“Daha bayağı mahnılar oxumayacam”

Əlikram Bayramov: “Möhlət Müslümov mənə dedi ki, heyif bu səsdən...”
“Bu söz mənə elə toxundu ki, elə bil qəflət yuxusunda idim, oyandım. Bu gün başa düşürəm ki, nə məşhurluq, nə fəxri ad, nə populyarlıq tarixdə qalmır. Tarixdə qalan, sənin ölümündən sonra da xatırladan sənət olur”



Bəzən bayağı musiqiləri ifa edənləri çox qınayırıq, tənqid edirik. Bir də onlar özləri-özlərini tənqid etməyi bacarsalar, bəlkə də şou-biznesin ab-havası dəyişər. Bu gün "Şərq”in qonağı müğənni Əlikram Bayramov oldu. Özünü tənqid etməkdən çəkinməyən müğənninin sənəti ilə bağlı etirafları hələ çoxlarını düşündürməyə vadar edər. Bu günə qədər bayağı musiqilər ifa etməklə özünü qınayan müğənninin səmimi etirafları bir az da duyğusal oldu.

- Daha bayağı mahnılar oxumayacaqsız, demisiz?

- 2018-ci ilin əvvəlindən qərar verdim ki, daha bayağı mahnılar oxumayacam. İnsan müəyyən yaşdan sonra təkmilləşir, həyatı daha dərindən dərk edir. Mən də elə yaşa gəlmişəm ki, həyatı başa düşə bilirəm.

- Bayağı mahnılardan imtina etməyinin səbəbi nə oldu?

- Yetərincə toy mahnıları, bayağı musiqilər ifa etmişəm. Artıq bəs edir. Çox oldu hətta. İstəyirəm ki, özümdən sonra mahnılarım qalsın. Mən öləndən sonra baxanda, desinlər Əlikram adlı müğənni də olub Azərbaycan səhnəsində.

- Yəni tənqidlərdən nəticə çıxara bildiniz?

- Bəli. Sizinlə illər öncə məhz bayağı musiqi üstündə mübahisəmiz düşmüşdü. Mənə dediniz ki, oxuduqların bayağı musiqilərdi, 5 il sonra heç kim üçün maraqlı olmayacaqsız. Halbuki, səs imkanınız məhdud deyil. Həqiqətən düz deyirdiz, haqlı tənqid idi. Bir müddət öncə xalq artisti Möhlət Müslümov mənə dedi ki, Əlikram, heyif sənin səsindən. Sən bu səsi bayağı musiqilərin əsiri etmisən. Bu səs kimdə olsaydı, indi sənətkar kimi nələr etmişdi. Bu söz mənə elə toxundu ki, elə bil qəflət yuxusunda idim, oyandım. Bu gün başa düşürəm ki, nə məşhurluq, nə fəxri ad, nə populyarlıq tarixdə qalmır. Tarixdə qalan, sənin ölümündən sonra da xatırladan sənət olur. Müğənninin ölümündən sonra ancaq mahnıları qalır. Elə xalq artisti var ki, belə böyük sənəti olmayıb. Beş-altı bəstəkar mahnıları oxuyub, tarixə düşüb. Mən bir də öz yaradıcılığıma baxıram. Özümə sual verirəm ki, ay Əlikram, sən nə oxumusan bu günə qədər? Bu sualın cavabı mənim özümü ağrıtdı. "Əsrin gözəli” ilə sənətdə qalmaq olmazmış. Bunu bu gün tam dərk etmişəm.

- Yəni repertuarında ciddi dəyişiklik edirsən...

- Repertuarımda ciddi dəyişikliklər edirəm. Hazırda Tahir Əkbərin, sözləri Hüseyn Arifə məxsus "Dünya onundur” mahnısını lentə aldırıram. Yeni aranjimanda ifa edəcəm. Bundan sonra mənim ifamda ancaq klassik bəstəkar musiqiləri, retro mahnılar dinləyə bilərsiz. Son vaxtlar 4-5 yeni mahnıları lentə aldırıram. Bu səsin qədrini bilməmişəm. Möhlət müəllimin tənqidi məni elə təsirləndirdi.

- Bundan sonra kommersiya məqsədli mahnılara qadağa qoyursan?

- Bəli, illərdi kommersiya xarakterli, çörək gətirən mahnılar oxumuşam. Doymuşam. Onlardan nə qazana bilmişəm ki. Mənim səs imkanım ola-ola mən toy bazarından tutub illərlə yol getdim.

- Peşmansız?

- Çox peşmanam. Mən Bakıya toy oxumaq üçün gəlməmişdim axı. Bu səsi Allah verib, mən qədrini bilməmişəm. Gec də olsa bu gün başa düşürəm ki, indiyə qədər oxuduqlarımla sabah heç kimin yadında qalmayacam. Halbuki, səsi olmayanlar bir mahnını studiyada əlli dəfə oxuyub, ciddi mahnılar təqdim ediblər ki, onların adı yada düşsün. Mən isə toylarda illərimi çürütmüşəm. Daha bəsdi. O qədər ara mahnıları, bayağı musiqilər ifa etmişəm ki, özüm də yorulmuşam. Repertuarımda Ramiz Mirişlinin, Tofiq Quliyevin bəstələri yer alacaq.

- Repertuarı tam yeniləmək həm zəhmət, həm zaman, həm də vəsait tələb edir.

- Bəli, bu mahnıları ərsəyə gətirib lentə aldırmaq, yenidən aranjiman etdirmək üçün vəsait xərcləyirəm. Zamanım gedir. Amma bilirəm ki, sabah mənim ifamda 5 mahnı olacaq ki, dinləyəndə xatırlanacam. Tofiq Quliyevin "Bəxtəvər oldum” mahnısını lentə aldırıram. Vüqar Camalzadə ilə çalışıram. Əslində gecikmişəm. Amma yenə də qəflət yuxusundan oyandım.

- Uzun müddətdir solo-konsert vəd etsən də, hələ ki gerçəkləşdirməmisən. Repertuar dəyişikliyi konsertdə fərqli repertuarla tamaşaçı qarşısına çıxmağına da səbəb olacaqmı?

- Təbii. Hesabat xarakterli konsert proqramı ilə səhnəyə çıxacam. Solo konsertimdə bayağı musiqilərdən biri də səslənməyəcək. Ancaq ciddi musiqilərə yer veriləcək. Əlikram Bayramovun səsi var, amma o, səsin qədrini bilməyib. Meyxanaçı mənim repertuarıma irad tutdu. Deyir belə mahnıları hamı oxuyur. Axı mənim səsim var, mən Ağaxan Abdullayevdən dərs almışam. Mən daha hamı kimi bayağı musiqilər oxumaq istəmirəm.

- Qorxutmur ki, sənin toy bazarın azala bilər?

- İndiyə qədər toy bazarında olmuşam. Bəs qədər toy oxumuşam. İndi sənətimi təqdim edəcəm. İnanın, bu gün repertuarımdan hardasa utanıram. Çünki mən o mahnıları toy olsun deyə oxusam da, bir az özümə "dur” deməyi də bacarmalı idim. İndi peşmançılığımın acısını yaşayıram. Özümə sual verirəm ki, sən öləndən sonra kim səni xatırlayacaq? Əlikram heç kimin yadına düşməyəcək. Elə çıxır ki, illərdi oxuduqlarım da, səhnədə olmağımın da heç bir mənası olmayıb. Ona görə də ciddi şəkildə yaradıcılığımın istiqamətini dəyişirəm.


Tahirə Məmmədqızı