“Bu mesajı 25 nəfərə göndərməsən, səni bəla gözləyir” - İnanmayın !

Seyid Camal Əzimbəyli: "Quran ayələrini oxusalar, həqiqətin nə olduğunu, islamın gətirdiyi qaydaların nədən ibarət olduğunu bilsələr, bu cür xurafata dayanan mesajlara inanmazlar"
"Nə qədər maarifləndirmə işi aparsaq da, cahillik dönəminə qayıtdığımızın fərqindəyik”.
Bunu "Sherg.az”a "Whatsapp” vasitəsilə yayılan dini mesajların, "bu mesajı 25 nəfərə göndərməsən, səni bəla gözləyir” və yaxud "göndərsən sevinəcəksən” tipli mətnlərin dini əsasına münasibət bildirərkən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli deyib. 
O bildirib ki, belə durumların artmasına görə, millətimiz adına çox təəssüflənir:
"Bu, artıq cəhalətin, xurafatın və mövhumatın sübutudur. Elmi-texniki tərəqqi dövründə insanların qlobal dünyaya inteqrasiya olunması zamanında insanlar Quranı oxumaq əvəzinə oradan - burdan əldə etdikləri informasiyalara inanırlar. Quranın ayələrini oxusalar, həqiqətin nə olduğunu, islamın gətirdiyi qaydaların nədən ibarət olduğunu bilsələr, bu cür xurafata dayanan mesajlara inanmazlar. 
Birmənalı olaraq, dinin gətirdiyi qaydalara dayanaraq, heç bir halda belə mesajların dini dayanıqlığı olmadığını diqqətə çatdırmaq istərdim. Nəyəsə söykənərək fikir söyləmək absurddur. Belə mesajların yayılması insanların dini duyğularını istismar etməyə yönəlmiş çağırışlardır. Bunu yayanlar özləri də İslama ən böyük zərbəni vuran dönüklərdir. Çünki onlar insanların dini duyğularını istismar edərək, həqiqi mərhəmət, şəfqət dinini qaralamağa çalışırlar”.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli belə mesajları xurafat, mövhumat və ümumiyyətlə, dinə qarşı, insanların inancına qarşı yönəlmiş addım adlandırıb. O diqqətə çatdırıb ki, din ağıla və məntiqə söykənir.
Aysel Aslan