Cərimələrlə problem həll edilməyəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi daş karxanalarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. Bu barədə nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov məlumat verib.
R.Bağırovun sözlərinə görə, atmosfer havasını çirkləndirən, havanı bürüyən toz-dumanın digər bir mənbəyi də şərqdən və qərbdən Bakını əhatə edən daş karxanalarıdır ki, bununla bağlı nazirliyə çoxlu sayda şikayət və müraciətlər daxil olur:
"Apardığımız monitorinq və araşdırmalar zamanı əksər daş karxanalarının fəaliyyətində pozuntular aşkar edilib. Araşdırmaların nəticələri göstərib ki, bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar. Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub".
Nazirlik rəsmisi deyib ki, daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir: "Daş karxanalarında hələ də ötən əsrin 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur. Bu, olduqca acınacaqlı və narahatedicidir. Çalışırıq ki, onları yeni və müasir tələblərə cavab verən texnologiyalarla tanış edək ki, əhalini narahat edən bu ekoloji problemlər aradan qaldırılsın. Yeni texnologiyaların quraşdırılması üçün onlara vaxt verilib".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, daş karxanalarında istifadə olunan avadanlıqlar, istehsal metodları çox köhnə olduğundan ətraf mühitin çirklənməsinə səbəb olur:
"Karxanadan zərərli tozların ətrafa yayılması nəticəsində yaxınlıqda olan yaşayış sahələri, ictimai binalar, cəzaçəkmə müəssisələri və digər sahələr çirklənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələyə ciddi yanaşması gözlənilən idi. Amma düşünmürəm ki, problemi cərimə ilə həll etmək mümkün olsun. Bəzən daş karxanalarının başında duran şəxslər tətbiq olunan cəriməni ödəmirlər".
Bu sahədə səliqə-səhman yaratmağın vacibliyini bildirən Sahib Məmmədov onu da qeyd edib ki, əvvəl də nazirlik sahibkarlara xəbərdarlıq edib. "Fikrimcə, bu problemi yaxın zamanda həll etmək çətin olacaq.
Çünki qısa müddət ərzində o dəzgahları, avadanlıqları, orada olan iş şəraitini dəyişmək mümkün deyil. Nazirlik şadlıq evləri ilə də bağlı məsələ qaldırmışdı və prezident ciddi dəstək göstərdi.
Nazirlər Kabinetinin müşavirəsində qərar verildi ki, sanitar, gigiyenik, ekoloji tələblərə cavab verməyən şadlıq sarayları bağlansın. Ancaq bu, elə bir sahədir ki, tikinti materialı istehsal olunmalıdır. Hesab edirəm ki, sahibkarların işlətdikləri karxanaları yeni avadanlıqlarla təchiz etməyə yetərincə maliyyə imkanları var. Bununla həm işçi hüquqları təmin olunacaq, həm də ekoloji cəhətdən ətraf mühitə mənfi təsirlər azalacaq".
İlahə