- Bakı-Türkmənbaşı bağlantısı Orta Dəhlizin iqtisadi gücünü artıracaq
- Azərbaycan və Türkmənistan Xəzərdə yeni enerji xəritəsi formalaşdırır
Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrin inkişaf etdirilməsi xarici siyasətinin mühüm və prioritet istiqamətlərindən birini təşkil edir. Tarixi-mədəni yaxınlıq, qarşılıqlı etimad və ortaq mənəvi dəyərlər Azərbaycanla region ölkələri arasında münasibətlərin möhkəmləndirilməsi üçün əlverişli zəmin yaradır. Bu baxımdan, Azərbaycan–Türkmənistan münasibətləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri son illərdə siyasi dialoq, iqtisadiyyat, enerji, nəqliyyat, humanitar və mədəni əməkdaşlıq sahələrində əldə olunan mühüm nəticələrlə daha da möhkəmlənib. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və müntəzəm təmaslar ikitərəfli əlaqələrin strateji xarakterini gücləndirməklə yanaşı, regional əməkdaşlığın inkişafına da mühüm töhfə verir.
Xüsusilə Xəzər dənizi, nəqliyyat-tranzit imkanları, enerji resurslarının dünya bazarlarına çıxarılması, eləcə də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişləndirilməsi Azərbaycan–Türkmənistan əməkdaşlığının perspektivli istiqamətlərini təşkil edir. 2021-ci ildə “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə olunan razılaşma və sonrakı dövrdə həyata keçirilən bir sıra layihələr iki ölkənin strateji tərəfdaşlığının praktik məzmununu daha da zənginləşdirib. 8-9 oktyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri isə iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davamlılığının növbəti göstəricisidir. Səfər çərçivəsində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü, MDB Dövlət Başçıları Şurasının iclası və Xəzər Ekoloji Sammitində iştirak, həmçinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə ikitərəfli görüş Azərbaycan–Türkmənistan münasibətlərinin gündəliyində duran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər və son dövrdə əldə edilmiş razılaşmalar Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu göstərir.

Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Azərbaycan-Türkmənistan münasibətlərinin bugünkü səviyyəsi təsadüfi diplomatik dinamika ilə izah oluna bilməz:
“Bu əlaqələrin əsasını ilk növbədə iki xalq arasında tarixi, mədəni və mənəvi yaxınlıq, Xəzər dənizi üzərindən formalaşan coğrafi bağlılıq, qarşılıqlı siyasi etimad və iqtisadi maraqların bir-birini tamamlaması təşkil edir. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi də münasibətlərin institusional əsaslarını əhəmiyyətli dərəcədə gücləndirib. İki ölkənin əməkdaşlığında iqtisadiyyat və enerji xüsusi çəkidədir. Xəzərin enerji resurslarının işlənməsi və nəqli, Türkmənistan neftinin Azərbaycan ərazisi və infrastrukturu vasitəsilə beynəlxalq bazarlara çıxarılması, elektrik enerjisi sahəsində əməkdaşlıq və yeni enerji layihələri əsas istiqamətlər sırasındadır. “Dostluq” yatağı üzrə əldə edilmiş razılaşma Azərbaycan-Türkmənistan enerji tərəfdaşlığının mühüm nümunəsidir. Bu əməkdaşlıq Xəzərin enerji potensialının daha səmərəli istifadəsinə və iki ölkənin enerji bazarlarında rolunun genişlənməsinə imkan yaradır”.
