Böyük dəyişikliklər gözləmək doğru deyil

Maliyyə Bazarlarına Nəzarət Palatası qısa bir vaxt ərzində bütün problemləri aradan qaldıra bilməz



Ötən ilin əvvəllərindən başlayaraq iqtisadi böhranın dərinləşməsi hökumətin bəzi addımlar atmasına səbəb oldu. 2016-cı ilin ilk aylarında Prezidentin fərmanı ilə bir neçə qurum yaradıldı. Bu qurumlardan biri də Maliyyə Bazarlarına Nəzarət Palatası idi.

Fevralın 3-də publik hüquqi şəxs kimi yaradılan bu Palatanın funksiyası ilə bağlı fərmanda
göstərilirdi ki, bu orqan qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti
sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyini və şəffaflığını təmin etməlidir.
Qurum həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakların
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət
sisteminin təkmilləşdirilməsini təmin etməlidir. Amma vətəndaşlar bu qurumun öz öhdəliklərini
yerinə yetirmədiyi qənaətindədir. Hətta bəzi ekspertlər də zaman-zaman mətbuata açıqlamalarında
MBNP-nin fəaliyyətini tənqid edərək, qurumun gözləntiləri doğrultmadığını iddia edirlər.

İqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimli isə hələ bu qurum yaradılmamışdan əvvəl
uzun müddət maliyyə bazarlarına nəzarət mexanizminin ayrıca bir təşkilat tərəfindən həyata
keçirilməsinə dair təklifləri olduğunu deyib: 

"Palata yaranan zaman da sərəncamın ən böyük dəstəkçilərindən biri mən oldum. Düzdür, bu gün Palatanın fəaliyyəti ciddi söz-söhbətlərə səbəb olub, hətta bu qurumun heç bir iş görmədiyini iddia edənlər də var. Mənim fikrimcə, yeni yaradılan bir qurumdan fövləqadə dəyişikliklər gözləmək də doğru deyil. Cəmi bir ilə yaxındır fəaliyyətdə olan Maliyyə Bazarlarına Nəzarət Palatası yarandığı gündən strukturun formalaşması, fəaliyyət mexanizminin qaydaya salınması istiqamətində real addımlar atmağa başlayıb. Bildiyiniz kimi, yeni bir iş qurmaq o qədər də asan məsələ deyil. Xeyli vaxt tələb edir. Maliyyə Nazirliyinin sığorta, Mərkəzi Bankın nəzarət mexanizması, Qiymətli Kağızlar Komitəsinin bütün səlahiyyət və funksiyalarının bu quruma birləşdirilməsi xeyli vaxt apardı. Sonrakı mərhələdə isə 2008-ci ilin maliyyə böhranı dönəmindən qalan xeyli sayda problemlərin aradan qaldırılmasına çalışır. Hesab edirəm ki, yeni yaradılan bir qurum qısa bir vaxt ərzində bütün problemləri aradan qaldıra bilməz. Qanunvericiliyin dəyişdirilməsi və müasir şəraitə uyğunlaşdırılması
İstiqamətində Palata tərəfindən xeyli addımlar atıldı. Paralel olaraq da maliyyə bazarının
normallaşdırılması və mövcud problemlərin aradan qaldırılması istiqamətində iş görülür”.

Şəymən