Tanınmış jurnalist Azər Həsrət sosial şəbəkədə qalmaqallı paylaşım edib. Jurnalist rus bölməsində təhsil alan azərbaycanlı uşaqların içkiyə meyilli olduğunu vurğulayıb:
"Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm.
Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun”.
Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa "Sherg.az”a açıqlamasında söyləyib ki, rus bölməsində təhsil alan şagirdlərin içkiyə və əyləncəyə meyilli olduğunu söyləmək düzgün yanaşma deyil.
Deputat rus dilli məktəblərlə bağlı müşahidələrinin fərqli olduğunu deyib:
"Təbii ki, rus dili bölməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ona görə də, kiminsə dediklərinə aqressiv yanaşmağın tərəfdarı deyiləm. Bu məsələ ilə əlaqədar təhlillər aparmaq lazımdır. Hesab edirəm ki, bu gün Azərbaycanda klassik mənada rus məktəbi anlayışı yoxdur. Ölkəmizdə daha çox moda olaraq rus dilinə meyillilik var. Əslində əksər insanların rus məktəbində oxumaqlarında məqsəd bunu elitarlıq olaraq görmələridir. Hətta elitar olmasalar belə, elitarlığın rus dilini bilməklə əlaqəli olduğunu inanırlar. Bütün bunlarda müəyyən qədər həqiqət payı da var. Müasir dövrdə rus və ingilis dilini bilmək olduqca vacibdir.
Lakin rus bölmələrinin sayının artması daha çox türk məktəblərinin bağlanması ilə əlaqəlidir. Elə etmək lazımdır ki, həm rus, həm ingilis, həm də öz dilimizi öyrənmək mümkün olsun. Ona görə də rus dilli məktəbləri günahlandırmaq düzgün deyil. Çünki Azərbaycanda rus ədəbi dilini öyrədən məktəblər yox səviyyəsindədir. Ölkəmizdə bütövlükdə danışıq dili səviyyəsində rus dilinin öyrənilməsi üstünlük təşkil edir. Kənarda rus mühiti olmadığı üçün, yəni ancaq azərbaycanlılarla təmas rus dilində olduğuna görə, bu başqa mədəniyyətin mənimsənilməsi mənasına gəlmir”.
Deputat qeyd edib ki, əyləncə mərkəzlərinə baş çəkən uşaqların yalnız rus dilli olması inandırıcı deyil:
"Çünki hər kateqoriyadan insanlar var. Ona görə də rusdilli mühitdə böyüyənlərin və təhsil alanların mütaliə vərdişi daha yaxşı olur. Onlar daha zəngin ədəbiyyatla qarşılaşırlar. Rus dilli bölmələrin üzərinə düşmək, rus dilində təhsil alanları hədəf götürmək düzgün deyil. Ümumiyyətlə, bu məsələyə cəmiyyətdə olan problemlərin yansıması var. Çünki, əvvəllər də uşaqların çevrəsində rus, yəhudi və.s olurdu və kimsə içki içirdi.
Lakin indi çevrənin hamısı demək olar ki azərbaycanlılardır. Ətrafımız azərbaycanlılardırsa, onun hansı dildə danışması əhəmiyyət daşımır. Deməli, mənimsədikləri məhz Azərbaycan mentalitetindən olanlardır. Əsas odur ki, cəmiyyətdə olan neqativlər yığışdırılsın. Məsələn, qəlyanxanaları, əxlaqsızlıq yuvalarını, narkomaniya ocaqlarını yox etmək lazımdır ki, uşaqlar təsir altına düşməsin. Onların hansı dildə danışmasının məsələyə elə də təsiri yoxdur. Fikrimcə, belə yanaşmalar düzgün deyil”.
Yeganə Bayramova