Çiçəklənən rayonun Azad Zonası

“Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”




Paytaxt Bakının rayonlarındakı iqtisadi inkişafından danışarkən, Qaradağ rayonunun adını çəkməmək olmaz. Son illər sürətli iqtisadi inkişaf yolunu keçən bu rayonda, quruculuq, abadlıq işləri də davam etməkdədir. Rayonun icra başçısı Süleyman Mikayılovun rəhbərliyi altında inkişaf edən Qaradağda işsizlik minimuma endirilib, insanların sosial vəziyyəti yaxşılaşdırılıb. Bu işlər də təbii ki, ölkə prezidenti İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə həyata keçirən yerli icra orqanlarının, Rayon İcra Hakimiyyətinin zəhməti nəticəsində görülür.
İnkişafda olan Qaradağın bundan sonra daha da abadlaşacağına, sosial-iqtisadi vəziyyətin daha da güclənəcəyinə şübhə yoxdur. Çünki yeni yaradılan Ələt Azad Ticarət Zonası Qaradağ rayonu ərazisindədir. Bu onu deməyə əsas verir ki, Qaradağ bütün tacirlərin qovuşduğu məkan, mərkəz olacaq.

"Bir pəncərə” sistemi...

Xatırladaq ki, Azərbaycanda, Qaradağ rayonunun Ələt qəsəbəsində azad ticarət zonası yaradılıb. Bununla bağlı Milli Məclisdə "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilk oxunuşda qəbul edilib. Qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur. 

Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100 faizinin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Qanuna görə, Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Mərkəz Azad Zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və "bir pəncərə” qaydasında işləyəcək.

İqtisadiyyatımıza böyük töhfə...

İqtisadçılar, mütəxəssislər bildirirlər ki, Azad Zona Qaradağ rayonunun inkişafı ilə yanaşı, bütün respublikanın inkişafına xidmət göstərəcək. Yəni ki, iqtisadi inkişafımızda Qaradağ rayonunun xidməti böyük olacaq.
Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyir ki, zonanın yaradılması ilə bağlı qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə parlamentə daxil oldu. Bu sənəd "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Prezident Sərəncamına əsasən hazırlandı. "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini "Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 31 may 2017-ci il tarixli Prezident Sərəncamına əsasən təşkil edilmiş İşçi qrup hazırlandı. Elə İşçi qrupuna rəhbərliyi də Valeh Ələsgərovun özü edib: "Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənildi və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürüldü. Hesab edirəm ki, belə bir zonanın yaradılması, xüsusən də Qaradağda yaradılması çox mühüm addımdır. Bu, Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. "Ələt Azad İqtisadi Zonası haqqında” qanun mükəmməl olduğu üçün, mükəmməl də həyata keçiriləcəyinə əminəm”.

Dəmir yolu, magistral yolu, dəniz nəqliyyatının olduğu məkan - Qaradağ

Qaradağ rayonunu parlamentdə təmsil edən deputat Aydın Hüseynov bildirir ki, Azad Zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir: "Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir. Azad iqtisadi zonanın yaradılması Azərbaycanı böyük iqtisadi mərkəzə çevirəcək. Nəhəng iqtisadi mərkəzi yaratmaq üçün hüquqi baza ilə yanaşı, ölkənin beynəlxalq aləmdə böyük siyasi nüfuza sahib olması zəruridir. Çünki investorların təhlükəsizlik baxımından ölkəyə inamı olmalıdır. Bunun üçün ölkədə ictimai-siyasi sabitlik vacibdir. Bu kimi meyarlar ölkəmizdə tam şəkildə mövcuddur. Bu səbəbdən xarici iş adamları sərmayələrini ölkəmizə gətirməyə tərəddüd etmirlər”.

