"Bu paradda düşmənə layiqli mesajlar ötürüldü" - Millət vəkili





"Millətimizin bağrından çıxan ordumuzun dünyanın 50 ən güclü ordusundan biri olması ilə hamımız fəxr edirik".

Bu barədə "Sherg.az”a ölkə başçısı İlham Əliyevin Azərbaycan ordusunun 100 İllik yubileyi münasibətilə baş tutan möhtəşəm hərbi paradda çıxışı zamanı toxunduğu çoxvektorlu məsələlərə münasibət bildirərkən millət vəkili Musa Qasımlı söyləyib. 

Deputatın sözlərinə görə, əsgər və zabitlərimiz istənilən tapşırığı ən az itki və böyük məharətlə yerinə yetirməyə hazırdır:

"Son illərin təcrübəsi – aprel döyüşləri, bir neçə gün əvvəl Şərurun Günnüt kəndinin işğaldan azad olunması göstərdi ki, ordumuz düşmənin başını əzməyə qadirdir. Ölkə başçısı, prezident İlham Əliyevin də diqqətə çatdırdığı kimi düşmən Azərbaycan Silahlı Qüvvələrinin qarşısında qətiyyən tab gətirə bilməz. Ötən gün keçirilən möhtəşəm yüzillik paradında isə Azərbaycan ordusunun güclü hərbi potensialı, müasir texniki hərbi avadanlıqlar, silahlarla təchiz olunması bir daha nümayiş olundu. Bu paradda düşmənə layiqli mesajlar ötürüldü".

Qeyd edək ki, bu gün Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərə toxunub. Prezident vurğulayıb ki, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək:
"Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordunun müasir maddi-texniki təchizat baxımından Azərbaycan dünyanın nadir ölkələrindən biridir. Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir. Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdi. Biz elə bir güclü ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirəcəkdir. Azərbaycan xalqı əmin ola bilər ki, ordumuz istənilən vəzifəni icra etməyə hazırdır. Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək”.

Aysel Aslan