“BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur”





Tarixən Azərbaycanda yalnız islam deyil, eyni zamanda digər dinlərin və xalqların nümayəndələri də bizimlə birgə yaşayıb. Heç bir məhdudiyyət olmadan öz dini və milli inanclarını icra ediblər. Müxtəlif dövrlərdə ölkəmizdə qeyri-islam dinindən olan insanlar üçün də ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib və hazırda da onlar öz fəaliyyətlərini davam etdirirlər. Heç kimə sirr deyil ki, Azərbaycanda dini konfessiyalar arasındakı münasibətlərin kökündə biri-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Dövlətin konfessiyalara yanaşmasında da bərabərlik prinsipi mütləq mənada qorunur. Ona görə də, ölkəmizdə yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç zaman dözümsüzlük və ya hansısa fobiyalarla üzləşməyiblər.
Ksenofobiyaya əks mövqedə dayanan tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərlə mövcud olub. Dünya anlamalıdır ki, tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur.

Multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəlib

Multikulturalizm nədir? Bu anlayış eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. İndiki məqamda multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəlib və dünya dövlətləri Azərbaycanın bu siyasətini dəstəkləyir, təqdir edir. Bu, sadəcə görüntü deyil, xalqımızın tarixən formalaşdırdığı, dərin siyasi məntiqə söykənən siyasətdir. Çünki biz azərbaycanlılar gözümüzü dünyaya açandan ətrafımızda digər millətlərin nümayəndələrini görmüşük və onlara öz doğmalarımız kimi yanaşmışıq. Bunu bizə daha çox multikultural mədəniyyətimiz təlqin edib. Məhz buna görə də, Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Bu il 7-ci Qlobal Forumun paytaxt Bakıda baş tutması dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. O da məlumdur ki, Azərbaycanda multikulturalizm siyasəti hələ ulu öndər Heydər Əliyevin dövründən bu yana yeridilməyə başlayıb. Prezident İlham Əliyev isə multikulturalizmi rəsmi dövlət siyasəti səviyyəsinə qaldırdı, sistematik fəaliyyətini təmin etdi.

Azərbaycandakı tolerant mühit ikinci bir dövlətdə yoxdur

Ölkəmizin multikultural dəyərlərə, bütün xalqlara, onların dili, dini və adətinə dözümlü yanaşdığını isbat etmək məqsədilə paytaxt Bakıda yerləşən bir sıra əcnəbi dini məbədlərə baş çəkdik. Səmimi şəkildə etiraf etdilər ki, fərqli dinə və irqə mənsub olduqlarına görə, onlara heç bir radikal münasibət göstərilmir. Məsələn, "Avropa və Gürcüstan yəhudiləri” sinaqoqunun həyətində rastlaşdığımız ravvin Karol Sidon bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda olan azad və tolerant mühit ikinci bir dövlətdə yoxdur: "Azərbaycanlılarla yəhudilər arasında dostluq və tolerant münasibət olmasaydı, biz dinimizi saxlaya bilməzdik. Burada dinimiz və adət-ənənələrimizin tətbiqinə hər cür şərait yaradılıb. Doğrudur, dostluğumuzu gözü götürməyən, Azərbaycandakı tolerant mühiti pozmaq istəyən qüvvələr də mövcuddur. Amma təxribatlara getmirik. Bizə yaradılan şəraitə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Dini inancımız, mədəniyyətimiz və milli bayramlarımıza çox böyük sayğı ilə yanaşılır. Çox sərbəst şəkildə yaşayırıq. Dinimiz, dilimiz və adət- ənənəmizi də yaşadırıq. Bizə heç kim və heç nə mane olmur”.

Hər kəs öz dini etiqadında sərbəstdir

Müqəddəs Jen-Mironosits kilsəsinin keşişi Aleksandr Sidorov isə söylədi ki, Azərbaycanda bütün dinlər arasında mehribanlıq hökm sürür: "Dünyanın heç bir yerində belə bir tolerantlıq nümunəsi yoxdur. Bu vaxta qədər Azərbaycanda xristianlara dini görüşlərinə görə təzyiqlər baş verməyib. Hər kəs öz adət-ənənəsini rahat şəkildə yerinə yetirir”.

