Daxili istehsala diqqət artır
Prezidentin respublikanın qərb regionuna səfəri bunu əyani sübut edir
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritetlərdən hesab edilir. Dövlətin qeyri-neft sektorunun əsaslı dərəcədə inkişaf etdirilməsində maraqlı olması və bu sahənin inkişafına dəstək verməsi sözügedən sektorun inkişafını sürətləndirir. Xüsusilə, regionlarda bu istiqamətdə daha sürətli proses gedir. Respublikanın müxtəlif bölgələrinə xas olan ənənəvi sahələrin inkişaf etdirilməsi bir tərəfdən qeyri-neft sektorunun inkişafına zəmin yaradır. Digər tərəfdən isə yerli tələbatın ödənilməsinə və xaricə valyuta axınının qarşısının alınmasına xidmət edir.
Ölkədə qeyri-neft sektorunun inkişafında Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının xüsusi payı və çəkisi var. 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən bu proqram respublikanın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin açılmasına, fəaliyyətə başlamasına səbəb olub. Bu gün də həmin müəssisə və zavodların hesabına qeyri-neft sektorunda, daxili istehsalda əsaslı dərəcədə irəliləyiş qeydə alınır. Bu həm də ölkədə yeni iş yerlərinin açılması, işsizlik probleminin tamamilə aradan qaldırılmasına öz müsbət təsirini göstərir.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın qərb regionuna səfəri zamanı bunun əyani şahidi olduq. Dövlət başçısının iştirakı ilə istər Göygöl, istər Samux, istərsə də Gədəbəy və Şəmkir rayonlarında bir neçə istehsal müəssisəsinin açılışının reallaşması bir daha əminlik yaratdı ki, regional proqramlar uğurla icra olunur. Ən əsası bu proqramların icrası regionlarda işsizliyin aradan qaldırılması, məşğulluğun təmin olunması, xüsusilə də yerli istehsalın artırılmasına yol açır. Elə dövlət başçısının qərb regionunda olarkən açılış mərasimində iştirak etdiyi "Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin timsalında bunu aydın görmək mümkündür.
Mərkəzin fəaliyyətə başlaması rayonda məşğulluğun artırılması isə yanaşı daxili istehsala da təkan verir. Belə ki, 12,3 hektar ərazini əhatə edən mərkəzdə Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. Aqroparkın yaradılması həmçinin ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilən vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaq. "Şəmkir Aqropark”nın Logistika Mərkəzi tam gücü ilə fəaliyyət göstərəndə burada 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda isə mərkəzdə 179 nəfər çalışır. Yaxud Prezidentin səfəri çərçivəsində "Gədəbəy Mineral Suları” MMC-nin də açılış mərasimi olub ki, bu da həm daxili tələbatın ödənilməsi, həm də rayonda işsizlik probleminin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məlumat üçün bildirək ki, zavodun istehsal gücü 6 milyon litr təşkil edir və bu da kifayət qədər böyük rəqəmdir. Hazırda müəssisədə 25 nəfər çalışır və gələcəkdə istehsalın artırılması hesabına işçilərin sayının 50-yə çatdırılması nəzərdə tutulub. Xüsusilə qeyd edilməli məqam ondan ibarətdir ki, zavodda istehsal olunan süfrə suları hazırda Rusiyaya ixrac edilir və ərəb ölkələrinə ixracı istiqamətində danışıqlar aparılır. Həmçinin, limonadın İraq Respublikasına ixrac olunması üçün müqavilə bağlanıb. İlkin olaraq müxtəlif çeşiddə 100 ton limonad avqustun sonunda İraqa ixrac ediləcək. Regionların inkişafında bir başqa misalı Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin fəaliyyətə başlamasında göstərmək olar.
Prezident İlham Əliyevin bu rayona səfəri zamanı Mərkəzin layihələndirilməsinə və tikintisinə start verildi. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq. Yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq. Kənd təsərrüfatında sürətli inkişafın nəticəsidir ki, kəndlərdə demək olar iş axtaran yoxdur. İndi işçilərə verilən vəsaitin həcmi də artmaqdadır. Aqrar sahənin intensiv inkişafı üçün lazımi tədbirlər görülür. 12 bölgə xüsusi kənd təsərrüfatı laboratoriyaları yaradılır.
