Daha çox məktəblilər yolu keçəndə diqqətsiz olurlar

Bakıda da piyada keçidlərində 3D formatının tətbiqi arzuediləndir



Türkiyənin Aydın vilayətində piyada keçidlərində 3D formatı tətbiqinə başlanıb. 3D formatlı piyada keçidlərinin təhlükəsizliyin daha yaxşı təmin edilməsi məqsədi daşıdığı bildirilir. Tətbiq olunan yeniliklə bağlı danışan bələdiyyə sədri deyib ki, sürücülərin piyada keçidinə yaxınlaşdıqda sürət həddini azaltmadığı, piyadalara yol vermədiyi çox rast gəlinən hallardır.

Məhz 3D formatının tətbiqi sayəsində isə sürücülər piyada keçidinə yaxınlaşdıqda sürət həddini azaltmaq məcburiyyətində qalırlar. Bununla da həm piyadaların rahat keçidi, həm də təhlükəsizlik təmin edilmiş olur. Piyada keçidlərində piyadalara yol verməmək sürücülər üçün də, yolçular üçün də təhlükə daşıyır. Bələdiyyə sədri məktəblilər daha çox təhlükəyə məruz qaldıqlarından 3D formatlı piyada keçidlərinin xüsusilə məktəblər önündəki yollarda, keçidlərdə quraşdırıldığını deyib.


Qardaş ölkədə tətbiq olunan yeniliyi şərh edən nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli "Şərq”ə açıqlamasında piyada keçidlərində 3D formatının tətbiqinin müsbət hal olduğunu dedi:


- Piyada keçidlərində elektron təcrübədən istifadə olunması ancaq alqışlanmalıdır. 3D formatı çox güman ki, görüntünü, qarşıdakı maneəni yaxınlaşdıran bir sistemdi. Bunun sayəsində də sürücülər piyada keçidinə deyək ki, 5-10 metr məsafədə zolaqları fərq edəcək, qarşıdakı maneəni ona çatmağa kifayət qədər ara məsafəsi qaldığı bir vaxtda görəcək, sürücüdə elə təəssürat yaranacaq ki, bir qədər də hərəkət etsə, piyadanı vura bilər, nəticədə, istər-istəməz sürət həddini azaldacaq. Bu da piyadaların təhlükəsizliyinin təmin edilməsi deməkdir. Hesab edirəm ki, bu, çox uğurlu təcrübədir. Xüsusən də əgər məktəblərin önündəki avtomobil yollarında tətbiq ediləcəksə, nəticəsi daha da müsbət olacaq. Məlumdur ki, bütün dünyada piyadaların vurulması ilə nəticələnən avtomobil qəzalarının baş verməsinə ən çox uşaqlar səbəb olur. Çünki uşaqlar dəcəldir, çılğındır, həyatları üçün əndişə keçirmirlər, avtomobillərin önündən qaçırlar. Böyüklər, yaşlılar kimi yolu keçərkən ehtiyatlı davranmırlar. Dərsdən çıxan uşaqları görürük hamımız. Maşın yolunda necə qaçırlar, yolu tez keçmək istəyirlər. Üzərlərinə gələn təhlükəni fərq etmirlər. Bu, əlbəttə ki, yaş kateqoriyası ilə bağlı yanaşmadır. Ona görə də məktəblərin, tədris müəssisələrinin yerləşdiyi ərazilərdə piyada keçidlərinin, işıqforların olmasına xüsusi diqqət ayrılmalıdır.

İ.Hüseynli Bakıdakı piyada keçidlərində 3D formatının tətbiqinin arzuedilən olduğunu dedi:

- İstərdik ki, bizdə də belə piyada keçidləri olsun. Amma bunu da deməliyəm ki, son illərdə paytaxtda yol mədəniyyətinin səviyyəsi xeyli yüksəlib. Sürücülərin piyadalara yol verməsi, piyadaların keçidlərdən istifadəsi halları artıb. Bunun bir səbəbi də cərimələrdir. Bir sürücü keçiddə piyadaya yol vermədiyinə görə əgər 5 dəfə kameraya düşürsə, 2 ballıq cərimə ilə birlikdə 40 manatdan 200 manatadək cərimə oluna bilər. Hansı sürücü "göz görəsi” bunu istəyər? Ona görə sürücülərimiz də artıq ehtiyatlı olmağa, qaydaları pozmamağa çalışır. Yəni, bizdə artıq piyada keçidi və yol mədəniyyəti formalaşmaq üzrədir. Bununla belə, onu da deməliyəm ki, şəhərin bəzi yerlərində yol infrastrukturunda hələ də çatışmazlıqlar var. Gediş-gəlişin intensiv olduğu yollarda yerüstü və yeraltı keçidlərin inşasına ehtiyac var. Bu məsələlər Dövlət Yol Polisi tərəfindən araşdırılmalı, müəyyənləşməli və lazımi tədbirlər görülməlidir. Xüsusən də orta məktəblərin, uşaq bağçalarının qarşısındakı yollarda keçidlərin, işıqforların daim işlək olması lazımdır.

Məlahət Rzayeva