Dəfn eyni qaydada keçirilməlidir

"Mərasimlər elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin"
"Artıq Naxçıvanda və bəzi rayonlarda dini mərasimlər sadələşdirilmiş formada keçirilir. Lakin hələ də bir çox rayonlarımızda israfçılığa yol verilir"

"Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır”. Bunu Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov "Dini mərasimlər: tarix, ənənə və hüquq” adlı tədbirdə deyib. Deputat bildirib ki, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısını mütəmadi müşahidə edirik: "Bunu istər məscidlərin tikilib, yenidən təmir olunub, insanların istifadəsinə verilməsi, o cümlədən dini mərasimlərdə cənab Prezidentin iştirakı və qeydiyyatdan keçmiş dini icmalara nəqliyyat vasitələrinin verilməsində şahidi oluruq. Maşınların verilməsində müəyyən çaşqınlıq yaranır. Söhbət fərdlərdən getmir, icmalardan gedir. İcmalar nəqliyyat vasitələri ilə təmin olunurlar və bu proses də başlayıb”.

"Kimliyindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək”

Siyavuş Novruzov bildirib ki, Azərbaycanda dini mərasimləri islam dini, ənənələrlə yanaşı, qanunlarla da tənzimləmək zəruridir: "Mərasimlər elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin, uyğunluq təşkil etsin, israfçılığa yol verilməsin, hər kəs öz imkanına uyğun mərasim keçirə bilsin. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu iştiqamətdə iş aparır, çağırışlar edir. Artıq Naxçıvanda və bəzi rayonlarda dini mərasimlər sadələşdirilmiş formada keçirilir. Lakin hələ də bir çox rayonlarımızda israfçılığa yol verilir. Bu istiqamətdə iş aparılmalıdır. Cəmiyyəti inandırmalıyıq ki, mərasimlərdə israfçılığa yol vermək lazım deyil, dində də belə bir şey yoxdur. Elə etməliyik ki, insanlar mərasimdən sonra uzun müddət bunun əziyyətini çəkməsin, borc içində qalmasınlar. Azərbaycanda yas mərasimləri əvvəllər 40 gün keçirilirdi, lakin sonra zaman-zaman sadələşdirildi və hesab edirəm ki, bundan sonra da sadələşdirilməlidir”. Məzarlıqlar haqqında danışan S.Novruzov bildirib ki, bununla bağlı sənəd təsdiq olunmalıdır: "Bu sənəd təsdiq edildikdən sonra maddi vəziyyətindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək”.

"Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir”

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə də deyib ki, dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir. PA rəsmisinin sözlərinə görə, dini mərasimlər qrup halında, kütləvi şəkildə icra olunur: "Dini mərasimlər kütlələr üzərində böyük psixoloji təsir qüvvəsinə malikdir. Belə mərasimlər zamanı insanların sosial statusu unudulur, hər təbəqədən insanlar bir-birinə yaxınlaşır. Çünki dini mərasimlər ictimai həyatın ayrılmaz tərkib hissəsini təşkil edir”. A.Əlizadənin fikrincə, dini mərasimlərin siyasi-hüquqi tərəfinə gəlincə, Azərbaycanda dövlət-din münasibətləri dünyəvi prinsiplər əsasında qurulub:

"Dini mənsubiyyətindən asılı olmayaraq dini ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şərait yaradılıb. Yəni ölkədə dini etiqad azadlığı tam təmin olunub. Amma bu o demək deyil ki, dini mərasimlərin keçirilməsi zamanı hüquqi qaydalara, ictimai normalara riayət olunmamalıdır. Ona görə də dini mərasimlər ictimai asayişi pozmadan icra olunmalıdır. Heç kəs dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilməməlidir”.
A.Əlizadə əlavə edib ki, mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir: "Təəssüf ki, xarici dairələr tərəfindən idarə olunan və islam adı altında hərəkət edən bəzi radikal qruplaşmalar dini mərasimləri siyasi şüarlar səsləndirmək vasitəsinə çeviriblər. Dini mərasimləri yerinə yetirərkən ifrat hərəkətlərə, zarafata yol verilməməlidir. Lakin belə neqativ sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır”.

"Camaat nə deyər?!” prinsipi insanları səhv etməyə sövq edir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bildirib ki, bütün gənclər dinə sadiq olmalı, dini mərasimlərdən xəbərdar olmalı, ritualları bilməlidir. Komitə sədrinin sözlərinə görə, bu mərasimlərdə vətəndaşların heç bir hüquqi məsuliyyəti yoxdur: "Bu, birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israflığa yol verir. "Camaat nə deyər?!" prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, Allah nə deyir? Dinimiz nə buyurur?".

Komitə sədri qeyd edib ki, müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, bu məsələyə dövlət müdaxilə edəcək: "Azərbaycanda bu kimi hallara rast gəlinmir. Lakin maarifləndirmə aparılmazsa, dünya ölkələrində baş verən bu kimi hallar bizə də yansıya bilər. Gənclərin adi salavat çevirə bilməməsi maariflənmənin nisbətən az olduğundan xəbər verir. Odur ki, maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasın”.

İsmayıl