" Ehtiyac meyarının 200 manata çatdırılması lazım idi"
"Dekabr manat üçün vacib aydır" - Müsahibə
"Vüqar Bayramov:"Birincisi, mövcud məzənnənin qorunub saxlanması, ikincisi xarici valyuta ilə kredit götürən şəxslərə güzəştlər edilməsidir"
" Ehtiyac meyarının 200 manata çatdırılması lazım idi"
" Ehtiyac meyarının 200 manata çatdırılması lazım idi"
"Bankların kredit portfeli 16 milyard 705 milyon manatdan 12 milyard 437 milyon manatadək azalıb"
"Neftin 60 dollar intervalı qorunub saxlanacaq"
"Ola bilər, gələcəkdə sosial mənzillərin verilmə şərtləri yüngülləşdirilsin və proses genişləndirilsin"
İqtisadçı - ekspert Vüqar Bayramovun ölkənin iqtisadiyyat həyatında baş verən dəyişikliklərlə bağlı "Sherg.az”a verdiyi müsahibəni təqdim edirik.
-Bank sistemindən başlayaq. Kredit faizlərinin yüksək olması narazılıqlara səbəb olur. Buna rəğmən yenə də banklar faizləri yüksək qoyur. Sizcə, səbəb nədir ?
-Bu il kommersiya banklarındakı əmanətlərin həcmi 7 milyard 747 milyon manatdan 7 milyard 22 milyon manatadək azalıb. Bu isə o deməkdir ki, bu müddətdə banklardakı əmanətlərin həcmi 725 milyon manat azalıb. Mövcud əmanətlərin 1 milyard 982 milyon manatı milli, 5 milyard 40 milyon manat isə xarici valyutada saxlanılır. Deməli, əmanətlərin 70 faizindən çoxu xarici valyutadadır. Əmanətlərin həcminin azalması ilə yanaşı diqqəti çəkən digər məqam depozit faizlərinin aşağı düşməsidir. Əgər əvvəllər əksər banklarda manat üzrə depozitlərə 15, dollardakı vəsaitə 3 faiz təklif olunurdusa, indi bu göstərici, milli valyuta üzrə əksər banklarda 10 faizdən aşağı, xarici valyutada isə orta hesabla 1 faizdir.
Sual yaranır: əgər depozit məbləğləri azalırsa, niyə banklar faizləri aşağı salmaqda davam edirlər? Bankların depozit faizlərini aşağı salması əmanətlərin yerləşdirilməsi ilə bağlı çətinliklərin olması ilə əlaqədardır. Yəni, bankların əksəriyyəti depozit kimi cəlb etdiyi vəsaiti kredit formasında yerləşdirməkdə çətinlik çəkirlər. Bu, kreditlər üzrə şərtlərin sərtləşdirilməsi ilə yanaşı, kredit bazarında riskin yüksək olması ilə izah olunur.
Rəsmi statistikaya əsasən, bu il bankların kredit portfeli 16 milyard 705 milyon manatdan 12 milyard 437 milyon manatadək azalıb. Bu isə o deməkdir ki, kredit portfelində azalma hətta depozit həcmi ilə müqayisədə daha qabarıq özünü göstərməkdədir. Nəticədə, banklar cəlb etdikləri vəsaiti iqtisadiyyata yönəltməkdə çətinlik çəkdikləri üçün depozit faizlərini aşağı salmaqda davam edirlər.
Təəssüf ki, depozit faizlərinin aşağı salınmasına baxmayaraq Azərbaycanda kredit faizləri yüksək olaraq qalmaqdadır. Bununla yanaşı, güman olunur ki, depozit faizlərində azalmalar davam edəcək.
-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ay pensiya məbləğlərinin indeksasiya ediləcəyini açıqlayıb. Pensiyaların yeni indeksasiya mexanizmi necədir? Gələn ay pensiya məbləği neçə faiz artacaq?
-Yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var. Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq "keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə bu anlayışdan artıq istifadə edilmir. Gələn ildən isə məbləğindən asılı olmayaraq bütün pensiya məbləğinə indeksasiya tətbiq ediləcək. Pensiya məbləğində artımlara gəldikdə isə, bu ilin 9 ayında orta aylıq əmək haqqı 7.2 faiz artıb. Doğrudur, 2017-ci ildə orta aylıq əmək haqqı məbləğində 6.2 faiz artım proqnozlaşdırılır. Bununla belə, növbəti aylarda faktiki göstərici ciddi dəyişməzsə o zaman gələn aydan pensiya məbləğlərində təxminən 7 faiz artım qeydə alınacaq. Orta pensiya məbləğinin 208 manat olduğunu nəzərə alsaq bu halda orta pensiya 15 manata yaxın artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək yanvar ayında alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Gələn ay indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq 2018-ci ildə pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır.
-Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər neft hasilatının azaldılmasına dair sazişin müddətini 2018-ci ilin sonuna kimi uzadıb. Yeni razılaşmaya Azərbaycan da qoşulub. Göstərilən tədbirlərin fonunda 2018-ci ildə neftin qiymətində hansı dəyişiklik gözlənilir?
-Neftin qiyməti ilə bağlı fərqli yanaşmalar var. Praktiki olaraq, OPEC neftin 1 barelinin qiymətinin 60 dollar ətrafında stabilləşməsində maraqlıdır. Amma "Brent” markalı neftin 1 bareli 60 dollardan bahadır. Bu, son illər üçün yüksək qiymət kimi xarakterizə olunur.
Neftin 2018-ci ildə qiymətlərinə gəlincə isə kəskin artımlar proqnozlaşdırılmır. OPEC anlaşmanı 2018-ci ilin sonuna qədər uzatdı. Buna əməl olunsa, tərəflər öhdəlikləri yerinə yetirsə, neftin 60 dollar intervalı qorunub saxlanacaq. Bu, vacibdir. Azərbaycan üçün də həmin qiymət məqbul hesab olunur. Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini nəzərə alsaq, neftin qiymətinin 50 dollardan çox olması müsbət haldır. Büdcədə neftin qiyməti 45 dollar müəyyən olunduğundan bu, dünya bazarında 60 dollar civarında olarsa, dövlət gəlirləri daha çox olacaq.
-2017-ci ilin yanvar-noyabr ayları ərzində manat dollara nisbətən 3,99 faiz möhkəmlənib. Bəs 2018-ci il üçün manatın məzənnəsində nə proqnozlaşdırılır?
-Dekabr manat üçün vacib aydır. Çünki dekabrda manata tələbin artması gözlənilir. Bununla belə Mərkəzi Bank (MB) manatın məzənnəsini qorumağa çalışır. Hərracda manatın məzənnəsinin cüzi bahalaşması da bunu sübut edir. MB-nın mövqeyi önəmlidir. Birmənalı şəkildə bu qurum manatın məzənnəsinə təsiri qoruyub saxlayır. Manatın möhkəmlənməsinə indiki zamanda ehtiyac yoxdur. Bu, qeyri-neft sektorunun ixrac imkanlarını da məhdudlaşdıra bilər. Daha məqsədə uyğundur ki, MB manatın qorunub, saxlanmasını davam etdirsin.
Bu sahədə görüləcək tədbirlərə gəldikdə isə xarici valyutada kredit götürmüş şəxslərə müəyyən güzəştlər edilə bilər. Bununla həmin vətəndaşların çətinliyi qismən aradan qaldırılar. Ümumən, məzənnə siyasətində Mərkəzi Bank iki istiqaməti üstün tutmalıdır: birincisi, mövcud məzənnənin qorunub saxlanması, ikincisi xarici valyuta ilə kredit götürən şəxslərə güzəştlər edilməsidir. Nəticədə, mövcud məzənnə investisiya imkanlarının artırılmasına, qeyri-neft sektorunun inkişafına şərait yaradar.
-Ehtiyac meyarı 14 manat və ya 12% artırılaraq 130 manata çatdırılıb. Bu artım kifayət edirmi?
