Deputat məktəblərdə telefondan istifadənin yasaqlanmasını istəyir: "... gecikməməliyik !"





Bu ilin may ayında Fransada məktəblərdə mobil telefondan istifadəyə qadağa qoyulması barədə qərar qəbul edildi. Bundan sonra bir çox ölkələrdə də həmin təcrübənin tətbiq edilməsi gündəmə gəldi. Hətta Rusiyanın Təhsil Nazirliyi də oxşar qərar verilməsi barədə təşəbbüsü dəstəklədiyini bildirib.

Millət vəkili Fazil Mustafa da özünün sosial şəbəkə hesabında orta məktəblərdə mobil telefon istifadəsinin qadağan edilməsi barədə təkliflə çıxış edib. Deputatın fikrincə, Təhsil Nazirliyi dərhal müvafiq addım atmalı, fövqəladə zərurət olmadıqca məktəb ərazisində mobil telefondan istifadəni şagirdlərə qadağan etməlidir.

Sözügedən təklifi haqqında "Sherg.az”a danışan F.Mustafa mobil telefonlara qadağa qoyulmasının şagirdlərin əlavə məşğuliyyətlərə vaxt sərf etməməsi, diqqətinin dərslərə cəmlənməsi üçün vacib olduğunu söyləyib:

"Bu qərarın qəbul edilməsi üçün gecikməməliyik. Uşaqlara valideynləri ilə əlaqə saxlamaq üçün hansısa formada alternativ vasitələr yaratmaqla, mobil telefonlardan istifadəni məhdudlaşdırmaq olar. Bütövlükdə, dərs zamanı, məktəb ərazisində şagirdlər mobil telefon işlətməməlidir. Uşaqların diqqətinin yayınmasının qarşısını almaq, müəllimlə təmasını, kollektivlə ünsiyyətini gücləndirmək üçün imkan yaranacaq. Qadağanın hansı formada tətbiq olunması müzakirə edilə bilər.

Fransanın simasında bir çox ölkələrdə artıq orta məktəblərdə mobil telefonların qadağan edilməsi istiqamətində işlər görülür. Bəzi ölkələrdə smartfonların orta məktəbdə istifadəsinin yasaqlanması, sadə telefonlara məhdud dərəcədə şərait yaradılması təklif edilirdi. Lakin həmin təşəbbüsün effektiv olacağını düşünmürəm. Çünki istənilən telefon bu və ya digər şəkildə internetə çıxış əldə edir. Bu da şagirdlər üçün yaxşı hal deyil”.

Parlamentari qeyd edib ki, təhsil ekspertlərinin təklif etdiyi kimi, orta məktəblərdə şagirdlərin valideynlərlə əlaqə qurması üçün taksofonlar quraşdırıla bilər:

"Bu, daha ağlabatan variantdır. Çünki valideynlər və şagirdlər daha çox əlaqə problemini bəhanə edərək, mobil telefon istifadəsini çıxış yolu kimi görürlər. Belə imkan yaradılarsa, mövcud problem aradan qalxar”.

Aysel Aslan