Con Bolton regiona niyə GƏLİR ? - Ciddi danışıqlar olacaq





"Bolton ABŞ siyasətində, xüsusən Tramp Administrasiyasında önəmli fiqurdur”

Bunu "Sherg.az”a açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun oktyabrın 20-də regiona səfərindən danışarkən siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Analitik bildirib ki, Azərbaycana səfəri gözlənilən Bolton ölkənin xarici siyasətini formalaşdıran mühüm şəxslərdən biridir:

"Boltonun İrana və Rusiyaya olan mövqeyi hamıya məlumdur. Səfərin əsas mövzularına nəzər saldıqda isə hesab edirəm ki, Boltonun dörd ölkəyə ziyarətinə kompleks yanaşmaq düzgün deyil. Çünki ayrı-ayrı səfərlərdə ikitərəfli münasibətlər önəm daşıyır. Boltonla rəsmilər arasında baş tutacaq görüşlərdə bir çox məsələlər müzakirə olunacaq. Əsasən, Rusiya-İran münasibətləri, Rusiyanın Suriyadakı nüfuzu, İranın Yaxın Şərqdəki qüvvələrinin oradan çıxarılması aparılan danışıqların predmeti olacaq. 

Bolton Azərbaycana səfərindən sonra bir daha əmin olacaq ki, Azərbaycan Amerika üçün geosiyasi və geostrateji cəhətdən çox vacib ölkədir. Çox güman ki, qonaq Bakıda Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat lahiyələrini də öz dəstəyini ifadə edəcək. Bu da rəsmi Bakı üçün çox vacib məqamdır”.

Analitik bildirib ki, Boltonun Azərbaycan yanaşması, onun Gürcüstana və Ermənistana yanaşmasından fərqli olacaq: 

"Azərbaycan Rusiya ilə İran arasında yerləşir. Bu baxımdan Rusiya, ələlxüsus da İranla bağlı Bakıda ciddi danışıqlar olacaq və ABŞ rəsmisi Bakının İranla bağlı mövqeyinə aydınlıq gətirməsini istəyəcək. Boltonun Ermənistana səfəri isə o qədər əhəmiyyət kəsb etmir. Bu səfər çəçivəsində Paşinyan hökuməti ilə tanışlıq ön planda olacaq”.

İsmayıl