Çirklənmə normadan artıqdır
“Şıx”, “Sahil” və Sumqayıt çimərlikləri təhlükəlidir
Havaların istiləşməsi ilə çimərliklərə də axın başlayıb. Amma məsələ burasındadır ki, əhali ağına-bozuna baxmadan - yəni, çimərliyin yaxşısına-pisinə, təmizinə-kirlisinə fərq qoymadan dənizə baş vurur. Halbuki çimərlik mövsümü başlamadan öncə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərin suyunun çirklilik dərəcəsi ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb.
Və bildirilib ki, paytaxtın "Şıx”, Qaradağ rayonunun "Sahil” və Sumqayıt çimərliyinin suyunda çirkliliyin dərəcəsi normadan artıqdır. Buna baxmayaraq əhali nədənsə bu məlumatlara məhəl qoymur və məsləhət görülməyən çimərliklərdən istifadəni davam etdirir. Sosial şəbəkələrdə də "Şıx” çimərliyi ilə bağlı bəzi statuslar paylaşılıb. Feysbuk istifadəçilərindən biri "Şıx çimərliyində suyun üzəri nəcislə doludur” paylaşımı edib. Əslində, Şıx çimərliyi yalan olmasın, "dövri-qədimdən” - sovet vaxtından da çirkli çimərlik sayılırdı. Bakı əhalisi daha çox Mərdəkan, Şüvəlan, Bilgəh, Novxanı çimərliklərinə üstünlük verirdi. Bağ sahəsi olanlar da yaşadıqları əraziyə yaxın dəniz sahilindən istifadə edirdilər. Şıx çimərliyinə də gedənlər olurdu. Bağ evi olmayanlar, işdən ayrılmadan yayı keçirmək məcburiyyətində qalanlar daha çox da şənbə, bazar günləri naəlac qalıb Şıx çimərliyinə üz tuturdular. O illərdə də suyun üzəri yosunlar, cürbəcür zir-zibillə dolu olurdu. İndi də vəziyyət demək olar eynidir. Fərq bundadır ki, indi çimərliklərin vəziyyəti ilə bağlı rəsmi məlumatlar açıqlanır. Əhali xəbərdar edilir. Buna baxmayaraq kimlərinsə qadağan olunmuş, məsləhət görülməyən çimərliklərdən istifadəsi yenə suallar doğurur. RGEM "Şıx”, "Sahil” çimərliklərinin suyunun istifadəsini qadağan edirsə, niyə bu çimərliklər yenə fəaliyyət göstərir və əhalinin onlardan istifadəsinə göz yumulur?
"Biz xəbərdarlıq etmişik”
Qeyd edək ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən iyunun 15-i - çimərlik mövsümü başlayanadək bütün çimərliklər üzrə aparılmış monitorinq nəticələrinin açıqlanacağı bildirilmişdi. "Şərq”ə açıqlamasında Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov ölkə boyunca bütün çimərliklər üzrə monitorinq nəticələrinin bəlli olduğunu və əlaqədar strukturlara göndərildiyini dedi:
- Bakının Səbail rayonu ərazisindəki "Şıx”, Qaradağ rayonundakı "Sahil” və Sumqayıt şəhər çimərliklərinin suyundan götürülmüş nümunələrin analizi nəticəsində suda çirkliliyin normadan artıq olduğu müəyyənləşib və adı çəkilən bu çimərliklərin suyundan istifadə qadağan edilib. Qalan digər çimərliklərdə isə - Abşeron yarımadası və respublikanın cənub-şimal sahili boyunca yerləşmiş çimərliklər istifadə üçün uğundur.
RGEM bu qərarı Bakı şəhər İcra Hakimiyyətinə təqdim edib. Həmçinin qərarın surəti Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinə təqdim olunub.
