“Bu sondur, artıq bezmişəm”

17 yaşlı gənc özünü öldürmək istəyir
Təkliyə məhkum olan uşaqların aqibəti kimisə düşündürməlidir


Valideyn himayəsindən məhrum olan, internatlarda böyüyən uşaqların taleyi hər zaman keşməkeşli olub. Sanki ailələrin sahib çıxmadığı bu uşaqlara dövlət, cəmiyyət də sahib çıxmaqda tərəddüd edir. Bu isə nəticə etibarı ilə həmin uşaqların həyat şərtlərini çətinləşdirib. Onlar həyatın ən gözəl çağlarını, uşaqlıq illərini yaşamadan böyüyüblər. Sadəcə valideyn himayəsindən yox, sevgi dolu ailə mühitindən də məhrum olublar. Təbii ki, burada söhbət taleyin hökmü ilə həyatın kənarında qalan, nəinki ailəsi, həm də uğurlu gələcəyə ümidləri, planları olmayanlardan gedir.

Təəssüf ki, məsələ sadəcə mənəvi qayğılarla da bitmir. Yaşadıqları uşaq evlərini - öz seçimləri olmayan müvəqqəti sığınacaqlarını tərk edəndən sonra isə ailə qayğısından məhrum olan uşaqlar məişət problemləri, maddi çətinliklərlə də üzləşməli olurlar. Yəni ki, ailə dəstəyindən məhrum olan uşaqlar eyni zamanda həm maddi, həm də mənəvi yük altında əzilirlər. Həm də heç bir günahları olmadığı halda. Görəsən, bu uşaqların ailələri onlarla birlikdə öz vicdanlarını, insaflarını, insani duyğularını da atdıqlarının fərqinə varırlarmı?! Məncə, yox. Ən azından düşünsələr, övladlarına sahib çıxar, can rahatlıqları üçün onlara arxa çevirməzdilər. Yəqin ki, övladından imtina edən ata-analar məsuliyyətsizlikləri ilə övladlarında ciddi bir travma yaratdıqlarının da fərqində deyillər. Axı uşaqların özünəinamı aşağı səviyyədə olduğundan həyatda mövqe tutmalarında müəyyən çətinliklər və uğursuzluqlar yaşanır. Mütəxəssislərin də dediyi kimi, uşağa kənar yerdə göstərilən münasibət nə isti ana qucağını, nə də ata qayğısını əvəz edə bilməz. Özünü dərk edən hər bir şəxs həyatı ilə bağlı məsuliyyət daşımalıdır ki, onların cəzasını uşaqlar çəkməsin. Bu cür hallar atılmış uşaqların gələcəyinə, sosial fəaliyyətlərinə mənfi təsir göstərir. Atılmış uşaqlar ömür boyu bu psixoloji zədədən yaxa qurtara bilmirlər. Daima özlərini zəif, özgüvənsiz, cəmiyyətdən təcrid olunmuş hiss edir, atalı-analı uşaqlara həsəd hissi ilə yanaşırlar. Bu da onların qeyri-adekvat davranışına, pis vərdişlərə yiyələnmələrinə, özünə qəsd etməsinə, intihar planları qurmasına gətirib çıxarır.

Eynilə erkən yaşda həyatın "şillə”sinə tuş gələn Ramil kimi... Ramil Sultanov 2000-ci ildə Sumqayıtda doğulub. 4 yaşına qədər normal həyatı olan körpə hardan bilsin ki, görəcək günləri qabaqdaymış.

Ramil 4 yaşında olanda atası ilə anası boşanıblar. Məhkəmə onu anasına verib. Ramil 1 il anası ilə qalıb. Amma sonradan anası ikinci dəfə ailə həyatı quranda onu istəməyib. Balaca Ramili də ana babasının himayəsində qoyub, evlənib. Babası da uşağa baxmaqdan boyun qaçıraraq Ramili atasının yanına göndərib: "Atam da həmin vaxt üçüncü ailə həyatını qurmuşdu. Atamın da yoldaşı məni istəmədi. Mənə görə tez-tez aralarında narazılıq yaranırdı. Ailəsi "ya biz, ya da o” deyə atama təzyiq göstərir, məndən imtina etməsini istəyirdilər. Artıq böyümüşdüm və ziddiyyətlərə səbəb olmaq istəmirdim. Bir müddət gedib, atamın əmisigildə qaldım. İş tapdım ki, onlara yük olmayım. Sonradan gördüm ki, özümü orada artıq yük kimi hiss edirəm. İşləyə-işləyə ATV-yə Zaur Baxşəliyevin verilişinə çıxdım”. Ramil efirdə olanda məktub gəlib ki, biz bu uşağa kömək etmək istəyirik. Yemək, içmək, geyim və ən əsası təhsillə təmin ediləcək: "Elə oldu ki, mən onlarla gedəsi oldum. Həmin adam məni "İrfan” kurslarına yazdırdı. Orada bizi hər şeylə təmin edirdilər. Yemək, içmək, hətta yatmaq üçün yer də verirdilər. 1 il 8 ay "İrfan”da oxudum. "Quran” oxumağı, namaz qılmağı və digər dini ibadətlərin hamısını qısa zamanda
öyrəndim. Onu da deyim ki, "İrfan”da bizə dini dərslərlə yanaşı, dünyəvi elmləri də öyrədirdilər. Mən də əlimdən gəldiyi qədər çox oxuyur, bütün deyilənləri yadımda saxlamağa çalışırdım, çünki polis olmaq istəyirdim. Uşaqlıqdan polisliyə həvəsim vardı deyə, bu kursu özüm üçün bir şans hesab edirdim. Düşünürdüm ki, dərslərimi yaxşı-yaxşı oxusam, imtahanlardan asanlıqla keçib akademiyaya qəbul oluna bilərəm”.