-Ehtiyac meyarının artımını müsbət qiymətləndirilməlidir. Çünki bu artım ünvanlı sosial yardım kimi vəsaitlərin artırılmasına da səbəb olur. Amma məlum artımın daha çox olması məqsədəuyğundur. İndiki məqamda həmin məbləğin 200 manata çatdırılması lazım idi. Belə olarsa, mövcud qiymətlərə uyğunluq da nəzərə alınar. Hökumət çalışmalıdır ki, qısa müddətdə ehtiyac meyarını 200 manata çatıdırsın.
-Ünvanlı sosial yardımın ləğvi son illərin müzakirə predimetidir. Yaxın gələcəkdə bu yardımın qəti ləğvi hansı nəticələrə gətirib çıxara bilər?
-Ünvanlı sosial yardımın özünü məşğulluq proqramına keçirilməsinə ehtiyac var. İndiki mərhələdə ünvanlı sosial yardım proqramının qısa zamanda, birdəfəlik ləğvi mənfi nəticələnə bilər.
Özünü məşğulluq proqramına keçilmə imkan verir ki, vətəndaşlar özü üçün iş yeri yaratsın, gəlir əldə etsin. İnsanlar öz işini yaradıb, məşğuliyyət tapacaqsa, avtomatik ünvanlı sosial yardım alanlar azalacaq. Müəyyən müddətdən sonra isə bu şəxslərin sayı minimuma düşəcək. Prosesin praktik olaraq, normal, özünü məşğulluq proqramının tələblərinə uyğun aparılmasına ehtiyac var. Ünvanlı sosial yardımın ləğvi sərt şəkildə müzakirə obyekti olmamalıdır.
-2018-ci ildə baş tutacaq ən vacib məsələlərdən biri sosial mənzillərin sahiblərinə paylanmasıdır. Təəssüf ki, burada müəyyən olunan kateqoriyalar sadə vətəndaşlara elə də uyğun deyil. Gələcəkdə gənc ailələrə əlçatan olması üçün sosial mənzillərin verilmə qaydalarında hansı dəyişikliklər olmalıdır?
-Hazırda qeydiyyat davam edir. 7000-dən artıq vətəndaş sosial mənzil almaq üçün qeydiyyatdan keçib. Yasamal rayonunda tikilən yeni binalarda təxminən 1900-ə yaxın sosial mənzil olacaq. Hövsanda da yeni sosial evlərin tikiləcəyi planlaşdırılıb. Buradakı binalarda isə təxmini 3000 mənzil olacaq. Göründüyü kimi mənzillərin sayı hər il artırılır. Mənzil almaq üçün qeydiyyatdan keçən şəxslərin sayı isə hər iki bölgədə təklif edilən mənzillərin sayından daha çoxdur. Buna görə, sosial mənzillərin sayının artırılması vacibdir ki, vətəndaşların istəyi həyata keçirilsin.
Ola bilər, gələcəkdə sosial mənzillərin verilmə şərtləri yüngülləşdirilsin və proses genişləndirilsin. Ümumilikdə, digər vasitələr hesabına da mənzillərin inşası mümkün ola bilər. Nəticədə müxtəlif kateqoriyalarda mənzillər əhaliyə təklif edilər. Bu da daha çox vətəndaşlarımızın, gənc ailələrin mənzillə təmin olunmasına şərait yaradar. Sosial Mənzil Fondu sosial mənzil almaq hüququ üçün kateqoriyaları artırmalıdır. Birmənalı şəkildə daha çox gənc ailələrin sosial mənzillərlə təmin olunmasına çalışmalıyıq.
Yasamal rayonunda inşa edilən sosial mənzillərə təxminən 2 ay sonra seçim başlayacaq. Lazımdır ki, qeydiyyatdan keçən, elektron kabinetləri olan şəxslər rəsmi bildiriş alan kimi mənzil seçimi etsinlər. Çünki mənzili ilk seçən mənzilə sahib olur. Ona görə, bu müddətdə daha diqqətli olmaq, seçimi dəqiqləşdirmək önəmlidir.
Hazırladı: Aysel Aslan