Millət vəkili vurğulayıb ki, "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi çox əhəmiyyətli idi ki, qəbul olundu: "Bundan başqa, azad iqtisadi zonanın yaradılması istiqamətində kadrların hazırlanması ilə bağlı addımlar atılır. Peşə təhsilinin təkmilləşdirilməsi müasir texnologiyalarla işləyən yüksək peşəkar kadr hazırlanmasına hesablanıb. Bu da işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Xüsusən də Qaradağ rayonunun daha da inkişafında mühüm əhəmiyyətə malikdir”.
Azad İqtisadi Zonanın məhz Ələt qəsəbəsində salınmasının səbəblərindən danışan deputat A.Hüseynov bildirib ki, Ələt qəsəbəsi coğrafi mövqe baxımından bu iqtisadi mərkəz üçün əlverişlidir: "Belə ki, burada dəmir yolu, magistral yol, eyni zamanda, dəniz nəqliyyatı mərkəzləri mövcuddur. Həmçinin Şimal-Cənub və Şərq-Qərb tranzit yolları Ələtdən keçir”. Ərazidə böyük nəqliyyat infrastrukturunun qurulduğunu bildirən A.Hüseynov yaxın gələcəkdə burada hava limanının inşasının da nəzərdə tutulduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda azad iqtisadi zonanın yaradılması zamanı Çin, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Avropa təcrübəsindən istifadə olunur.
Millət vəkili əminliklə deyir ki, Azərbaycanın iqtisadi inkişafı ölkəmizi regionun əsas güc mərkəzinə çevirib: "Bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir iqtisadi layihə həyata keçirilmir. Region üçün mühüm əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan, Bakı Tbilisi Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr reallaşdırılıb. TANAP, TAP layihələrinin həyata keçməsi üçün işlər davam etdirilir. Bundan başqa, Azərbaycan artıq kosmik ölkələr sırasına qoşulub. Regionda ölkəmizin iştirakı ilə ən müasir kommunikasiya və texnologiyalar istifadəyə verilib. Azad iqtisadi zonaların sahibkarlığın inkişafına təkan vermək üçün əsas amillərindən biridir ki, bu zonaların təşkili əlavə iş yerlərinin yaradılması imkanlarını da artıracaq. Bu da istər Qaradağ rayonunda, istərsə də bölgələrdə yaşayan əhalinin məşğulluq səviyyəsinin artırılmasını təmin edəcək”.

A.Hüseynov, həmçinin onu da diqqətə çatdırıb ki, gələcəkdə ölkənin bir çox yerlərində azad iqtisadi zona yaradıla bilər: "Bildiyiniz kimi, dünyada 1000-dən çox iqtisadi zona var. Bu iqtisadi zonalarda dünya ticarətinin təxminən 25-30 faizi həyata keçirilir. Ona görə də bizim üçün bu çox vacibdir. Dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycandakı mövcud şərait, beynəlxalq səviyyədə dəstəklənən iqtisadi islahatlar imkan yaradır ki, belə təcrübələr ölkəmizdə də tətbiq olunsun. Hazırda ən realı, gündəmdə olanı Ələt Azad İqtisadi Zonasıdır ki, bu da artıq reallaşmaq üzrədir. Bu zonaların yaradılması ölkə iqtisadiyyatı üçün çox böyük mənfəət gətirən mənbələrdən biri olacaq”.