Bundan başqa, kilsənin digər keşişi İvan Daşkov bildirdi ki, Azərbaycanda mövcud olan dinləri və xalqları birləşdirən əsas dəyər azərbaycançılıq fəlsəfəsidir: "Burada dinlərarası dialoqda heç bir problem yaşanmır. Hər kəs öz adət-ənənələrini, dini inanclarını heç bir təzyiq olmadan müstəqil şəkildə yerinə yetirir. Bu məqam Avropanın diqqətini çəkir. Avropalılar Azərbaycanda olan bu unikal modelin təcrübəsini öyrənməkdə maraqlıdır. Düşünürəm ki, Azərbaycanın tolerantlıq modeli bütün dünyaya nümunədir”.

Azərbaycan bəşəri multikultural məkandır

İlahiyyatçı-alim Elşad Miri bəyan edib ki, Azərbaycan dövlət-din münasibətlərinin nadir modelinin yarandığı ölkədir: "Müqəddəs islami dəyərlərdən bəhrələnən tolerantlıq ölkəmizdə çox qədim tarixi köklərə malikdir. Çünki dövlətçilik tarixi ərzində Azərbaycanda heç vaxt antisemitizm əhval-ruhiyyəsi olmayıb. Digər ölkələrdə ağır təzyiqlərə məruz qalan müxtəlif din mənsubları xalqımızın yüksək insanpərvərliyinə əmin olduqları üçün məmləkətimizə böyük inamla pənah gətiriblər. Ölkəmizi özləri üçün ümid qalası, sığınacaq məskəni hesab ediblər. İndiki halda bəzi dövlətlər öz ölkələri daxilində tolerantlıq mühiti yaratmaq üçün yollar axtarır. Azərbaycanda isə bu məsələ artıq gündəlik həyat reallığına çevrilib. Səmavi din olan islam bütün dinlərə hörmətlə, şərəf və izzətlə yanaşmağı, ayrı-ayrı dinlərə etiqad edən bəşər övladlarının öz dini ayin və mərasimlərini sərbəst icra etmək haqqının toxunulmazlığını bəyan edib. Məhz bu səbəbdən uzun əsrlər boyu ölkəmizdə məskunlaşmış müxtəlif xalqlar öz dini etiqadlarını indiyədək qoruyub saxlaya biliblər”.

Multikulturalizm cəmiyyətimizin birgə yaşayışıdır

Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda multikulturalizm həyat tərzidir, cəmiyyətimizin sosial-mədəni münasibətlər sisteminin daxili təbii tələbatının aparıcı komponentlərindən biridir. Onun sözlərinə görə, bu keyfiyyət multikulturalizmi cəmiyyətimizin birgəyaşayış ənənəsi kimi müəyyən edir: "Multikultural dəyərlərin bu səviyyədə mövcud olması bir qədər də bizim tarixi keçmişimizlə əlaqədardır. Siyasi mədəni və siyasi etnik coğrafiya olaraq Azərbaycan həmişə çox komponentli və mozaik daxili mikrostruktura malik olub. Bu cür zəngin mədəni keçmiş isə müasir cəmiyyətimizin əsas multikultural və tolerant keyfiyyətlərini müəyyən edir. Bu isə kütləvi sosial təfəkkürün və sosial fəlsəfənin Azərbaycan modelini yaradır. Multikulturalizmin Azərbaycan modeli hazırda Azərbaycanda dövlət tərəfindən dəstəklənir və qlobal mədəni sistemə milli dəyərlərimizin aparıcı komponentlərindən biri kimi təqdim edilir. Bu, qürurverici bir hadisədir. Ona görə də Prezident İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili” elan etdi”.

Avropa Azərbaycandan çox şey öyrənə bilər

Deputat vurğulayıb ki, etnik və dini dəyərlərin toqquşma və qarşıdurma vasitəsinə çevrildiyi bir vaxtda bu, əslində, Prezidentin dünyaya bir mesajı, bir çağırışı kimi başa düşülməlidir: "Hazırda etnik, dini və mədəni, hətta məzhəb fərqliliyinə görə insanlar biri-birlərini öldürürlər. Azərbaycanda isə bu fərqliliklər ölkəmizin milli sərvəti kimi qəbul edilir və birgəyaşayış qaydalarını müəyyən edir”. H.Babaoğlu əlavə edib ki, doğrudan da bu məsələdə Şərq və elə Avropanın özü də Azərbaycandan çox şey öyrənə bilər. Ona görə də Azərbaycanın multikultural modeli dünyaya yaxşıca tanıdılmalıdır. Hazırda bu istiqamətdə çox böyük işlər görülür”.

