Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı

“Məkkə Müdafiə İttifaqı sırf müdafiə xarakterlidir, Ankara bu çərçivədə hücum xarakterli əməliyyatlarda iştirak etmək üçün başqa ölkələrə qoşun göndərməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Açıq şəkildə bəyan edirəm ki, bu saziş yalnız müdafiəyə aiddir. Bu sazişi imzalayan ölkələrdən biri hücuma məruz qalarsa, siz onun tərəfini tutmalı və onu müdafiə etməlisiniz. Bu, hücum haqqında saziş deyil. Türkiyə hücum həyata keçirmək üçün başqa ölkənin ərazisinə qoşun göndərməyəcək”, - o, Ankarada macar həmkarı Anita Orbanla keçirdiyi mətbuat konfransında bildirib.

Hakan Fidan əlavə edib ki, Məkkə sazişi çərçivəsində əməkdaşlıq inkişaf edir və hərbi nümayəndə heyətləri Səudiyyə Ərəbistanına əməliyyat zonasında hansı müdafiə tədbirlərinin lazım olduğunu, Pakistan və Türkiyənin hansı töhfəni verə biləcəyini müəyyənləşdirmək üçün birgə fəaliyyət göstərəcəklər:

“Səudiyyə Ərəbistanının artıq böyük hərbi-texniki infrastrukturu var. Onun ötən illər ərzində əldə etdiyi çoxlu sayda texnikası, silahı və müdafiə vasitələri mövcuddur. Amma əlbəttə, burada birgə planlaşdırma, əməliyyatların keçirilməsi və təhlil də vacibdir”.

Nazirin sözlərinə görə, Türkiyə vəziyyətin sülh və dialoq yolu ilə nizamlanması üçün əlindən gələn hər şeyi edir: “Bu məsələdə Səudiyyə Ərəbistanının konstruktiv dəstəyi var. Amma bir daha deyirəm: bizim müdafiə sazişimiz var, buna əsasən, iştirakçı ölkə hücuma məruz qalarsa, onu müdafiə etmək üçün yanında olmalısınız”.

Hakan Fidan vurğulayıb ki, Türkiyə Səudiyyə Ərəbistanı ətrafında mövcud vəziyyətə və Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatına (husilər) hücumlarına daha geniş regional kontekstdə yanaşır: “Regiona daha çox sülh gətirmək üçün tərəflər arasında beynəlxalq səviyyədə siyasi cəhətdən nə edə biləcəyimizi anlamağa çalışırıq. Çünki burada İran da var, İranın Amerika ilə apardığı müharibə də var, digər məsələlər də mövcuddur. Biz bütün bunlara daha geniş mənzərənin bir hissəsi kimi baxmağa çalışırıq”.

“Middle East Eye” bundan əvvəl Türkiyə rəsmilərə istinadla yazmışdı ki, Ankara kritik infrastrukturu və müqəddəs şəhərləri – Məkkə və Mədinəni husilərin hücumlarından qorumaq üçün Səudiyyə Ərəbistanına məhdud sayda hərbi kontingent və texnika göndərilməsini nəzərdən keçirir. Nəşr qeyd etmişdi ki, planlar Türkiyənin Yəməndəki döyüş əməliyyatlarında birbaşa iştirakını nəzərdə tutmur.