Dədə Ədalətin dəfn olunacağı yer dəqiqləşdi - Ailəsindən açıqlama





"Ustad aşıq Ədalət Nəsibov dünyaya göz açdığı Qazax rayonunda dəfn olunacaq" 

Bu barədə "Sherg.az"a görkəmli sənətkarın oğlu Hekayət Nəsibov məlumat verib. Hazırda yolda olduqlarını deyən H.Nəsibov qeyd edib ki, ustadın nəşini  Qazaxa aparırlar:

 "Hələ yoldayıq, rayona çatmamışıq. Xeyli gözlədik ki, atamızın Fəxri Xiyabanda dəfni üçün nəysə işlər görülər və o da Azərbaycan mədəniyyəti və incəsənətinə böyük töhfələr vermiş, Azərbaycan sazını, sözünü dünyaya tanıtmış bir xadimi olaraq Fəxri Xiyabanda dəfn olunar. Amma bu, olmadı. Ona görə də, atamızı elə dünyaya göz açdığı Qazaxda torpağa tapşırmağı qərarlaşdırdıq". 

Qeyd edək ki, görkəmli aşıq bu gün 78 yaşında dünyasını dəyişib. Aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub.
Ə. Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.

Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, "Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib.

Ayyət ƏHMƏD