Biz üzərimizə düşən vəzifəni yerinə yetirmişik. Bütün digər strukturlar da öz işini görməlidir. BŞİH tabeliyində olan icra orqanlarından, Mənzil Kommunal Təsərrüfatı Departamentlərindən tələb etməlidir, həmin çimərliklərə qadağanedici işarələr qoyulmalıdır, dəniz suyundan istifadəyə icazə verilməməlidir. DİN sahə üzrə polis idarələrini işəç cəlb etməlidir, FHN də öz üzərinə düşən işi yerinə yetirməlidir. Hər bir struktur vəzifəsini icra etsə, mənzərə başqa cür olar. RGEM monitorinqlər aparır, nəticələri açıqlayır, xəbərdarlıq edir. Mərkəz dəniz suyunun çirklilik dərəcəsini, insan sağlamlığı üçün təhlükəsini əsas tutaraq çimərlik suyundan istifadəni qadağan edir. Bu qadağa ümumilikdə çimərliyə aid deyil. Burada yalnız dəniz suyundan istifadə nəzərdə tutulur. Çimərliyin başqa imkanlarından istifadə etmək olar. Günəş şüası qəbul etsinlər, təmiz hava alsınlar. İstirahət etsinlər. Sadəcə, biz məsələht görürük ki, oradakı dəniz suyu ziyanlıdır. Dəniz suyundan istifadə qadağasına məhəl qoymayanlara, əhalinin sağlamlığını təhlükəyə atanlara qarşı isə digər dövlət strukturları tədbir görməlidir.
Nazirlik də "olmaz” deyir
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu il Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin "Sahil” və Səbail rayonunun "Şıx” çimərliyində dəniz suyunun tərkibində zərərli maddələrin miqdarı normadan artıq olduğu üçün qeyd edilən çimərliklərdən istifadəni məqsədəuyğun saymır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşı Mirsalam Qəmbərov bildirib ki, nazirlik tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, "Amburan” çimərliyində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab təmizləyici qurğular quraşdırılıb: "Xəzər dənizində aparılan monitorinqlərin nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan ərazilərdə çimərlik sahələri yay mövsümündə çimərlik kimi istifadə üçün yararlıdır”. "Sahil”, "Şıx” çimərilkləri isə istifadə üçün yararsızdır.
Tibb mütəxəssisləri də çirkliliyin normadan artıq olduğu, bağırsaq çöplərinin aşkarlandığı su hövzələrində çimməyin bir sıra xəstəliklərə səbəb ola biləcəyini deyir. Həkimlər bildirir ki, qadağan olunmuş sularda çimmək təhlükəlidir. Əhali çimərliklərlə bağlı xəbərdarlıqlara əməl etməli, dəniz suyunda çirklənmənin normadan artıq olduğu, bağırsaq çöplərinin aşkarlandığı çimərliklərə getməməlidir. Dəniz suyunda bağırsaq çöpləri aşkarlanıbsa, digər infeksiyaların da olacağı ehtimalı böyükdür. Bu da insanlarda müxtəlif infeksion xəstəliklərin yaranmasına səbəb ola bilər. Xüsusilə də körpələrin, azyaşlıların bu cür natəmiz, sanitar-gigiyenik normaların pozulduğu çimərliklərə aparılması təhlükəlidir.
Lakin görürük ki, əhali nə xəbərdarlığa məhəl qoyur, nə qadağalara. Sağlamlığına da biganə yanaşır. Üstəlik körpələri, uşaqları da özləriylə aparırlar. Məlumdur ki, həftənin 5 və ya 6 günü çalışanlar həftə sonu sərinlənmək, dincəlmək üçün şəhər çimərliklərinə gedir. Yaxındır, həm də ucuzdur, ona görə. Hamının maddi imkanı çatmır, "Amburan”a, ya da Nabrana getməyə. Şəhər kənarına çıxmaq imkanı olmayanlar "Şıx”ın ("Şıxov”un) kirli suyunda sərinlənir. Amma sağlamlığını təhdid altına alaraq. Gərək düzgün seçim edək. Müvəqqəti sərinlənmək naminə sağlamlığı heçə saymağa dəyərmi?
Məlahət Rzayeva