Ceyhun Nəbinin AXC-nin 100 illiyinə həsr olunan “Sovetlərlə üz-üzə” kitabı işıq üzü görüb




Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin rəhbəri, tədqiqatçı Ceyhun Nəbinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Sovetlərlə üz-üzə” kitabı işıq üzü görüb.

"Sherg.az” xəbər verir ki, sözügedən kitabda Azərbaycan siyasi mühacirlərinin həyatından, Azərbaycan Cümhuriyyətinin liderlərindən olan Nəsib bəy Yusifbəylinin qətlindən, Valiyə Kazımbəylinin terror qəzasında həlak olmasından bəhs olunur. 

Müəllifin sözlərinə görə, "Sovetlərlə üz-üzə” kitabı Cümhuriyyət qurucularının varisləri tərəfindən çatdırılan məlumatlar, Cümhuriyyət dövrü Azərbaycan mətbuatından toplanan araşdırmalardan ibarətdir:

" "Sovetlərlə üz-üzə”də basqı, terror və siyasi mühacirətdən nümunələr toplanıb. Kitabda amansız sovet repressiyalarından, sovet basqılarından danışılır və əhəmiyyətli faktlar təqdim edilir.

Kitabın hazırlanması üçün Cümhuriyyətçi şəxsiyyətlərin varisləri dəyərli bilgilərini və arxiv fotolarını mənimlə bölüşüb. Bunun üçün Nəsib bəy Yusifbəylinin bacısı nəvəsi Rafat Cuvarlıya, Nəsib bəy Yusifbəylinin və Şəfiqə xanım Qaspıralının Ankarada yaşayan nəvələri Şahika Kürdəmir Xanıma, Çingiz Göygölün qızı Türkiz Göygöl xanıma, Hüseyinqulu xan Xoylunun nəvəsi Kərim Mehmetzadəyə və adını çəkmədiyim digər şəxslərə minnətdarlığımı ifadə edirəm”.

C. Nəbi onu da qeyd edib ki, "Sovetlərlə üz-üzə” kitabının təqdimatı may ayının 26-da baş tutacaq.

Aysel Aslan