"Bu, Ermənistan daxilində yeni savaşın başlamasının göstəricisidir" - Şərh

Rusiya və Ermənistan arasındakı münasibətlər günü-gündən gərginləşir. Bu barədə Ermənistanın "Qraparak” qəzetində məlumat verilib.
Qəzet yazır ki, 8 aydır baş nazir postuna sahib olan Nikol Paşinyan hələ də rəsmi şəkildə Rusiyaya dəvət olunmayıb, KTMT-dəki problemlər sırasına isə yaxın vaxtlarda qaz da əlavə olunacaq.
"Rusiya hələ də Paşinyanı təbrik etməyib. Putinin parlament seçkilərində qələbəyə görə, təbrik etməli olmadığı bildirilsə də, 2017-ci il seçkilərində o cəmi bir gün sonra Serj Sarkisyan və Respublikaçılar Partiyasını təbrik etmişdi”, - deyə qəzetdə bildirilir.
Xatırladaq ki, Paşinyana qarşı tənqidi yazılar verildiyi üçün baş nazirin göstərişi ilə bir sıra media orqanları istintaqa cəlb olunmuşdu. Bunun özü KİV-ə bir növ təzyiq vasitəsi olsa da, erməni mediasında Paşinyana qarşı tənqidi yazılar yenə də yazılmaqdadır.
Siyasi şərhçi Anar İmanov "Sherg.az”a açıqlamasında vurğulayıb ki, baş verənlər mediaya təzyiq olmaqla yanaşı Ermənistanın daxilində yeni savaş başlamasının göstəricisidir: 
"Çünki ölkədə keçirilmiş növbədənkənar parlament seçkiləri nəticəsində ali qanunverici orqandan kənarda qalmış sabiq iqtidar partiyası olan Ermənistan respublikaçılar partiyası itirilmiş mövqelərini bərpa etməklə yanaşı yeni hakimiyyəti gözdən salma kampaniyasını aktivləşdirib. Ermənistan parlamentinin yeni tərkibində 132 millət vəkilindən 88-i Paşinyanın blokundandır. 
Bu, yaşananların bir məqamı. Digər məqam isə istintaqa cəlb olunan KİV-lərin əksəriyyətinin iki qrupa bölünməsidir. Bunlar aşkar rusiyapərəst və radikal millətçi mövqeyində duran media strukturlarıdır. Ermənistanın daxili siyasətində hər iki düşərgə - rusiyapərəstlər və radikal millətçilər Paşinyana qarşı birləşərək "düşmənin düşməni mənim dostumdur” taktikası ilə hərəkət edirlər. 
"Demokrat” imicini qorumağa çalışan Paşinyan da hələlik hüquq-mühafizə orqanları vasitəsilə məsələni həll etməyə çalışır. Lakin bunun heç bir perspektivi yoxdur. Çünki daşnaklar, rusiyapərəstlər və ən başlıcası isə Robert Koçaryan və Serj Sarkisyan mübarizənin aktiv fazasına başlayıblar. Və bu mübarizə nəticədə Paşinyanın məğlubiyyətinə gətirib çıxaracaq”.
Yeganə Bayramova