Şübhə yoxdur ki, bundan sonra Azərbaycanda kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək. Qarşıda duran əsas vəzifə mövcud torpaq fondundan istifadə edərək məhsuldarlığı artırmaqdır. Hazırda Azərbaycan həm ət, həm də süd ixrac edir. Bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb. Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac potensialı çoxşaxəlidir. Ölkəmizdə meyvə-tərəvəz, tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri: yəni, hər şey var. Bu təbii imkanlardan düzgün istifadə edilməlidir və istifadə edilir. Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir. Magistral yol layihələri başa çatır, şəhərlərarası yolların böyük hissəsi öz həllini tapıb. İndi həm sərmayə qoyuluşu, həm kənd təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Ona görə də, yeni yolların salınması, köhnələrin təmir edilməsi və genişləndirilməsi həm sosial, həm də iqtisadi layihədir. Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yolun genişləndirilməsi də nəzərdə tutulur. Şərti adı "Qırx yol” olan ümumi layihə yüzlərlə kəndi əhatə edir. Yaxın zamanda Azərbaycanda bir dənə də olsun təmirsiz kənd yolu qalmayacaq. Beləliklə, infrastruktur, kənd təsərrüfatı, suvarma layihələri, yeni yollar, sosial obyektlər, iş yerləri hesabına bölgələrin kompleks şəkildə inkişafı təmin ediləcək. Artıq həyata keçirilən məqsədyönlü siyasət və uğurla aparılan işlər öz müsbət nəticəsini verməkdədir. Xüsusilə, uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları ümumilikdə ölkənin bütün istiqamətlər üzrə inkişafını təmin edir. Görülən işlər, həyata keçirilən islahatlar və əldə edilən nəticələr Azərbaycanın daha ciddi nailiyyətlər əldə edəcəyini şərtləndirir.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Prezident İlham Əliyevin ardıcıl olaraq bir neçə rayona səfər etməsi əslində səfərə qədər görülən böyük işlərə yekun vurulmasıdır:
"Cənab Prezidentin regionlarda görülən işlərə diqqət və qayğısı var. Belə ki, regionlara ayrılan vəsaitlər, sahibkarlığın inkişafına verilən dəstək, regionların xüsusiyyətinə uyğun olaraq iqtisadi sahələrin seçilməsi Azərbaycan Prezidentinin gündəlik nəzarətində və diqqətində olan məsələlərdir”. Deputatın sözlərinə görə, Azərbaycanın bütün regionlarının tarixdən gələn iqtisadi inkişaf xüsusiyyətinə, eləcə də ölkənin ümumi inkişaf tempinə uyğun olaraq inkişaf etməsi Ölkə başçısının bölgələrə göstərdiyi diqqətin nəticəsidir:
"Son iki gün ərzində Dövlət başçısının 4 rayona səfəri zamanı nəinki rayonun, eləcə də Azərbaycan miqyasında çox böyük əhəmiyyətə malik olan sənaye obyektlərinin açılması, ölkəmizin inkişaf sürətini göstərir. Həmçinin həmin o obyektlər çoxsaylı iş yerləri yaratmaqla, insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir”.
A.Mirzəzadə söyləyib ki, dünyada baş verən maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir etsə də, ölkəmiz bu zərbəni minimallaşdıra və ümumən yenidən inkişaf xəttinə çıxa bilib:
"Prezident İlham Əliyevin bölgələrə səfəri zamanı açılan yeni obyektlər, infrastrukturun yenilənməsi ilə bağlı görülən işlər, həmçinin perspektivə işlənən layihələr Azərbaycanın özünün inkişaf modelini tapdığını göstərir. Eyni zamanda ölkə başçısının səfəri zamanı əhalinin sosial problemləri ilə ciddi maraqlanması, görülən işlərlə bağlı hesabatları qəbul etməsi də iqtisadi inkişafın və sosial məsələlərin həlli ilə yaxından maraqlandığını bir daha sübut edir”.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin səfəri zamanı ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsi ilə bağlı layihələrin də açılışında iştirak etməsi və bu məsələlərə diqqət etməsi də, Azərbaycanın torpaqlarını Ermənistanın işğalından azad etməsi üçün ciddi işlər gördüyünü sübut edir:
"Prezident İlham Əliyevin son iki gündə Azərbaycanın Qərb zonasına səfəri ictimaiyyətdə böyük maraq doğurdu. Ölkənin bütün kütləvi informasiya vasitələri ilə yanaşı, sosial şəbəkələrdə də bu informasiyalar yayıldı. Bu, Azərbaycan dövlətinin özünün imkanlarına söykənərək, həmçinin düzgün strateji xəttini seçərək inkişaf tempini yüksəltdiyinə və bundan sonra da həm regionun, həm də dünyanın yüksək sürətlə inkişaf edən ölkələrdən biri olacağına dəlalət edir”.
İsmayıl