Daha BMT ciddi məkan hesab olunmayacaq

“Təşkilatda təmsil olunan məmurlar yüksək maaş alır və bunun müqabilində rahat həyat sürürlər. Hansısa problemin həlli onları o qədər də maraqlandırmır”
Çünki dünyada baş verən müharibələrdə təşkilat heç bir təsirli rol oynamayıb




"BMT-nin qarşısında duran problemlərin həllində məndən möcüzələr gözləməyin”.

Bunu jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının yeni Baş katibi Antonio Quterreş söyləyib. O, qarşıda çox çətin dövrün olacağını bildirib: "Dünyada qarşılıqlı konfliktlərin sayı artır. Nəticədə qlobal terrorizm böyüyür. İkinci Dünya Müharibəsindən bu yana müşahidə edilməyən qaçqın köçü davam edir. Biz ölkələrin təkbaşına problemləri həll edə bilməyəcəyi dünyada yaşayırıq.

BMT hazırkı vəziyyətdə qlobal çağırışlara effektiv reaksiya vermək iqtidarında deyil. Ona görə də təşkilatda təcili islahatlar aparılmalıdır”. 


Quterreşin qurumla bağlı etiraflarını dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında deyib ki, onsuz da BMT-nin effektiv təsir imkanlarına sahib olmadığı hamıya bəllidir: 

"Antoniodan qabaqkı baş katiblər də qurumda nəyəsə nail olmaq üçün dəyişiklik edəcəklərinə söz vermişdilər. Amma mən xatırlamıram ki, son 20-30 ildə BMT dünyada baş verən hansısa prosesi sürətləndirib, ya da müəyyən problemi həll edib. Bir çox münaqişələrdə təşkilatın "görünmədiyi” ortadadır. Yuqoslaviya, İraq və Suriya müharibələrində BMT heç bir təsirli rol oynamayıb. Bunun da obyektiv səbəbləri var. Təşkilatın

Təhlükəsizlik Şurasının 5 üzvü var. Amma beş dövlətin mövqeləri heç vaxt üst-üstə düşmür. Hər zaman ABŞ bir mövqedən, Avropa ölkələri isə başqa mövqedən çıxış ediblər. Ona görə də BMT-də ortaq qərar qəbul etmək son dərəcə problematikdir”. Politoloqa görə, BMT-də bürokratik sistem həddindən artıq şişirdilib: 

"Təşkilatda təmsil olunan məmurlar yüksək maaş alır və bunun müqabilində rahat həyat sürürlər. Hansısa problemin həlli onları o qədər də maraqlandırmır. Qurumun yeni Baş katibi açıq şəkildə etiraf edir ki, təşkilatdan faydalı fəaliyyət gözləməyə dəyməz. Yəni Baş katib indidən özünü sığortalayır. Deməli, o da səkkiz saatlıq iş rejimini birtəhər başa vuraraq, aylıq maaşını almaqla kifayətlənəcək. Bu isə o deməkdir ki, dünyada mövcud olan çoxsaylı problemlər qurumdan kənar müstəvidə, iki-üç dövlət arasında müzakirə olunacaq. Böyük dövlətlər arasında qütbləşmə dərinləşdikcə, BMT ciddi məkan hesab olunmayacaq”.

İsmayıl