Vəziyyəti nəzərə alıb, ATƏT atəşkəs rejimini daha ciddi nəzarətə götürmək istəyir
Elmar Məmmədyarov status-kvonun dəyişməsini istəməyən qüvvələr deyəndə elə mövcud vəziyyəti, həmsədr dövlətlərin qeyri-konstruktiv mövqeyini nəzərdə tutub
Ötən gün Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə növbəti görüşü baş tutdu. Görüşlə bağlı açıqlamalarda masa üzərindəki həll variantları üzrə müzakirələrin aparıldığı və yanvar ayında növbəti görüşlə bağlı razılıq əldə olunduğu vurğulandı.
Xarici işlər naziri Elmar Məmmədyarov bəyan etdi ki, substantiv, nəticəyönlü danışıqların canlanması nikbinlik üçün səbəbdir. Lakin nazirin sözlərinə görə, regiondakı bəzi qüvvələrin qəbulolunmaz və qeyri-davamlı status-kvo vəziyyətinin dəyişdirilməsinə yönəlmiş zəruri siyasi addımlar atmaqda maraqlı olmaması ciddi narahatlıq doğurur: "Rəsmi İrəvan Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki mənzərəsinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni addımlarını davam etdirir. Ermənistan işğal olunmuş ərazilərə ehtiyacların öyrənilməsi məqsədilə missiyaların göndərilməsinə dair təkliflərimizi rədd edir. Həmçinin, ermənilərin təmas xəttindəki təlimləri də sülh prosesinə zərbədir”. Ekspertlər xarici işlər nazirinin "regionda bəzi qüvvələr status-kvonun dəyişdirilməsində maraqlı deyil” ifadəsinə xüsusi diqqət yetiriblər. Bır sıra siyasi şərhçilərin analizinə görə, konkret ad çəkilməsə də, həmin qüvvələr Rusiya və İran ola bilər.
Məsələ ilə bağlı "Şərq”ə danışan tanınmış politoloq Nəzakət Məmmədova ilk növbədə bir sıra mühüm məqamlara diqqət çəkib. Onun sözlərinə görə, son günlər Minsk Qrupunun fəallaşması müşahidə olunmaqdadır:
"Həmsədr ölkələrin məlum bəyanatından əlavə, Kasprşik də monitorinq qrupunun genişlənəcəyini bildirib. Bu da onunla əlaqədardır ki, ATƏT atəşkəs rejimini daha ciddi nəzarətə götürməyi planlaşdırır. Bunun bir neçə səbəbləri var. Əsas səbəblərdən biri Ermənistanda qarşıdan gələn prezident seçkiləridir. ATƏT-də təbii ki, atəşkəs rejiminin bir qayda olaraq Ermənistan tərəfindən pozulması faktları mövcuddur və seçkilər ərəfəsində bu cəhdlərin daha da intensivləşəcəyi gözlənilir. Çünki Sarkisyan rejimi hər zaman olduğu kimi daxili problemlərdən diqqəti yayındırmaq və diasporanın dəstəyini qazanmaq üçün Qarabağ məsələsindən istifadə edir. Bundan başqa, 2018-ci ildə Rusiyada da prezident seçkiləri olacaq. Ermənistan bundan istifadə edib cəbhə bölgəsində təxribatları genişləndirə bilər. ATƏT-i ilk olaraq narahat edən də məhz bu məsələdir. Çünki təşkilat Qarabağ məsələsinin seçkilərdə alət kimi istifadə olunmasına qarşıdır və bu barədə dəfələrlə xəbərdarlıq edib”.
Siyasi şərhçi son zamanlar Qarabağ məsələsi ilə əlaqədər bir neçə mühüm sənədlərin qəbul olunduğunu xatırladıb:
"Bu, həm Avropa Birliyinin "Şərq tərəfdaşlığı” sammitinin yekun bəyanatı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minskdə qəbul etdiyi sənədlərdir. Avropa Birliyinin bəyanatında münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli əks olunursa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəyanatında həm ərazi bütövlüyü, həm öz müqəddəratını təyinetmə prinsipləri öz əksini tapıb. KTMT-nin qəbul etdiyi sənəddə ATƏT-in Helsinki Yekun Aktına istinad edilməsi məqsədəuyğun sayılır. Minsk Qrupu həmsədrlərinin Vyanada qəbul etdiyi son sənəd də KTMT-nin bəyannaməsi ilə eyni mövqeyi əks etdirir. Hamıya məlumdur ki, Minsk Qrupunda əsas söz sahibi ölkə Rusiyadır. Moskvanın mövqeyi hər iki Təşkilatın sənədlərində əks olunub. Fransa və ABŞ Rusiyaya qarşı kəskin bir mövqe ortaya qoymur. Görünür, xarici işlər naziri Elmar Məmmədyarov status-kvonun dəyişməsini istəməyən qüvvələr deyəndə elə mövcud vəziyyəti, həmsədr dövlətlərin qeyri-konstruktiv mövqeyini nəzərdə tutub”.
İsmayıl