Bu TOYU tarixçi deputat da ALQIŞLADI: "Bəy və gəlin hərbi qiyafədə..." - VİDEO

Fəzail İbrahimli: "Gənc ailənin də toyunda hərbi geyimdən istifadə etməsi vətənpərvərlik ruhuna tuşlanıb"


Azərbaycanda daha bir maraqlı toy mərasimi baş tutub. Belə ki, Silahlı Qüvvələrin zabiti olan bəy və onun xanımı toylarında ənənəni pozaraq hərbi qiyafə geyiniblər və bu hal sosial şəbəkələrdə maraqla qarşılanıb. Və əksəriyyət müharibə şəraitində yaşadığımızı xatırladaraq bu təşəbbüsü vətənpərvərlik nümunəsi kimi dəyərləndirib.

Elə tarixçi alim, millət vəkili Fəzail İbrahimli də məlum addımın sevindirici hal olduğunu deyib.

O, "Sherg.az"-a açıqlamasında bildirib ki, müharibə şəraitində olan, torpaqlarının 20 faizini itirmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünləri olan xalqın hər anında torpaq, vətən sevgisi üzdə olmalıdır:

"El məclislərində, şad gündə, bəd gündə vətənin bu vəziyyəti unudulmamalıdır. Hesab edirəm ki, mətbuatda, vətənpərvərlik mövzusu başlıca yer almalıdır. Çünki biz hər an avantüraya sövq edilib, müharibəyə başlaya bilərik. Aprel döyüşləri də buna tarixi dərsdir.

Dövlətin hərbi cəhətdən qüdrəti var. Üzeyir Hacıbəyov mart soyqırımının ildönümü ilə bağlı, 1919-cu ildə yazdığı "31 mart” adlı məqaləsində deyirdi: Vəzifəmiz qara günləri yaddan çıxarmamaqdır. Hər an, hər dəqiqə hazır olmalıyıq. Vəzifəmiz və borcumuz var. Vəzifəmiz bu məmləkəti təcavüzdən qorumaq, borcumuz isə məmləkətimizi şərəflə yaşatmaqdan ibarətdir.

Ü.Hacıbəyovun bu sözləri hətta tarixi bir vəsiyyətdir. Həmin müsibətləri biz unutmamalıyıq. Bu gün ölkəmizdə stabillik var. Azərbaycan qüdrətlidir, regionda güclü dövlətdir, lakin hər insanın içərisində vətənpərvərlik daim yaşamalıdır”.

Parlamentarinin qənaətincə, gənc ailənin də toyunda hərbi geyimdən istifadə etməsi vətənpərvərlik ruhuna tuşlanıb:

"Bəy və gəlin ən xoşbəxt anında belə özlərinin kim olduğunu ifadə edirlər. Onların insanlara verdiyi mesaj budur:

Mən hərbçiyəm, toyumda da hərbi geyimlə olacağam və bu geyimlə hər an cəbhəyə getməyə hazıram. Bəy paltarını dəyişib, kapitan paltarı geyinməyə ehtiyac yoxdur.

Xanım isə deyir ki, sən haradasansa, mən də ordayam. Evlilik münasibətində sevgi bağlılığı, tale qovuşması fonunda vətənpərvərlik ruhunun yer alması gözəl haldır”.
 





Aysel ASLAN