Deputatın maaşından narazılıq etməyə haqqı yoxdur

Zahid Oruc: “Əhalinin gəlirlərinin aşağı düşməsi fonunda parlament üzvü çıxıb deməz ki, onun əmək haqqını artırmaq lazımdır”
Elman Məmmədov: “Müəllimlərə, həkimlərə baxanda millət vəkillərinin maaşı kifayət qədər normaldır”

Millət vəkili Vahid Əhmədovun açıqlaması sosial şəbəkələrdə geniş müzakirə obyektinə
çevrilib. Deputat 2200 manat maaşla dolana bilmədiyini vurğulayıb.
Deputat söyləyib ki, hazırkı vəziyyətdə bu məbləğlə dolanmaq çətindir: "Gəlirimlə xərcimi hər
zaman hesablamağı bacaran insanam. Bədxərc insan deyiləm. Çalışıram ki, müəyyən qədər
problemlərimi həll edə bilim”.

Millət vəkili Zahid Oruc isə həmkarının bu cür konteksdə və şikayətçi bir üslubda açıqlama
vermədiyini düşünür: 

"Konkret şəxsin deyil, "parlament üzvünün hazırda aldığı maaş yetərlidirmi?” mövzusunu qoyaraq fikirlərimizi bölüşməliyik. Digər hakimiyyət qollarından fərqli olaraq parlament üzvü olmaq ikiqat məsuliyyət yaradır. Xalq təmsilçisi kimi atdığımız hər bir addım onların həyatına, gələcəyinə, sosial durumuna, iqtisadi fəaliyyətinə indekslənmiş olur. Yəni, çıxarılan qərarlar, yeni hüquqi şərtlər, mülkiyyət toxunulmazlığı əhalinin yaxşı yaşayışı üçün təmin edilməlidir. Bu gün yoxsulluq şəraitində yaşayan insanlar varsa, deməli, bu həm də bizim günahımızdır. Manatın qeyri-sabit kursu, xarici iqtisadi əlaqələrin xeyli zəifləməsi, ticarət dövriyyəsinin azalması, əhalinin gəlirlərinin aşağı düşməsi fonunda parlament üzvü çıxıb deməz ki, onun əmək haqqını artırmaq lazımdır. Təmsil edilən vətəndaşların həyat şəraiti ilə mütənasiblik həmişə gözlənilməlidir. Görünür, vətəndaşlarda müxtəlif məsələlərə münasibətdə narahatlıqlar var və onlar da öz narazılıqlarını hansısa qurumların və ya təmsilçilərin üzərinə  köçürməklə məşğuldurlar. Ona görə də bizim üçün ən başlıca vəzifə hazırkı dövrdə mənfi tendensiyaları ortadan qaldırmaqdı. İlk növbədə əhalinin sabit şəkildə gəlir qazanmasını təmin eləmək və özəlləşməni genişləndirmək lazımdır. Belə olan təqdirdə mənfi tendensiyalar
azalacaq, insanların şəraiti yaxşılaşacaq və bu vəziyyətdə xalq təmsilçilərinin durumu vətəndaşın
bir nömrəli qlobal problemi olmayacaq. Əgər bütün bu problemlər həll olunsa, xalq təmsilçilərivətəndaşların gözündə daha etibarlı olar. Beləliklə də, kimsə 2200 və 150 manatı müqayisə
eləmək məcburiyyətində qalmayacaq”.

Deputat Elman Məmmədov isə xalqın bütün təbəqələrini fikirləşməyin lazım olduğunu
vurğulayıb. O bildirib ki, aztəminatlı təbəqənin dolanışığını nəzərə alsaq, millət vəkillərinin
maaşı kifayət qədər qənaətbəxşdir: 

"Həmkarım ölçüb-biçir, aldığı məvacibi uyğunlaşdırır və görür ki, bazar od tutub yanır. Qiymətlər günü-gündən yüksəlir və o maaşla kənarda hansısa bir gəlir olmasa, bir deputat kimi normal fəaliyyət göstərmək çətinləşir. Bir şeyi də müqayisə eləmək lazımdır ki, bu gün Azərbaycan Milli Məclis deputatlarının maaşı keçmiş postsovetməkanında olan deputatların maaşlarından xeyli aşağıdır. Ancaq buna baxmayaraq, düşünürəm ki, indiki Azərbaycan reallığında bizim müəllimlərimizin, həkimlərimizin, eyni zamanda digər aztəminatlı təbəqənin dolanışığını nəzərə alanda millət vəkillərinin maaşı kifayət qədər normaldır. Çünki gərək xalqımızın bütün təbəqələrini fikirləşək və onların aldığı maaşlarla öz maaşlarımızı müqayisə edək. Müqayisə olunduqda isə narazılıq etməyə haqqımız yoxdur”.

Yeganə Bayramova