Dəfn və anadan olma xərcləri azaldıldı





"Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi"nin parlamentdə müzakirəsi zamanı gələn ilin sosial müdafiə və sosial sığorta xərcləri açıqlanıb. 

Sherg.az-ın məlumatına görə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 400,0 milyon manat proqnozlaşdırılır: 

"Fondun xərclərinin 1 270,0 milyon manatı dövlət büdcəsindən birbaşa transfert, 2130,0 milyon manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək. Sənədə əsasən, pensiya xərcləri bu illə müqayisədə 77,72 milyon manat artacaq”. Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər xərclər 1,5 faiz artırılaraq 104,4 milyon manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 600 min manat artırılaraq 22,6 milyon manata, hamiləliyə və doğuşa görə xərclər 600 min manat artırılaraq 28,1 milyon manata, uşağın anadan olmasına görə xərclər 580 min manat azaldılaraq 7,2 milyon manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 300 min manat artırılaraq 13,4 milyon manata, dəfn üçün xərclər 1,7 milyon manat azaldılaraq 15,5 milyon manata, işsizliyə görə xərclər isə 15,3 faiz və yaxud 2,33 milyon manat artırılaraq 17,6 milyon manata çatdırılıb.

Anar