"Əgər günü sabah Azərbaycanda da milli geyim məcburiyyəti elan olunsa, əhali bunu birmənalı qarşılamayacaq"
Tacikistan Prezidenti Emoməli Rəhmon ənənə və ayinlərin təkmilləşdirilməsi haqqında qanuna düzəlişi təsdiq edib. Həmin düzəlişlərə əsasən ölkə vətəndaşlarının milli geyim geyməsi məcburi olacaq.
Qanuna əsasən fiziki və hüquqi şəxslər milli mədəniyyətin rəmzlərinə riayət etməlidirlər - dövlət dilini bilməli, milli geyim geyinməlidirlər. Qanunun pozulması halında cəzalar nəzərdə tutulub.
Qeyd edək ki, hər bir millətin öz milli mentaliteti var. Bu onun qədim və milli dəyərlərinin qorunub saxlanılmasında mühüm rol oynayır. Azərbaycan xalqının da bir sıra milli dəyərləri var ki, məhz onlar xalqımızın adət-ənənələrini özündə ehtiva etdirir. Bu tip milli dəyərlərimizdən biri də Azərbaycanın milli geyimləridir. Görəsən, Tacikistanda milli geyim məcburiyyəti özünü doğrultsa, Azərbaycanda da bu təcrübədən istifadə edilə bilər?
Tacikistan Prezidentinin sözügedən qərarını yüksək dəyərləndirən sosioloq, professor Əhməd Qəşəmoğlunun fikrincə, qanunla paralel olaraq ictimai təbliğat və maarifləndirmə tədbirləri də düzgün qurulmalıdır:
"Kompleks həll yolu tapılmalıdır. Qərarın ən xoşuma gələn yanı milli ənənələrin və ayinlərin təkmilləşdirilməsinə önəm verilməsidir. Mən dəfələrlə mətbuata açıqlamamda qeyd etmişəm ki, cəmiyyətdə aşınma və deqradasiyanın qarşısını almaq üçün milli-mənəvi dəyərlərimizi ön palana keçirməliyik. Görünür, Tacikistan Prezidentini də cəmiyyətin ənənələrdən uzaqlaşması narahat edib və duyğuları onu bu cür qərar qəbul etməyə sövq edib. Bu addımın hivaba qarşı yönəlməsi də ağlabatan fikir və kifayət qədər sivil, effektli mübarizə metodudur. Emoməli Rəhmon haqlı olaraq rəhbərlik etdiyi ölkədə milli-mənəvi dəyərlərin inkişafına nail olmaq istəyir”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, bizim insanlarımızla taciklərin dünyagörüşü fərqli olduğundan bu cür qərarlar Azərbaycanda heç vaxt gözlənilən effekt verməz: "Coğrafi olaraq Avropa ilə Asiyanın kəsişdiyi bir məkanda yaşayırıq və hər zaman qərb mədəniyyətini mənimsəməyin tərəfdarı olmuşuq. Əgər günü sabah Azərbaycanda da milli geyim məcburiyyəti elan olunsa, əhali bunu birmənalı qarşılamayacaq. Qanun gərəyi hamı küçəyə milli paltarda çıxsa belə narazılıq çox olacaq. Halbuki məcburi qaydada yox, düzgün maarifləndirmə nəticəsində milli geyimə keçid elan olunsa, bəlkə də daha effektiv olar. Yəni insanlar cərimələnməkdən çəkindikləri üçün yox, sevdikləri və milli-mənəvi dəyərlərimizə sayğıları səbəbindən bu geyimlərdən istifadə etməlidir”.
Sosioloqun sözlərinə görə, heç Tacikistanda milli- mənəvi dəyərlərin bu cür sərt tədbirlərlə təkmilləşdirməsi arzuolunan nəticəni verməyəcək. Belə məsələlərdə daha təmkinli davranmaq və daha çox maarifləndirmə tədbirləri keçirməyə ehtiyac var: "Onu da deyim ki, milli geyimlərin ölkədə təbliğ edilməsi o qədər də çətin proses deyil. Cəmisi 6 ay ərzində milli geyimləri ölkədə dəbə çevirmək, bu yolla da milli ənənələri istənilən səviyyədə xalqa aşılamaq olar. Tacikistan Prezidentinin bu addımı uğurla nəticələnsə, digər ölkələr də eyni təcrübədən yararlana bilərlər, amma bu cür sərt qanunlarla milli geyimə çağırış orada ciddi problemlər yaradacaq”.
Şəymən