Cənubi Qafqazda bütün mümkün təhlükələrin qarşısı alınacaq





Dünən Bakıda Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Baş Qərargah rəisi Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin rəhbəri Vladimer Çaçibaia ilə görüş keçirib. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Müdafiə naziri Zakir Həsənov deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir. 

Nazir bildirib ki, artıq üçüncü dəfədir ki, bu toplantı keçirilir: "Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olmasına, 3 dost qonşu dövlətin həyata keçirdiyi strateji iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsinə töhfə verməkdir. Görüşdə üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. 

Hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırıldı. Hazırda üçtərəfli komanda qərargah təlimləri Türkiyə ərazisində keçirilir, bu ildən etibarən təlimlərdə hərbi gücdən istifadə olunur”. Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimer Çaçibaia bildirib ki, regionda təhdidlərin artması müşahidə olunur. Onun sözlərinə görə, üç ölkə səylərini birləşdirərək bu problemləri aradan qaldırmağa nail ola bilər: "Azərbaycan və Türkiyə hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib. Böhran vəziyyətində yanımızda olublar. Bizim üçtərəfli əməkdaşlığımız çox vacibdir. Bu əməkdaşlıq regionda sabitliyin qorunmasını özündə ehtiva edir”. Çaçibaia əlavə edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan orduları aktiv şəkildə birgə təlimlər keçirəcək: "Təlimlər hərbi qulluqçularımız arasında təcrübə mübadiləsi yönündə xüsusi əhəmiyyətə malikdir”. Tərəflər üçtərəfli görüşün yekunlarına dair birgə protokol imzalayıblar.

Generalların Bakıda bir araya gəlməsini "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, NATO üzvü Türkiyə Azərbaycanın təbii, Gürcüstanın isə strateji müttəfiqidir: 

"Türkiyə, Azərbaycan və Gürcüstan arasında siyasi-iqtisadi-hərbi müttəfiqliyi yüksək qiymətləndirirəm. Azərbaycanın öz qonşuları - Türkiyə və strateji tərəfdaşı Gürcüstanla hərbi cəhətdən yaxınlaşması olduqca müsbət haldır. Azərbaycan və Gürcüstan üçün bu cür görüşlərin əhəmiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazda təhlükələrin maksimum dərəcədə qarşısı alınsın. 30 ilə yaxındır Azərbaycan və Gürcüstan əraziləri işğal altındadır. Ona görə də həm Azərbaycan, həm də Gürcüstan regionda Türkiyənin hərbi mövcudluğunda maraqlıdır. Bununla yanaşı, Gürcüstan Amerikanın da bölgədə güclənməsini istəyir”. Analitik bildirib ki, regionda bu cür görüşlər tez-tez olur: "Artıq Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı, üçtərəfli görüşlər heç kəsi təəccübləndirmir. Onsuz da Azərbaycan geostrateji mövqeyinə və təbii sərvətlərinə görə regionda önəmli ölkədir”.

İsmayıl