Demokratiya əzilir...

ABŞ-da keçiriləcək seçkilərə inam azalıb
Nəticəni dəqiq bilən müşahidəçilər vaxtlarını boş yerə sərf etmək istəmirlər



Amerika Birləşmiş Ştatlarının seçici hüququna sahib olan vətəndaşları Ağ Evi növbəti müddətə idarə edəcək şəxsi müəyyənləşdirməyin astanasındadır. Gələn ay keçiriləcək seçkilərdə əsas mübarizə namizədlər Donald Trampla Hillari Klinton arasında gedir. İstər seçkiqabağı namizədlər arasında gedən qızğın mübarizə, istərsə də seçkiyə olan həm daxili, həm də beynəlxalq diqqət onu deməyə əsas verir ki, növbəti seçkilər Amerika tarixində ən yaddaqalan marafon olacaq. Eyni zamanda noyabr seçkiləri Amerika siyasəti ilə bağlı bir çox gizli mətləbləri də üzə çıxaracaq. Daha dəqiq desək, son bir neçə seçkilərdə gündəmə gələn, ancaq maksimum dərəcədə ört-basdır edilməyə çalışılan seçki saxtakarlıqlarını ortaya sərəcək. Artıq dünyaya demokratiya dərsi keçən Vaşinqtonun qeyri-demokratik oyunu göz önündədir...

Seçki ərəfəsində cərəyan edən proseslər seçkilərin "sürprizsiz” ötüşməyəcəyini göstərir

Xatırladaq ki, Amerikada keçirilən prezident seçkilərində saxtakarlıq və qanun pozuntuları hallarına yol verilməsi barədə iddialar hələ ata Corc Buşun Ağ Evdən vidalaşmasından sonra gündəmə gəlib. Təsadüfi deyil ki, bir sıra Amerika siyasi təhlilçiləri məhz ata Corc Buşdan sonra ABŞ-da demokratiya, şəffaflıq ənənələrinin tədricən məhvə doğru getdiyini söyləyirdilər. Dünyaya demokratiya dərsi keçən bir ölkənin hər prezident seçkilərində ciddi saxtakarlığa yol verdiyi Bill Klinton və Barak Obamanın zamanında daha çox söylənilməyə başladı. Hətta Barak Obamanın birinci dəfə prezident seçilməsi zamanı ayrı-ayrı ştatlarda səsvermə günü yol verilən nöqsanlar, seçki saxtakarlıqlarını əks etdirən videogörüntülər yayıldı. Hazırda da seçki ərəfəsində cərəyan edən proseslər seçkilərin "sürprizsiz” ötüşməyəcəyini göstərir. Hətta seçki saxtakarlığının olacağı indidən prezidentliyə namizədlərə bəllidir. Hər halda Ağ Evə rəhbərlik uğrunda mübarizəyə qoşulmuş Donald Trampın son açıqlamaları bunları bir daha təsdiqləyir. Tramp bir neçə gün əvvəl iddia edib ki, ölkəsində keçiriləcək budəfəki seçkilər ciddi saxtakarlıqla yadda qalacaq. O bildirib ki, seçkilər Hillari Klintonun xeyrinə saxtalaşdırılacaq.

"Seçkini satın ala bilərəm, çünki digər namizəd belə edir...”

Namizəd Donald Tramp rəqibi Hillari Klintonun prezident seçiləcəyi halda aparacağı siyasətin ölkəni üçüncü dünya müharibəsinə sürükləyə biləcəyini bəyan edib. O iddia edib ki, Klintonun Suriyaya dair heç bir planı yoxdur: "Onun prezident seçilməsi üçüncü dünya müharibəsi ilə nəticələnəcək. O, Liviyada nə etdiyini bilmir”. Namizəd ABŞ seçki sistemini də tənqid edib. İndiana ştatında tərəfdarları qarşısında çıxış edən milyarder namizəd bildirib ki, əgər istəsə, seçkiləri satın ala bilər: "Seçkiqabağı kampaniya zamanı ştatlardan olan nümayəndələrlə nahar etmək, onlara otel sifariş etmək, təyyarəyə yerləşdirmək, kurorta göndərmək elə seçkiləri satın almaq kimi bir şeydir. Əgər seçki oyunu bundan ibarət olsaydı, mən mütləq qalib gələrdim. Mən rəqiblərimin ağlına gətirmədikləri qədər çox səs satın ala bilərəm. İnanın, bu sistem bu qədər pis və ədalətsizdir”.

"ABŞ-da budəfəki seçkilər ciddi problemlərlə yadda qalacaq”

Trampın seçki saxtakarlıqları barədə açıqlaması Ağ Evdə son aylarını yaşayan Obama üçün şok effekti yaradıb. Obama Trampın dediklərini qətiyyətlə qəbul etməyərək ölkəsində seçkilərin azad və ədalətli keçiriləcəyini bildirib. Lakin seçki prosesini izləməyə maraqlı olan müşahidəçilərin sayının getdikcə azalması onu deməyə əsas verir ki, artıq hər kəsə noyabr seçkilərinin saxtalaşdırılacağı bəllidir. Elə bunu dəqiq bilən müşahidəçilər də vaxtlarını boş yerə sərf etmək istəmirlər. Həmçinin son 50 ildə ilk dəfə olaraq bu seçkidə Ədliyyə Nazirliyi ölkənin ən təhlükəyə açıq hissələrinə təlim keçmiş federal müşahidəçiləri göndərməyəcək. Halbuki 2012-ci il seçkisi üçün Ədliyyə Nazirliyi 23 ştata 780 müşahidəçi göndərmişdi. Bu il isə sadəcə beş ştatda müşahidəçilər olacaq. Hətta müstəqil ekspertlər də açıq şəkildə qeyd edirlər ki, hər zaman demokratiyanın təməli və dünyadakı bir çox ölkə üçün etalon olan ABŞ-da budəfəki seçkilər ciddi problemlərlə yadda qalacaq.

İsmayıl