Bir az axtarsaq, kənd təsərrüfatı məhsullarını daha münasib qiymətə tapmaq mümkündür
Yaz mövsümü ilə əlaqədar əhalinin aqrar məhsullara tələbatı artıb. Ancaq bazarlarda qiymətlər baha olduğundan sağlamlığımız, immunitetin güclü olması üçün istifadə etməli olduğumuz meyvə-tərəvəz almaq imkanlarımız məhduddur.
İqtisadçı-ekspert Fuad İbrahimlinin "Şərq”ə açıqlamasına görə, hər bir mövsümi məhsul bazara yeni daxil olduqda satıcılar ondan maksimal şəkildə istifadə etməyə çalışırlar.
Bu artıq bir ənənəyə çevrilib. Həmin məhsulun satışı kütləviləşəndə isə artıq bazarda rəqabət mühiti formalaşır və yavaş-yavaş qiymətlər aşağı düşür. Təbii ki, bu, böyük inkişaf etmiş ölkələrə aid deyil. Amerika kimi ölkələrdə ilin istənilən fəslində, istənilən ayında çiyələk tapmaq mümkündür.
İqtisadçının sözlərinə görə, qiymət siyasəti satıcıların özündən də asılıdır. Reklam üçün demirəm, şəxsi müşahidəmdir: "Bravo” marketlərində kənd təsərrüfatı məhsullarının qiyməti yarmarkalardan belə ucuzdur. Hansısa məhsulun baha qiymətə olmasının bir səbəbi də vətəndaşlarımızın tənbəlliyidir. Bizim alıcılar daimi axtarışda olmağı sevmirlər. Ucuz oldu, ya baha, fərqi yoxdur. Yaşadıqları məkana hansı market yaxındırsa, evlərinə bazarlığı oradan edirlər. Halbuki, 100 metr o tərəfdə həmin məhsulları daha ucuz qiymətə təklif edən piştaxtalar mövcuddur.
Apardığımız təhqiqatlara əsasən onu deyim ki, kənd təsərrüfatı məhsullarını ötən ilə nisbətən bu il daha ucuz qiymətə tapmaq olur. Dünən təsadüfən yolumun üstünə çıxdı, kənd yumurtasını 0,12 qəpikdən aldım. Sonra öyrəndim ki, ora topdansatış mərkəzdir. Digər satıcılar oradan aldıqları yumurtanı 0,20-0,25 qəpikdən satırlar. Bazar iqtisadiyyatında satıcılara nəyisə diktə eləmək olur.
Dövlətin bu işə müdaxiləsi yolverilməzdir. Yaxşı olar ki, alıcılarımız özləri daima axtarışda olub, kənd təsərrüfatı məhsullarının ucuz qiymətə satıldığı obyektləri tapsınlar. Azad bazar iqtisadiyyatında aidiyyəti qurumların vahid qiymət tənzimləmək səlahiyyəti olmadığı üçün bizim işimiz satıcıların insafına qalıb”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, kənd təsərrüfatı məhsullarının ixracına daha çox önəm verilir, istehsalçılar ixracata yönəldilir.
O diqqətə çatdırıb ki, bu sahədə istehsal olunan məhsullar ətraf ölkələrə, ən böyük satış bazarımız olan Rusiyaya satılır: "Kənd təsərrüfatının ixracatının stimullaşdırılması proqramları da fəaliyyət göstərir. Bununla paralel olaraq, daxili istehsalda ciddi artım müşahidə olunmur. Nəticədə daxili bazarın tələbatını ödəmək və məhsul ixrac etmək çətinləşir. Daxili bazara az həcmdə məhsul çıxarılır. Nəticədə qiymətlərdə ya bahalaşma olur, ya da yüksək qiymətlər sabit saxlanılır”.
N.Cəfərli bahalaşmanın digər səbəbi kimi son aylarda qeyri-sabit keçən hava şəraitini göstərib:
"Havanın sərin keçməsi meyvə və tərəvəzin istehsalına bir qədər mənfi təsir göstərdi. Lakin bu aydan etibarən bazarlarda cüzi də olsa, ucuzlaşma görəcəyik. Əsasən isə iyun ayında kənd təsərrüfatı məhsullarının qiymətində ciddi ucuzlaşma olacaq. Bütün bunlara rəğmən, istehsal daxili bazarın təmin olunmasına kifayət etməyəcəksə, əsas hədəf ixracat olacaqsa, mövsümi qiymət ucuzlaşmasını görməyə bilərik. Təbii olaraq, ixracata da önəm vermək vacibdir. Amma kənd təsərrüfatı müəssisələrinə, fermerlərə göstərilən təşviqatın əsas məqsədi odur ki, məhsuldarlıq artsın, həm xarici bazara çıxarılacaq, həm daxildə istifadə olunacaq məhsul bol olsun”.
Şəymən