Çıxış yolu valyutadəyişmə məntəqələrini bərpa etməkdir

“Nə qədər ki, banklar dollar satışında məhdudiyyətləri saxlayacaqlar, “qara bazar” bir o qədər genişlənəcək”


Milli Məclisdəki büdcə müzakirələri zamanı deputatlar xarici valyutanın "qara bazar”a yol tapması problemini qabardıblar. Millət vəkili Vahid Əhmədov dollar "qara bazar”ının paytaxtda və regionlarda tüğyan etdiyini deyib və üzünü hüquq-mühafizə orqanlarına tutub:

"Mən anlamıram dolların "qara bazar”ı haradan yaranır? "Qara bazar”a külli miqdarda dollar hardan
gəlir, bu işdə kimlərin əli var? Dövlət Neft Şirkətinin və Mərkəzi Bankın banklar üçün hərraca
çıxardığı dollar sonradan kimlərinsə əli ilə "qara bazar”a buraxılır. Hüquq-mühafizə orqanları axı
niyə bu cür ciddi maliyyə qanunsuzluğuna göz yumurlar? Çox xahiş edirəm, bu məsələyə ciddi
yanaşılsın. Bu gün "qara bazar”da dollar rəsmi məzənnədən qat-qat baha satılır”.

Qeyd edək ki, "dollar bazarı” məsələsi dünənki müzakirələrdə də səsləndirilib. Millət vəkili Elmira
Axundova valyutadəyişmə məntəqələrinin ləğvinin düzgün addım olmadığını bildirib:
"Bu gün ölkədə "qara bazar” tüğyan edir. Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik,
amma tapa bilmirik. Ancaq "qara bazar”da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də
valyutadəyişmə məntəqələrinin bərpasını təklif edirəm. Xanım deputat valyutadəyişmə
məntəqələrinin ləğvinin turizm sektoruna da mənfi təsir göstərdiyini bildirib. E.Axundova hökuməti
vəziyyəti dəyərləndirib düzgün qərar verməyə çağırıb.

İqtisadçı Cəfər İbrahimli isə millət vəkillərinin qaldırdığı problemin həqiqətən də xoşagəlməz
vəziyyət yaratdığını bildirdi. "Şərq”ə açıqlamasında iqtisadçı qeyd etdi ki, belə bir hal əslində
gözlənilən idi:

- İstənilən sahədə tətbiq olunan məhdudiyyət insanların avtomatik olaraq alternativ yollar
axtarmasına gətirib çıxarır. Dollar bazarında da belədir. Vətəndaş banklarda xarici valyuta əldə edə
bilmirsə, bazara getmək məcburiyyətindədir. Bununla da "qara bazar”ın çəkisi artmış olur. Əslində,
dollar "qara bazar”ı artıq kriminal tərkibli hadisədir. Millət vəkilləri bu məsələni qaldırırsa və ortada
konkret iddialar varsa, bununla artıq hüquq-mühafizə orqanları məşğul olmalıdır. Banklar vətəndaşa
dollar satmır, məhdudiyyətlər var. Ona görə də vətəndaş dolları bilinməyən, hansısa "qara bazar”dan
tapır. Bu, həqiqətən də çox xoşagəlməz haldır. Bu vəziyyəti yaradan da banklardır. Nə qədər ki,
banklar dollar satışında məhdudiyyətləri saxlayacaqlar, "qara bazar” bir o qədər genişlənəcək.
Vəziyyəti normallaşdırmağın yolu, valyutadəyişmə məntəqələrini bərpa etməkdir. Çünki
məhdudiyyətlər heç vaxt problemi həll etmir. Onsuz da valyutadəyişmə məntəqələri bankların bir
şöbəsi kimi fəaliyyət göstərirdi. Mərkəzi Bank valyutadəyişmə məntəqələrindən dolların bank
tərəfindən müəyyənləşdirilmiş kursu ilə işləməyi tələb edirdi. Bu, daha real idi. İqtisadiyyatın
inkişafı rəqabət mühitinin olmasından asılıdır. Bazarda nə qədər çox oyunçu varsa, daha çox
şəffaflıq mühiti formalaşır. Mən valyutadəyişmə məntəqələrinin ləğvinin valyutanın qiymətinə
müsbət təsirini gözləmirdim. Elə də oldu. Vəziyyət yaxşılaşmaqdan daha da pisləşdi. Məncə, bu
qərar yenidən gözdən keçirilməlidir. Hesab edirəm ki, valyutadəyişmə məntəqələrinin bərpası
dolların kursuna da müsbət təsir edər.

Məlahət Rzayeva