Deputat: “Gerb sözü səhvdir, himnimizin sözlərində də yalnışlıqlar var”





Bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələri müzakirə edilib. Müzakirə zamanı deputat Rəfael Hüseynov deyib ki gerbimizlə bağlı elə məsələ var ki, islah olunmalıdır: 

"Gerb sözü səhvdir. Dövlət rəmzləri məsələsində müstəqilliyimizi, böyüklüyümüzü qoruyub saxlaya bilməliyik. Əsas qanunumuzda, bütün kitablarda Gerb sözü Herb olmalıdır. 

Bununla bağlı illər öncə yazdığım "Əlifba” kitabında qeyd etmişəm. Hələ Ulu Öndər hakimiyyətdə olarkən mənim bu kitabımı oxumuş və 170-ci səhifədə Gerb sözünün Herb yazmağımla bağlı maraqlanmışdı. Bildiyiniz kimi Herb polyak sözüdür və rus dilində h hərfi olmadığı üçün g ilə yazılır. Ancaq əcnəbi sözlər Azərbaycan dilinə keçərkən biz dilimizin normasına əsasən orginalı əsas götürürük. Ruslar gipertoniya deyir, amma biz hipertoniya kimi götürürük, onlar Herakl sözünü g ilə verir, amma biz də h ilə yazılır. Yeganə dil xətası bizim ən vacib sözümüz olan Gerb sözündə pozulur. Biz başqa dilin normasını özümüzünkü kimi təsdiqləyə bilmərik”.

Millət vəkili bildirib ki, bununla bağlı müsabiqənin elan olunması, gerbimizin yenidən qəbul olunub, adının düzgün şəkildə təsdiqlənməsinə ehtiyac var: 

"Azərbaycan Dövlət Himnin sözləri ilə bağlı da müəyyən yanlışlıqlar var. Ümumiyyətlə, simvollarımız daha düzgün şəkildə təqdim olunmalıdır”.