Dədə Ədalətin harada dəfn olunacağı dəqiqləşməyib - Ailəsindən açıqlama





"Ustad aşıq Ədalət Nəsibovun harada dəfn olunacağı hələ dəqiqləşməyib". 

Bu barədə "Sherg.az"a görkəmli sənətkarın oğlu Hekayət Nəsibov bildirib. O qeyd edib ki, ustadın Bakıda hansısa qəbiristanlıqda və ya Qazaxda dəfn olunacağına dair məlumatlar həqiqəti əks etdirmir: 

"Hələ ki dəqiq məlumat yoxdur. Məlumat olan kimi ictimaiyyətə məlumat veriləcək".   


Qeyd edək ki, görkəmli aşıq bu gün 78 yaşında dünyasını dəyişib. Aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub.
Ə. Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.

Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, "Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib.

Ayyət ƏHMƏD