Yeni investisiyaların cəlb olunması yeni iş yerlərinin yaranması deməkdir

İqtisadçı-alim Vüqar Bayramov vurğulayır ki, bu iqtisadi zona daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət edir. Onun sözlərinə görə, investisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulub: "Belə bir iqtisadi zonanın yaradılmasının üstünlüyü ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq. Son dövrlər Azərbaycan ərazisində malların Avropadan və Türkiyədən Asiyaya aparılmasına olan marağın artmasını nəzərə alaraq yeni iqtisadi zonanın yaradılması Azərbaycanın imkanlarını genişləndirəcək. Yeni iqtisadi zona, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq. Qeyd edim ki, bu addım eləcə də məşğulluğun inkişafına yüksək təsir göstərəcək. Çünki yeni investisiyaların cəlb olunması yeni iş yerlərinin yaranması deməkdir. Zona həmçinin digər sektorlarda aktivliyin artmasına münbit şərait yaradacaq. İnvestisiyalar həyata keçirildikdən sonra yerli xammala ehtiyac yaranacaq. Bundan başqa, yeni iqtisadi zona imkan verəcək ki, iqtisadçı kadrların işlə təmin olunması həyata keçirilsin. Bu da bütün ölkə rayonları daxil olmaqla, Qaradağ insanlarının da işsizliyinin aradan qaldırılmasına vəsilə olacaq”. İqtisadçının qənaətincə, azad iqtisadi zonalar, həmçinin ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına geniş imkan yaradacaq: "Bu da sözsüz ki, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Sözügedən zona ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük müsbət təsir göstərəcək”.

Azərbaycan üçün, Qaradağ rayonu üçün önəmli iş

Millət vəkili Vahid Əhmədov qeyd edir ki, Azad Zona çox əhəmiyyətli və perspektivlidir. Onun bildirdiyinə görə, Azərbaycan hələ 2009-cu ildə "Xüsusi İqtisadi Zonalar haqqında” Qanun qəbul edib: "Müəyyən dövr ərzində bu cür iqtisadi zonaların yaradılmasına cəhdlər oldu. Amma təəssüflər olsun ki, yaradılmadı. Çünki qanun keyfiyyətli qanun deyildi və bu qanunda müəyyən məhdudiyyətlər var idi. Hətta Sumqayıtda müəyyən texnoparklar yaradıldı, müəyyən vergi və gömrük güzəştləri edildi, ancaq azad iqtisadi zona yaradıla bilmədi. Bütün bunları nəzərə alan dövlət başçısı Milli Məclisin sədr müavini Valeh Ələsgərovun sədrliyi altında Ələt İqtisadi Zonası ilə əlaqədar xüsusi bir işçi qrup yaratdı. Bu işçi qrup Ələt İqtisadi Zonasının yaradılması ilə bağlı qanun layihəsi işləyib hazırladı. Biz də qanun layihəsini müzakirə etdik, qəbul olundu. 

Bu, xüsusi bir qanun layihəsidir. Azərbaycana investorların gəlməsi üçün, belə bir azad ticarət zonasının fəaliyyət göstərməsi üçün çox əhəmiyyətlidir. Ölkəmizdə son zamanlar aparılan islahatlar, xüsusilə nəqliyyat dəhlizlərinin həyata keçirilməsi, Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi, Ələt Ticarət Limanının tikintisi, bir çox transmilli layihələrin həyata keçirilməsi artıq bizə şərait yaratdı ki, belə bir qanun layihəsi qəbul edək. Onu da qeyd edim ki, bu zona Qaradağın inkişafına ciddi təkan verəcək”. V.Əhmədovun sözlərinə görə, qanunda Ələtdə çox güclü, çox geniş bir istehsalat parkının yaradılması nəzərdə tutulub: "Oraya kənardan müdaxilə, ümumiyyətlə, mümkün deyil. Vergi güzəştləri, gömrük güzəştləri tətbiq olunur. İnzibati qaydada yoxlamalar ümumiyyətlə yoxdur. İdarəetmə demokratik qaydada Ələt İqtisadi Zonasının rəhbərliyi tərəfindən həyata keçirilir. Bir sözlə, bu Azərbaycan üçün, Qaradağ rayonu üçün önəmli bir işdir”.

Göründüyü kimi, Azad Zona da inkişafda olan Qaradağ rayonunun daha da çiçəklənməsi üçün zəmin yaradır. Paytaxta yaxın bu rayonun qısa müddətdə daha abad, daha zəngin rayon olacağına şübhə qalmır.

Anar Bayramoğlu

Yazı Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür