"Boşanmış, sosial təminatı aşağı olan ailələrə aliment və sosial yardım..." - Təklif

Vüqar Bayramov:"Daha yaxşı olar ki, həmin ailələrdə uşaqların sayına uyğun sosial yardımlar müəyyənləşdirilsin. Alimentin saxlanması şərti ilə uşaqlar böyüyənə qədər ailələr sosial yardımla təmin olunsun"





"İnkişaf etmiş ölkələrdə alimentin ödənilməsini üzərinə götürən tərəflə yanaşı, dövlət də aliment ödəyir”.
Bu barədə "Sherg.az”a dağılmış ailələrdə alimentin ödənilməsi yatardığı problemlərdən çıxış yolları barədə danışarkən iqtisadçı - ekspert Vüqar Bayramov bildirib. 

O xatırladıb ki, alimentin ödənilməsinə məsul olan şəxs məcburi formada bu vəsaiti ödəməlidir:

"Digər tərəfdən həmin ailələrə, azyaşlı övladı olan şəxslərə dövlət tərəfindən xüsusi dəstək həyata keçirilir. Qeyd etdiyimiz kimi bu inkişaf etmiş dövlətlərdə tənzimlənir.

Dağılmış ailələrdə tərəflərin, xüsusilə övladın öhdəliklərini üzərinə götürən ananın sosial vəziyyəti pisləşir. Ona görə, təklif edirik ki, alimentin ödənilməsi mexanizmi təkmilləşdirilsin. Qanunvericilikdə addımlar atılmasına, qaydaların sərtləşdirilməsinə ehtiyac var. Ödəniləcək məbləğ hesablanan zaman real əməkhaqqına uyğun olaraq müəyyənləşdirilməlidir. Çox hallarda, tərəflər bu məsələdə razılığa gələ bilmir”.

V. Bayramovun fikrincə, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaqların sosial təminatı məqsədilə boşanmış ailələrə dövlət tərəfindən yardım göstərilməlidir:

"Daha yaxşı olar ki, həmin ailələrdə uşaqların sayına uyğun sosial yardımlar müəyyənləşdirilsin. Alimentin saxlanması şərti ilə uşaqlar böyüyənə qədər ailələr sosial yardımla təmin olunsun.

Təhsil xərclərini də əlavə etdikdə sosial yardım yaşının 21-ə çatdırılması daha effektiv olar. Beləliklə, boşanmış və sosial təminatı aşağı olan ailələrə həm aliment, həm dövlət tərəfindən sosial yardım ayrılması müzakirə olunmalıdır”.

Qeyd edək ki, Bakının Ramana qəsəbəsində 1981-ci il təvəllüdlü Şabanov Samir Valeh oğlu keçmiş qayınatası, 1965-ci il təvəllüdlü Hətəm Şabanovu kəsici və küt alətlərlə vuraraq öldürüb.
Qətlin aliment üstündə yaranan mübahisədən sonra törədildiyi bildirilir. Belə ki, S.Şabanov alimentin düzgün hesablanmadığını, qarşı tərəf isə onun övladına görə təyin edilmiş vəsaiti vaxtında ödəmədiyini bildirirmiş.

Aysel Aslan