmır. İstər-istəməz, uşaqlar hələ kiçik yaşlarından bir-birləri arasında belə bir bərabərsizlik görürlər.
Bu, psixoloji baxımdan çox ağır məsələdir və tədrisə də yaxşı təsir göstərmir. Sonra, təbii ki, uşaqlar böyüyürlər, cəmiyyətdə gedən prosesləri daha yaxşı hiss edirlər. Ona görə də həmin fərqlər onlar üçün əvvəlki qədər ciddi psixoloji təsirlərlə müşayiət olunmur.
Eləcə də biri müsəlmandır, biri xristiandır, digəri isə yəhudidir. Belə hallarda, əlbəttə, uşaqlar arasında əvvəldən dini fərqlərin qabardılması yaxşı nəticə verməz. Xüsusilə, hicabla bağlı məsələ bu gün gündəmdədir və geniş müzakirə olunur.
Hər halda, biz artıq müəyyən inkişaf mərhələlərini keçmişik. Burada Azərbaycan xalqından söhbət gedir".
Ekspert qeyd edib ki, biz İslamın, müsəlmanlığın nə olduğunu daha dərindən dərk edir, onun daha çox hisslər, duyğular və mənəviyyatla bağlı olduğunu bilirik:
"Ona görə də dini geyim vasitəsilə xüsusi şəkildə qabartmağın nəticə etibarilə müəyyən problemlərə gətirib çıxara biləcəyini düşünürəm. İslamı, müsəlman dinini elə qəbul etməli, uşaqlarımıza və gənclərə elə öyrətməliyik ki, onlar dinin mənəvi tərəflərini, şəxsiyyəti formalaşdıran və inkişaf etdirən xüsusiyyətlərini hiss etsinlər. Söhbət formal tərəflərdən deyil, mənəvi dəyərlərdən getməlidir. Zaman keçdikcə formal tərəflər də təbii olaraq tədricən arxa plana keçəcək.
Məsələn, qadınların hicab örtməsi, yaxud başlarına yaylıq bağlaması məsələsinə baxaq. Bəli, bu, müəyyən yerlərdə və məclislərdə, məsələn, məsciddə, ibadət zamanı lazımlı hesab olunur. Belə hallarda bu, qəbul edilən və müəyyən mənada təsirli görünən bir məsələdir.
Amma ümumilikdə məişətdə, küçədə, işdə və məktəbdə bunun nə dərəcədə özünü doğrultması barədə mən qəti fikir söyləyə bilmirəm. Yəni, bu məsələnin həmin mühitlərdə nə dərəcədə əsaslı olduğunu birmənalı şəkildə deyə bilmərəm".