“Daha səhnəni yox, can sağlığını düşünürəm”

Xalq artistinin səhhəti tədricən qaydasına düşür



Xalq artisti Pərvanə Qurbanovanın səhhətində problem yaranıb. Bir müddət əvvəl Xalq artisti beynindən narahatlıq keçirib. Beyin hüceyrələrinin dağılması nəticəsində aktrisa səhhətində ciddi çətinliklər yaşasa da, ötən gün "Şərq”in əməkdaşı ilə söhbətində yaxşılığa doğru getdiyini bildirib:

"May ayında beynimdə ciddi problem yarandı. Gözlənilməz oldu. O gündən müalicə alıram. Həkimlər stresdən, gərginlikdən bir müddət tamamilə uzaq olmağımı məsləhət gördülər. Ona görə də hələ ki müalicəmi davam edirəm”.

Pərvanə Qurbanova bizimlə söhbətində səhhətində yaranan problemin ona bir daha həyatı dərindən tanımağa imkan verdiyini qeyd etdi: 

"İnsanın səhhətində ciddi problem yarananda başa düşür ki, həyatda hər şey boş və mənasız görünə bilir. Əsas can sağlığıdır. İnsanın səhhətində ciddi problem olanda inanın gözünə heç nə görünmür. 

Deyirlər darıxmırsan səhnə üçün? Əvvəl darıxardım bəlkə. Bu gün ancaq sağalmağım barədə düşünürəm. Bilirsiz, mən həmişə güclü qadın olduğuma inanmışam. Ona görə də xəstəliyin məni aciz göstərməsini istəmirəm. 

Şükür indi, hər şey qaydasına düşür. Sadəcə, beyin insultu keçirməsəm də, ondan bir az yüngül problemlə üzləşdim. Səhhətimdə yaranan problem mənə bir daha həyatda can sağlığının vacibliyini xatırlatdı”.

Tahirə