Analitik vurğulayıb ki, burada nəqliyyat və tranzit amilini də ayrıca qeyd etmək lazımdır:
“Azərbaycan və Türkmənistan Xəzərin iki sahilində yerləşən və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən marşrutların mühüm halqalarıdır. Bakı və Türkmənbaşı limanlarının imkanlarının uzlaşdırılması, Orta Dəhlizin inkişafı, yükdaşımaların və logistika imkanlarının artırılması iki ölkənin yalnız ikitərəfli deyil, daha geniş Avrasiya nəqliyyat sistemində rolunu gücləndirir. Xəzərin üzərindən formalaşan bu bağlantı Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit məkanlardan birinə çevirir. Əməkdaşlığın mühüm perspektivlərindən biri enerji marşrutlarının şaxələndirilməsi ilə bağlıdır. Türkmənistan böyük enerji resurslarına malik ölkə kimi ixrac istiqamətlərini genişləndirməkdə maraqlıdır. Azərbaycan isə enerji resurslarının beynəlxalq bazarlara çıxarılması, tranzit və nəqliyyat infrastrukturu baxımından mühüm imkanlara malikdir. Bu iki amilin uzlaşması Azərbaycan-Türkmənistan enerji əməkdaşlığını yalnız ikitərəfli münasibətlərin deyil, Xəzər hövzəsinin Avrasiya enerji sistemində mövqeyinin gücləndirilməsi baxımından da əhəmiyyətli edir”.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin 8-9 oktyabr 2026-cı il tarixlərində Türkmənistana səfəri də məhz bu geniş kontekstdə xüsusi əhəmiyyət daşıyır:
“Səfər Azərbaycan-Türkmənistan münasibətlərinin yüksək siyasi səviyyədə davam etdirilməsi ilə yanaşı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin daha sistemli şəkildə inkişaf etdirilməsi baxımından mühüm siyasi platformadır. Türkmənistanın Xəzərin şərq sahilində yerləşməsi onu Azərbaycanın Mərkəzi Asiya siyasətində xüsusi mövqeyə çıxarır. Səfərin mühüm tərəflərindən biri Azərbaycanla Mərkəzi Asiya arasında siyasi və iqtisadi əlaqələrin vahid regional yanaşma çərçivəsində inkişaf etdirilməsidir. Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərini yalnız ikitərəfli əlaqələr səviyyəsində deyil, nəqliyyat, enerji, rəqəmsal bağlantılar, investisiya və ticarət imkanlarını birləşdirən daha geniş əməkdaşlıq formatında qurur. Türkmənistanla münasibətlər də bu siyasətin mühüm istiqamətlərindən biridir. Digər tərəfdən, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığının genişlənməsi Orta Dəhlizin iqtisadi məzmununu da gücləndirə bilər. Çünki müasir nəqliyyat dəhlizləri artıq yalnız yük daşınması ilə məhdudlaşmır. Enerji, rəqəmsal bağlantılar, liman infrastrukturu, logistika mərkəzləri və investisiya layihələri bir-birini tamamlayan vahid iqtisadi sistem formalaşdırır. Bakı-Türkmənbaşı bağlantısının inkişafı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.
T.İsmayılovun sözlərinə görə, Azərbaycan-Türkmənistan münasibətlərinin digər mühüm xüsusiyyəti siyasi dialoqun iqtisadi layihələrlə paralel inkişaf etməsidir:
“Siyasi etimad artdıqca iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranır, iqtisadi əlaqələrin genişlənməsi isə öz növbəsində siyasi münasibətlərin daha möhkəm əsaslara söykənməsinə şərait yaradır. Bu qarşılıqlı tamamlanma iki ölkənin münasibətlərinin davamlı xarakter almasında mühüm rol oynayır. Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycan xarici siyasətində Mərkəzi Asiya istiqamətinin ardıcıl şəkildə dərinləşdirilməsinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Səfərin əsas əhəmiyyəti Azərbaycan-Türkmənistan münasibətlərində mövcud siyasi etimadı enerji, nəqliyyat, logistika, investisiya və ticarət sahələrində konkret əməkdaşlıq imkanları ilə daha da zənginləşdirmək, eyni zamanda Xəzərin iki sahili arasında formalaşan iqtisadi bağlantıları gücləndirmək perspektivindədir”.