"Şərq" qəzetinin 22.12.2016-cı il tarixli sayında dərc olunmuş "Təhsilli fəhlə övladının sağ qalması üçün böyrəyini satır" sərlövhəli yazıda ailə vəziyyəti ilə əlaqədar böyrəyini satmaq barədə elan verən Rəşad Rəsulovun guya uşağının dərmanlarını almaq üçün 3600 manata qədər borc etməsi barədə söylədikləri həqiqətdən uzaqdır. Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.
Qurum rəsmisi qeyd edib ki, R.Rəsulovun qeyd etdiyi "borc"un yaranma səbəbləri barədə təsəvvürün yaranması üçün onun ölkə paytaxtında təkcə fəhləliklə məşğul olmadığı, bir sıra vətəndaşların etibarlarından sui istifadə edib, pullarını ələ keçirməsi barədə konkret faktlara müraciət etmək yerinə düşər:
"Bu şəxsin tanışları olan Anar İsgəndərov, Zamin Qasımov və Xanlar Həsənovun polisə müraciətləri əsasında toplanmış materiallar əsasında 27 aprel 2015-ci ildə Yasamal RPİ-nin İstintaq şöbəsində CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılıb. İş üzrə zərərçəkmiş şəxslər, şahidlər müəyyən edilərək ifadələri alınıb, bir sıra digər zəruri istintaq hərəkətləri aparılıb.
Istintaqla müəyyən edilib ki, Quba rayonunun Rustov kəndində qeydiyyatda olan R.Rəsulov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışları Anar İsgəndərov, Zamin Qasımov və Xanlar Həsənovun etibarından sui-istifadə edərək, onları Səngəaçal qəsəbəsində yerləşən neft şirkətinə işə düzəldəcəyini vəd edərək aldadıb, hər birinin 600 manat olmaqla ümumilikdə 1800 manatı dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, R. Rəsulov digər tanışı - Orxan Zülfüqarova da eyni vəd verərək onun da 600 manatını alıb.
Dəfələrlə dəvət edilməsinə baxmayaraq Rəşad Rəsulov heç bir üzürlü səbəb olmadan istintaqdan yayınıb və təqribən 1 il onun yerini müəyyən etmək mümkün olmayıb.
Cinayət işi üzrə toplanmış sübutlar şübhəli şəxs hesab edilməsinə əsas verdiyindən və onun olduğu yer müəyyən edilmədiyindən Rəşad Rəsulov barəsində axtarış elan edilib.
Nəhayət, cari il fevralın 29-da Rəşad Rəsulov Yasamal RPİ-nin 29-cu PB-nin əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib. Əməllərində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin tərkibi əlamətləri olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilib və R.Rəsulova həmin maddədə nəzərdə tutlan ittiham elan olunub, Yasamal rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Az sonra məhkəmə tərəfindən ailə vəziyyəti nəzərə alınmaqla R.Rəsulov barəsində həbs qətimkan tədbiri "ev dustaqlığı” ilə əvəz edilib.
Aparılmış araşdırma zamanı R.Rəsulovun işə düzəltmək adıyla müxtəlif vaxtlarda tanışları - Ziya Əzizovun 450 manatını, Zamin Qasımovun və Xanlar Həsənovun da 600 manatlıq vəsaitlərini də ələ keçirdiyi məlum olub.
Bundan əlavə, ötən ilin sonlarında bu şəxs barəsində Nəsimi RPİ-də CM-nin 178.1-ci maddəsi ilə ikinci cinayət işinin də istintaq edildiyi müəyyən olunub. Bu işlə də bağlı ona eyni xarakterli ittiham elan edilib. Məlum olub ki, R.Rəsulov ötən ilin martında tanışı Möhübbət Hüseynova oğlu Şaiq Hüseynzadəni 700 manat müqabilində tanınmış bir şirkətə elektrik vəzifəsinə qəbul etdirəcəyini vəd verib.
Hazırda hər iki cinayət işinin istintaqı davam etdirilir.