Daha fəal olmalıyıq

İlham Əliyev: “İctimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır”
Azərbaycan demokratikləşmə prosesini davam etdirəcək


Hökumətlərin açıq və hesabatlı olması, xalqın iştirakına və ictimai nəzarətə əsaslanan idarəetmə sisteminin təşkili müasir dövrün ən aktual məsələsi kimi mütərəqqi dünyanın, bütün demokratik dövlətlərin və xalqların gündəmini təşkil edir. Həqiqi hesabatlılıq və şəffaflıq mexanizmlərinin sosial rifahın və ədalətin təmin edilməsində həlledici amil olmasının praktik təsdiqi bu istiqamətdə təşəbbüs və səylərin daha geniş vüsət almasını şərtləndirib.

Demokratik dünyanın tərkib hissəsi kimi, Azərbaycan da şəffaflığa və ictimai nəzarətə əsaslanan idarəetmənin təşkilini öz strateji məqsədləri sırasına daxil edib. Davamlı olaraq qəbul edilən və həyata keçirilən dövlət proqramları, konsepsiyalar, strategiyalar və digər tədbirlərlə korrupsiyanın qarşısının alınması və şəffaflığın təmin edilməsinə səy göstərilir. Məsələn, 2004-2015-ci illərdə korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən 3 müxtəlif dövlət proqramı çərçivəsindəki tədbirlər ölkədə korrupsiyaya qarşı mübarizənin və şəffaflığın təmin edilməsinin hüquqi və institusional əsaslarını yaradıb. Bu sahədə böyük işlər görülüb və fəaliyyət davam edir. Prezident İlham Əliyevin tapşırığı ilə başladılan şəffaflığın artırılması proqramları icra edilir. Müəyyən problemlər olur ki, bu da bir qədər ictimai nəzarətdə olan boşluqlardan qaynaqlanır. Elə ölkə rəhbərliyi də ictimai nəzarətdə çatışmazlığın olduğunu, bu səbəbdən də planların həyata keçirilməsində ləngimələrin yarandığını deyir.

"Bizim hələ inkişaf etdirməli olduğumuz istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etmək istərdim. Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam”. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinin Baş direktor müavini Mixail Qusmana müsahibəsində deyib. Ölkə başçısı bildirib ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür. Amma bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.

Politoloq Qabil Hüseynli bildirib ki, prezident dediklərində haqlıdır. Onun sözlərinə görə, 2000-ci illərdən bu yana demokratikləşmə, rüşvətin aradan qaldırılması istiqamətində böyük tədbirlər görülüb: 

"Tədbirlər bu gün də davam etməkdədir. Təkcə şəffaflıq deyil, bütün sahələrdə inkişaf üçün tədbirlər həyata keçirilir. Qanunsuzluqların qarşısının alınması istiqamətində addımlar atılıb, davam edir. Sadəcə müəyyən problemlər qalır, bəzən dövlət proqramlarının icrasına ictimai nəzarət zəif olduğundan, ləngimələr yaşanır. Amma bunlar da həllini tapacaq”. Q.Hüseynli vurğulayır ki, bütün problemlər bir gündə və yaxud da bir ildə həllini tapa bilməz: "Yenə də deyirəm, inkişaf üçün dövlət proqramları qəbul olunur, işlər görülür. Amma dövlət proqramı bu gün qəbul edildisə, o anlamı vermir ki, problem sabah həllini tapacaq. Bunun mərhələləri var. Bəzən bir məsələnin kökündən həll edilməsi üçün, həmin proqram 3 dəfə təkrar-təkrar qəbul edilir. Cəmiyyətin, vətəndaşların da inamı var ki, sosial çətinlikləri aradan qalxacaq. Dövlətimiz inkişaf yolunda iri addımlarla irəliləməkdədir”.

Anar