Emil Bədəlov: “Restoran-lanç işlədirəm”
Biznesmen tanınmışlar...
Vüsalə Kərimova: “Şəxsi biznesin olması vacibdi”
Emil Bədəlov: “Restoran-lanç işlədirəm”
Emil Bədəlov: “Restoran-lanç işlədirəm”
Rəqqasə Fatimə: "Rəqib tanımıram”
Bu gün bir çox tanınmışlar, sənət adamları, eyni zamanda biznes sahəsində də özlərini sınamağa üstünlük verirlər. Yəni səhnə ilə yanaşı bir də bizneslə məşğul olurlar. Sabahını sığortalamaq, daha böyük gəlir əldə etmək üçün isə yəqin ki, bu, onların fikrincə ən doğru addımdı. Bu gün bir çox tanınmışlar var ki, onların biznesləri barədə mətbuatda da məlumatlar yer alır.
Tanınmış Rəqqasə Fatimə Fətəliyeva biznes ledilər sırasında adı öndə çəkilənlərdən sayılır. Onun gözəllik mərkəzi, rəqs məktəbi, xına evi "Banu” servis olaraq fəaliyyət göstərir. Tanınmış rəqqasə "Şərq”ə müsahibəsində "Mən bu gün əldə etdiklərimi iynə ilə gor qazaraq qazanmışam sanki. Kimsə mənə yardım etməyib. Sadəcə əməksevər olmuşam. Bəziləri kimi pul mənə göydən düşməyib. Bəli, bu gün rəqqasəliklə yanaşı böyük bir biznes sektorunun sahibiyəm. Özündən razılıq kimi də səslənməsin, qurduğum biznes sahəsində də şükür ki, az qala rəqibsizəm. Çünki paralel olaraq 3 sektoru idarə etmək o qədər də asan deyil. Bəzi sənətçilər məni biznes ledi olaraq görməyə çətinlik çəkirlər. Həzm edə bilmirlər.
Hər kişinin belə işi deyil ki, onlarla işçisinə məvacib versin, o məkanı işlədib gəlir qazana bilsin. Şükür Allahıma. Mənim elə çətin günlərim olub ki, ancaq Allahıma, bir də özümə güvənmişəm. Övladlarımı saxlamaq üçün zəhmət çəkirəm. Şükür ki, işimdə də uğurlarım göz önündədir. Təbii ki, ancaq rəqqasə olaraq çalışıb ailə dolandırmaq yetərli deyil. Ona görə də kimsədən asılı olmadan öz biznesimi qurmuşam. Allah hər kəsin işini avand etsin, içi də mən. İnsan zəhmət çəkərək pul qazananda onun qədrini də bilir. Mən hamıya halal ruzi arzulayıram”.
Əməkdar artist Ədalət Şükürov da sənət adamlarının bizneslə məşğul olmasını müsbət dəyərləndirdi. Yeri gəlmişkən, Ədalət Şükürovun illər öncə öz şəxsi biznesi də olub:
"Bizneslə məşğul olmaq, öz şəxsi biznesinə sahib olmaq çox əladı. Amma biznes qurmaq üçün böyük vəsait, pul lazımdı. Bu gün heç bir bizneslə məşğul olmuram. Bunun üçün böyük pul olmalıdır. Əgər kimsə açırsa, demək, o məbləği var ki, biznes açır. Normal baxıram. Nəyi pisdi ki? Əgər imkan varsa, biznesin olsun. Yenə deyirəm, tanınmışlardan kim açırsa, demək o pulu var. İstərdim ki, yenidən biznesim olsun. Ancaq xırda bizneslə məşğul olmağı düşünmürəm. Bunu istəmirəm. Əgər imkan olsa, böyük biznes sektorunda olmaq istərdim. Mən biznes sahəsində idarəçiliyi əla bacarıram. Bu, eyni zamanda mənim ixtisasım sayılır.
Əgər böyük holdinqlərdən, şirkətlərdən belə bir təklif gəlsə, işləyərdim. Ancaq xırda biznes olan mağaza filialına başımı ağrıtmaram. Bu gün bir də ən gəlirli biznes sahəsi kənd təsərrüfatı, daha dəqiq desəm, fermer təsərrüfatı ilə məşğul olmaq əlverişlidir, böyük gəlir gətirir. Çünki ətə tələbat böyükdü. Tutaq ki, bu gün Türkiyədə ət o qədər çox deyil, Ukraynadan, digər ölkələrdən ora ət idxal edilir. Yəni ət və ət məhsulları ən çox gəlir gətirə bilən biznes sektorlarından sayılır. Sənətçinin müəyyən yaş dövründən sonra biznesinin olması vacibdi”.
Aparıcı Vüsalə Kərimova da eyni zamanda bizneslə məşğul olan aparıcılar sırasında yer alır. Bu barədə "Şərq”ə danışan Vüsalə Kərimova "Mən aparıcı, jurnalist olaraq fəaliyyətimi davam etdirməklə yanaşı bizneslə məşğulam.
Gözəllik salonu işlədirəm. Ancaq aparıcının maaşı ilə ailə dolandırmaq, övlad saxlamaq olmur. Ona görə də əlavə bizneslə məşğul olmaq vacibdi. Sənət aləmində əksəriyyətini saxlayanlar var. Mən heç kimə möhtac olmamışam bu günə qədər. Öz zəhmətimlə çalışmışam, bu gündən sonra da öz imkanlarım hesabına yaşamağa üstünlük verirəm. Heç kimə sirr deyil ki, çalışdığım müğənni, dostum Yaşar Cəlilovla bir yerdə salonu işlədirik. Özümü biznes ledi hesab etmirəm. Ancaq imkan qədər bu sahə ilə də məşğul olub nəsə əldə etməyə çalışıram. Biznes ledi olmaq çətindi. Buna vaxt lazımdı. Amma yenə də əlavə gəlir yerim olsun deyə mən bu işlə də məşğulam. Şəxsi biznesin olması vacibdi”.
Müğənni Emil Bədəlov da bizneslə məşğul olan məşhurlardan sayılır. Bir müddət turizm sektorunda biznes quran Emil Bədəlov son vaxtlar restoran sektoruna keçib:
"Əvvəlcə onu qeyd edim ki, ruzini verən Allahdı. Bizneslə məşğul olmadan da əgər Allah sənə ruzi verəcəksə, onu harda olsan tapacaqsan. Amma mən tənbəlliyi sevmirəm. Sənət, yaradıcılıq öz yerində, amma bizneslə də məşğul olmağa maraqlı olmuşam. Əvvəl turizm sektorunda çalışdım. Son vaxtlar restoran-lanç işlədirəm. Hər gün bəlkə ora baş çəkməyə vaxt ayıra bilməsəm də, komandam var, güvəndiyim insanlar var. Çalışıram. Mən özüm bir müddət öncə də restoran işlətdiyim üçün bu sektorda çalışmaq mənə çətin deyil. Sənətçi də sabahını düşünür”.
Tahirə Məmmədqızı