Deputat SAVAŞ istəyir: " Erməniləri torpaqlarımızdan çıxartmağın vaxtı çoxdan çatıb"




"Düşməni yerində oturtmağın, onu sürüyüb, Azərbaycan torpaqlarından kənara atmağın və darmadağın etməyin vaxtı çoxdan çatıb”.

Bu sözləri Sherg.az-a erməni silahlı bölmələrinin minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmasından danışarkən millət vəkili Elman Məmmədov deyib. 

O bildirib ki, Azərbaycan torpaqlarında işğalçı dövlətin qoşunları olduğu müddətdə atəşkəsdən söhbət gedə bilməz:

"İşğalçı qoşunlar torpaqlarımızdan çıxmasa, bu gərginliklərin sonu müharibə ilə nəticələnəcək. Onlar son nəfəsdə olan hərbi-siyasi xuntadır. Davamlı təxribatlara əl atmaqla Ermənistan hakimiyyətini ələ keçirən qüvvələr cəmiyyət qarşısında özlərinə guya haqq qazandırıb, güclü olduqları barədə rəy yaratmağa çalışırlar. Serj Sarkisyan və onun komandası hakimiyyət ömürlərini uzatmaq üçün vaxtaşırı belə təxribatlara əl atır. Təxribatların xeyli hissəsi də Ermənistan-Azərbaycan cəbhə xəttinə yönəldilir. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini cəlb etməyə çalışırlar ki, guya Azərbaycan -Ermənistan ərazisinə atəş açıb, niyə köməyə gəlmirsiniz? Bunların hamısı erməni murdarlığı, hiylələridir. 

Bunun qarşısı isə Azərbaycan ordusu tərəfindən alınır, layiqli zərbələr vurulur. Lakin hesab edirəm ki, artıq cavab zərbələri endirmək kifayət etmir. Həlledici addım atıb, erməniləri birdəfəlik yerində oturtmaq lazımdır. Düşməni irimiqyaslı hərbi əməliyyatlarla, darmadağın edib, başa salmalıyıq ki, Azərbaycan artıq 90-cı illərin əvvəlindəki ölkə deyil. Azərbaycan dünyanın ən güclü, müasir silahlarla silahlanmış, yüksək hazırlıqlı ordusuna malik dövlətdir. Ermənilərə demək lazımdır ki, havadarlarınız olmasa, siz qarşımızda tab gətirə bilməzsiniz. Onlar bunu bilirlər. Son 25 ildən artıq olan dövrdə törətdikləri faciələrə, cinayətlərə, təxribatlara görə, heç bir beynəlxalq qurum, söz sahibi olan dövlət tərəfindən cəzalandırılmadılar. Heç bir sanksiya tətbiq olunmadı, əksinə olaraq onlara maliyyə, siyasi, diplomatik, silah, mənəvi dəstək verildiyi üçün onlar özlərini cəzasız hesab edib, ürəklənirlər.

 Cənab prezidentimiz dəfələrlə kəskin şəkildə ifadə edib ki, biz təkcə bu cırtdan işğalçı dövləti yox, onun arxasında dayanıb, havadarlıq edənləri də başa salırıq ki, sizin də köməyiniz fayda verməyəcək. Əksinə erməniləri arxayınlaşdırmaqla, son nəticədə dövlətin tamamilə aradan götürülməsinə, məhvinə səbəb olacaqlar. Günahkar isə dövlətin özü ilə bərabər ona havadarlıq edən, ədalətsiz beynəlxalq qurumlar və həmsədr dövlətlər olacaq. Çünki artıq onlar məcbur edir k, Azərbaycan müharibə addımını atsın”.


Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Ayyət Əhməd