Multikulturalizm yüksək səviyyədədir

"Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müəllifi, "Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev də deyib ki, "2016-cı ilin "Multikulturalizm ili” elan olunması gözlənilən idi: "Hələ 2008-ci ilin dekabrından başlayaraq "Bakı prosesi” elan olundu və Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında cənab Prezident bir neçə təkliflə çıxış etdi. Onlardan biri də "Bakı prosesi”nin əsasının qoyulması və bu təşəbbüsün qlobal prosesə çevrilməsi idi. Çox sevindirici haldır ki, 2008-ci ildən başlayaraq Azərbaycan həm çoğrafi, həm tarixi, həm də mədəni əsaslara malik olan multikulturalizmi inkişaf etdirdi. Çünki ölkəmizdə bütün xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamaqdadırlar, tolerantlıq yüksək səviyyədədir və böyük əksəriyyət multikulturalizmə "hə” deyir. 2008-ci ildə əsası qoyulan "Bakı prosesi” dayanmadı, inkişaf etdirildi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirildi. Bu toplantıya Avropa Şurası dövlətlərinin mədəniyyət nazirləri də dəvət edilmişdi. 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu forumun ölkəmizdə keçirilməsi islam, Avropa mədəniyyətlərini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunmasına köklənmişdi”.

Multikulturalizm həyat devizimizdir

N.Niftiyevin sözlərinə görə, Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə sübut etdi ki, multikulturalizm həqiqətən də bizim həyat devizimizdir: "Biz bu ənənəni istər dövlət, istər vətəndaş cəmiyyəti çərçivəsində davam etdiririk. Düşünürəm ki, 2016-cı ilin "Multikulturalizm ili” elan olunması çox sevindirici haldır. Sərəncamdan da göründüyü kimi, bu işin həyata keçirilməsinə sırf bu işlə məşğul olan bir çox dövlət təşkilatları cəlb olunub. Bakı Multikulturalizm Mərkəzi bilavasitə bu mədəniyyətin həm ölkə, həm də beynəlxalq aləmə çatdırılmasında böyük rol oynayır. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda yaşayan xalqların rəqsləri, geyimləri, adət-ənənələri və digər mədəni tədbirlərinin inkişafında mühüm rol oynayır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsələnin dini tolerantlıq tərəfdən öyrənilməsinə cəhd göstərilir. Təhsil Nazirliyi Azərbaycanda yaşayan xalqların təhsil məsələlərini özündə əhatə edir. Düşünürəm ki, dövlət qurumlarının bu şəkildə işləməsi ilə 2016-cı ildə Azərbaycanda elan olunan multikulturalizmin istədiyimiz nəticəni verəcəyi təbii ki, şübhəsizdir. Bunlar bir ay müddətində tədbirlər planı hazırlamalıdır. Təklif edirəm ki, tədbirlər planı ictimailəşdirilsin və bu sahədə olan ekspertlər, araşdırmaçılar kimi öz münasibətimizi bildirək”.

Forum sülhsevərliyimizi sübut etdi

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov qeyd edib ki, VII Qlobal Forum Azərbaycanın nüfuzlu, tolerant və multikultural ölkə olduğunu bir daha dünyaya sübut etdi: "Ölkəmizdə baş tutan bu tədbirdə dünyanın kifayət qədər görkəmli şəxsiyyətləri iştirak etdi və maraqlı fikirlər səsləndirdilər. Azərbaycan mürəkkəb məsələlərin obyektiv şəkildə müzakirə olunduğu bir məkandır. Azərbaycan yüksək səviyyədə olan intellektini ortaya qoydu. Həm də ölkəmiz dünyaya onu nümayiş etdirdi ki, Azərbaycanda multikulturalizm ənənələri sözdə deyil, əməldə də yaşayır. Bunların hamısını nəzərə alaraq həmin forumun ölkəmizdə keçirilməsini müsbət hesab edirəm. Deyim ki, dünyanın müxtəlif yerlərində də bunun rezonansı görünür. Dünyanın çox yerlərində oluruq və görürük ki, böyük düşüncə adamları, dünyanın taleyi ilə maraqlanan insanlar belə forumlara xüsusi qiymət verirlər. Bu, Azərbaycanın nüfuzunun beynəlxalq ictimaiyyətə çatdırılması üçün çox önəmlidir. Ölkəmiz sülh, mədəniyyətlərarası əlaqələr və dialoq tərəfdarı olduğunu bir daha dünyaya sübut etdi. Bir sözlə, belə tədbirlər hərtərəfli mühüm əhəmiyyətə malikdir”.

Ayyət Əhməd

Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.