Büdcəyə əlavə gəlir gələcək

Yeraltı dayanacaqların özəlləşdirməyə çıxarılması sahibkarların marağına səbəb olacaq


Bakının iki iri yeraltı dayanacaq kompleksi özəlləşməyə çıxarılacaq. Söhbət Azadlıq meydanı və Füzuli küçəsində yerləşən yeraltı dayanacaq komplekslərindən gedir. Xatırladaq ki, həmin yeraltı dayanacaqlar hazırda Bakı şəhər İcra Hakimiyyətinin balansındadır.

Ekspertlərə görə, dayanacaqların özəlləşdirilməsi həmin komplekslərin daha çevik və sərfəli fəaliyyət göstərmələrinə gətirib çıxaracaq. Bununla bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, dövlət qurumları balanslarındakı strukturları özəlləşdirməklə maliyyə yükünün bir hissəsindən qurtulmuş olacaqlar. Həm də özəlləşdirmə yolu ilə büdcəyə əlavə vəsait daxil olacaq: 

"Bu, doğru yoldur. Nəzərə almaq lazımdır ki, həmin komplekslərin saxlanmasına və təmirinə xeyli vəsait sərf olunur. Dövlət qurumlarının iştirakı vacib olmayan bütün komplekslərin özəlləşdirmə prosesi davam etməlidir, qurumlar iqtisadi subyektlərdən çıxmalıdır”. İqtisadçının sözlərinə görə, yeraltı dayanacaqların özəlləşdirməyə çıxarılması sahibkarların marağına səbəb olacaq. Çünki dayanacaqlar şəhərin mərkəzində yerləşir və rentabelliyi yüksəkdir: "Düşünürəm ki, proses şəffaf keçirilərsə və kənar müdaxilələr olmazsa, özəlləşmə vasitəsi ilə büdcəyə xeyli vəsait daxil ola bilər. Özəl şirkətlərlə vətəndaş arasındakı münasibətlər tamam fərqli müstəvidə qurulur. Əgər xidmətin yaxşı olmamasından və bahalığından narazı olan varsa, həmin şəxs məhkəmə və digər inzibati üsullarla problemi mübahisələndirə bilər. Əvvəllər isə qarşı tərəf dövlət qurumu olduğundan məhkəmələrdə belə mübahisələrə baxılması mümkün olmurdu. Ona görə də özəl strukturlar vətəndaşa daha yaxşı xidmət təklif etməyə məcbur olacaq”.

İsmayıl