“Denqe” virusu insanları ölümə aparmır

“Ən pis halda mədə-bağırsaq qanaxması, qanqusma, qızdırma və ya təzyiqin kəskin düşməsi kimi hallar baş verə bilər”


Gürcüstanın azərbaycanlıların kompakt məskunlaşdığı Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda "Denqe” virusu qeydə alınıb.

Gürcüstan bürosunun "www.newsgeorgia.ge” saytından verilən məlumata görə, təhlükəli virusa Fazisi kəndində cavan kişi yoluxub. Bolnisi rayonunun İctimai səhiyyə mərkəzinin direktoru Maka Mamardaşvili deyib ki, xəstədə virusun yüngül formasıdır və o, demək olar ki, sağalıb.
Bolnisiyə artıq entomoloqlardan ibarət qrup yollanıb və qrup 10 gün iş aparacaq. Əgər mütəxəssislər virusun daşıyıcısını aşkar etsələr, dezinfeksiya işləri aparacaqlar.

Qeyd edək ki, "Denqe” virusu ağcaqanad vasitəsi ilə yayılır, bu virus tropik ərazilərdə geniş yayılıb. Gürcüstanda "Denqe” virusu ilk dəfə 2013-cü ildə və daha sonra 2016-cı ildə qeydə alınıb.

Bakı şəhər Təcili yardım stansiyasının səyyar həkimi Şahvələd Məmmədovun sözlərinə görə, "Denqe” virusuna İkinci Dünya müharibəsindən sonra əsasən tropik ölkələrdə daha çox rast gəlinib və insan həyatı üçün o qədər də ciddi təhlükə yaradan bir virus deyil: 

"2013 və 2016-cı illərdə Gürcüstanda yenidən bu virusa rast gəlinib. Əsasən çirkli su hövzələrindən və ağcaqanadların insanları dişləməsi nəticəsindən yaranır. Görünür ki, 2013 və 2016-cı illər bu virusa çox ağır formada təsadüf olunmadı. Virus orqanizmə düşərkən onun intaksikasiyası çox ağır keçmir və əsasən 5 növü var. Hər biri də yüngül səviyyədə olan viruslardı. İndiki halda bu virus insanları ölümə aparmır. 

Ən pis halda mədə-bağırsaq qanaxması, qanqusma, qızdırma və ya təzyiqin kəskin düşməsi kimi hallar baş verə bilər. Ancaq yenə də Gürcüstan Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı araşdırmalar aparır. Təsadüfən azərbaycanlılar yaşayan bölgədə rast gəlinib. Əslində bu virus İkinci Dünya müharibəsindən sonra epidemiya halını alan virus olub, lakin bu, indiki gündə epidemiyaya səbəb olan virus deyil. Çünki həmin ərazidə rast gəlinən "Denqe” virusu yerli icra strukturları tərəfindən araşdırılır, çirkli su hövzələri aşkar edilir və tədbirlər görülür”.

Yeganə Bayramova