Bu küçəyə Rövşən Lənkəranskinin adının verilməsi təklifinə deputatdan REAKSİYA





"Qaçaq Nəbi və Rövşən Lənkəranski arasında müqayisə aparmaq doğru deyil. Hərənin özünə görə, kimliyi, şəxsiyyəti var”.

Bunu "Sherg.az”a AXCP sədrinin müavini Tural İrfanın Qaçaq Nəbi küçəsinin adının dəyişdirilib, Rövşən Lənkəranski küçəsi adlandırılması təklifinə münasibət bildirərkən millət vəkili Fazil Mustafa deyib. 

Deputatın fikrincə, Qaçaq Nəbi Azərbaycan cəmiyyətinin yaddaşında Sovet dövrünün şişirdilmiş qəhrəman obrazlarından biridir:

"Ona görə, bu adın hansısa simvol, küçə adı ilə bağlanması yanlışdır. Amma nə edək ki, bu gün ölkəmizdə məhz dövlətin əleyhinə olan qüvvələrin adları daha çox əbədiləşdirilir. Azərbaycan dövlətinə bağlı, onun qurulmasında rolu olan şəxslərin adları isə daha az çəkilir. Bu, yanlış ənənəni dəyişməliyik. Əbədiləşdirilən adın əvəzinə, başqasının irəli sürülməsi məntiqi cəhətdən doğru deyil".

Hansısa yeni, adsız küçəyə Rövşən Lənkəranskinin adının verilməsinə gəlincə, F.Mustafa düşünür ki, bu, birmənalı qarşılanmayacaq:

"Əslində yaxşı hal deyil. Çünki küçə adları, Azərbaycanın faydası üçün çalışan şəxslərin, dövlət, cəmiyyət üçün yaxşı iş qoyan insanların fəaliyyəti ilə bağlı olmalıdır. Ona görə, bu məsələdə daha ciddi yanaşmaya ehtiyac var”.

Qeyd edək ki, Tural İrfan təklifində bunları deyib:

"Hazırda yaşadığım küçənin adı Süleyman Rüstəmdir, qonşu küçə Səməd Vurğundur, digəri də Qaçaq Nəbidir. Qaçaq Nəbinin yerinə elə mərhum Rövşən Lənkəranskinin adını vermək olardı. Məgər Lənkəranskinin nəyi Qaçaq Nəbidən əskikdir? Bu da xalqın tərəfində, kasıbların yanında olub, xeyirxahlıq rəmzinə çevrilib. Qəribə məntiq doğur deyilmi? Mən demirəm ki, Qaçaq Nəbini atmaq lazımdır. Xeyr. O da xalqın oğludur. Ancaq bunlar hamısı sovetlərin ilahiləşdirdiyi, ön plana çıxardığı insanlardır. İndiki dövrdə yaşasaydı, Nəbi kimə qarşı vuruşacaqdı?”

Aysel Aslan