Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert

  • Bunun ABŞ üçün də müəyyən strateji əhəmiyyət daşıdığı bəllidir

“ABŞ F-35 qırıcı təyyarələrinin Türkiyəyə çatdırılması uzun illər çəkə bilər”. Bunu ABŞ dövlət katibi Marko Rubio Yunanıstan mediasına deyib. Dövlət katibinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qırıcılar vermək istəyini bildirib:

“Əlbəttə, təyyarələrin çatdırılması uzun illər çəkəcək, amma onlardan ikisinin pulu artıq ödənilib”. Rubio əlavə edib ki, F-35-lərin tədarükü ABŞ qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən asılıdır: “Hər şey S-400 sistemindən asılıdır. Buna görə də, bu məsələ hazırda həll olunmayıb və hüquqi cəhətdən həll olunana qədər bu təyyarələri təhvil verə bilmərik”. O qeyd edib ki, müvafiq tələblər artıq Türkiyə tərəfinə çatdırılıb və Ankarada həll yolu axtarılır. Türkiyə 2019-cu ildə Rusiyadan S-400 raket sistemləri alıb, ABŞ bundan sonra Ankaranı F-35 proqramından çıxarıb. Vaşinqton 2020-ci ildə Türkiyənin Müdafiə Sənayesi Qurumuna qarşı sanksiyalar tətbiq edib. ABŞ sifariş edilmiş qırıcıların təhvil verilməsi və F-35 proqramına qaytarılması üçün Türkiyədən S-400-lərdən imtina etməsini tələb edir.

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında bildirib ki, hazırda ABŞ-Türkiyə münasibətlərində müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, bu amil F-35 məsələsinin həlli üçün də müəyyən imkanlar yaradır:

“Trampın Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi münasibət bəslədiyi məlumdur. Digər tərəfdən, Türkiyənin S-400 komplekslərinin ərəb ölkələrindən birinə verilməsi ilə bağlı daha əvvəl də müxtəlif müzakirələr aparılıb. Hesab edirəm ki, Türkiyə artıq yerli hava hücumundan müdafiə sistemlərini və onlar üçün zenit raketlərini öz müəssisələrində istehsal edir. Bu baxımdan F-35 məsələsində irəliləyiş üçün imkanların olduğunu düşünürəm. Türkiyə Rusiya ilə razılaşdırılmış şəkildə S-400 komplekslərini üçüncü ölkəyə sata və bununla da F-35 proqramına qayıdış qarşısındakı əsas maneələrdən birini aradan qaldıra bilər”.

Ekspert Türkiyənin F-35 proqramına qayıtmasının mümkün olduğunu və bunun ABŞ üçün də müəyyən strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“Türkiyə F-35 proqramından çıxarıldıqdan sonra müdafiə sənayesində mühüm nəticələr əldə edib. Beşinci nəsil qırıcı, qitələrarası ballistik raket və qabaqcıl pilotsuz uçuş aparatları istiqamətində ciddi imkanlar formalaşdırıb. Bu səviyyədə texnoloji potensiala malik Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi ABŞ üçün də əhəmiyyətli ola bilər. Bu səbəbdən F-35 məsələsinin həlli hər iki tərəfin maraqlarına uyğun görünür”.

Şəymən