Amma həyat heç də Ramilin istədiyi axarla getməyib. O, polis olmaq xəyalları qursa da, onu himayəyə götürən adamların məqsədi tamam fərqli olub. Sən demə, onlar Ramili polis yox, "mücahid” olmaq üçün yetişdirirmiş. Təbii ki, Ramilin uşaq ağlı bunları kəsmir və kursda döyülməsinə, təhqir olunmasına rəğmən oranı arzularına gedən yolun başlanğıcı hesab edirmiş. Ta ki, MTN əməkdaşları "İrfan” kursuna basqın edənə qədər: "Kursun rəhbərliyi həbs olunandan sonra MTN əməkdaşları məni "Ümid yeri” uşaq sığınacağına verdilər. Bir müddət orda qaldıqdan sonra oranı da tərk elədim. Daha doğrusu, atamı çağırıb məni ona verdilər. Gəldiyim gündən evdə söz-söhbətlər başladı. Atam mənə qadağalar qoymağa, təzyiq göstərməyə başladı ki, saqqal saxla, şalvarın ayağını kəs, qısa elə və s. Mənsə, bunları etmək istəmirdim deyə, evi tərk eləyib Bakıya gəldim. Tanışlarla əlaqə saxladım, iş tapdım. Ayda 60 manata razılaşıb, Sabunçuda kirayə ev tutub təkcə yaşamağa başladım. Pulumu alanda özümə pal-paltar və mobil telefon aldım. Amma sonradan işimi itirdim. Ev kirayəsini ödəmək üçün telefonumu satmalı oldum. Bir aydan sonra ev kirayəsinin vaxtı bitir. Tək ümidim odur ki, həmin vaxta qədər iş tapım. Yoxsa, məni evdən çıxaracaqlar. Və sözün düzü, hara gedəcəyimi bilmirəm. Hesab edirəm ki, bu sondu. Hər şeydən bezmişəm, özümü öldürmək istəyirəm. 2 metrə ip, ya da ki 5-6 tabletka, 2 saniyə xorultu və hər şeyə son... Budur, ölüm.

Düzdür, "Ümid yeri”nə qayıtsam, Nigar xanım ("Ümid Yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimli) mənə qalmağa yer verər. Amma ora getmək istəmirəm. Nigar xanım özü çox xeyirxah biri olsa da, ətrafındakı insanlar yaxşı deyil. Ona görə qayıtmaq istəmirəm. Mən kiminsə evində qalmaq, kiməsə yük olmaq istəmirəm. Uşaq deyiləm ki, 17 yaşım var. Bu günə qədər "moyka”da, restoranlarda işləmişəm. Yəni əlimdən hər iş gəlir, pislikdən başqa...”. Bakıya gəlməzdən əvvəl anasına pənah aparan Ramilin qapılar üzünə örtülüb. Ona görə ailəsinə ziddiyyət salmaq istəməyən ana doğmaca övladından imtina edib.

"Ümid Yeri” uşaq sığınacağındakı uşaqlarla daimi ünsiyyətdə olduğunu vurğulayan psixoloq-konsultant Arzu Müzəffərova Ramili intihar fikrindən daşındırmaq üçün əlindən gələni etdiyini deyib. Təkliyə məhkum olan uşaqların çox olduğunu deyən psixoloq hesab edir ki, ən azından beşindən birini də olsa tapıb, üzə çıxarmalı, onların problemlərinin həllinə çalışmalıyıq ki, tutunacaq bir yerləri olsun: "Mən bacardığım qədər "Ümid Yeri”nin uşaqları ilə ünsiyyətdə oluram. İntihar düşüncəli uşaqlara dəstək mütləqdir. Maddi imkanlarımız olmasa da, mənəvi dəstəyimizi onlardan əsirgəməməliyik. Onlar üçün həyat şərtləri çox ağırdır. Onlarla danışanda gözlərinin içinə baxmaq belə olmur. İnandırım sizi, mən valideyn himayəsindən məhrum olan uşaqlarla söhbət apardıqdan bir müddət sonra da onların həyat hekayələrinin təsiri altına düşürəm. Ailəsi tərəfindən atılan insanlar güvənsiz böyüyürlər. Onlar üçün yaşamla ölüm arasında heç bir fərq qalmır. Ramillə söhbət əsnasında məni ən çox təsirləndirən onun intiharla bağlı düşüncələri oldu. 17 yaşında bir uşaq ölümü adi bir hal kimi təsvir edir. Televiziyalar, qəzet və saytlar bayağı şou proqramlardansa, bu cür ümidsiz uşaqlara ümid olmağa çalışsa, daha yaxşı olar”.

Şəymən