Deputatlar bayramda harada və necə DİNCƏLƏCƏK?





Artıq Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişinə saatlar qalıb. Bayramı keçirmək üçün insanlar müxtəlif istirahət məkanlarına, restoranlara, bölgələrə və ya xarici ölkələrə üz tuturlar. Bəziləri isə bu bayramı öz evində, ailə üzvləri ilə birlikdə keçirməyi planlaşdırır. Maraqlıdır, görəsən, ictimaiyyətin diqqət mərkəzində olan millət vəkillərimiz bu bayramı harada və necə keçirəcəklər? 


Millət vəkili Zahid Oruc Sherg.az -a açıqlamasında qeyd edib ki, ötən illərdəki ənənsinə sadiq qalıb, bayramı ölkədə keçirəcək: 

"Buna qədər də Yeni ili xaricdə keçirməmişik, indi də belə olacaq. Düşünürəm ki, Azərbaycanın hər bir bölgəsində bayramı gözəl keçirmək üçün şərait var. Ona görə də yaxın dostlarla, ailə üzvlərimiz və doğmalarımızla birlikdə Yeni ili qarşılamağı düşünürük. Həmçinin doğulduğum rayona gedib, yaxınlarımıza baş çəkəcəm".

Deputat fürsətdən istifadə edib, xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib: 

"Hər kəsi bayram münasibətilə təbrik edirəm. Üzümüzə gələn il xalqımız üçün xeyirli, uğurlu keçsin".

Xanım millət vəkili Elmira Axundova isə Yeni ili ailə üzvləri ilə birlikdə, evində keçirməyi üstün tutur: 

"Nəvələrimlə birlikdə yolka şənliklərinə, qısa gəzintiyə getməyi də planlaşdırıram".

Deputat Araz Əlizadə də digər həmkarları kimi bayramı ailəsi ilə keçirməyi düşünür: 

"Bu bayram ailəvi bayramdır. Ümumiyyətlə mənim üçün dörd bayram var- Yeni il, Novruz bayramı, 9 May Qələbə Günü və Müstəqillik Günüdür. Bütün bu bayramlarda əzizlərimiz ətrafında keçirməyi daha üstün tuturuq".

Digər parlament üzvü Elman Məmmədov təmtəraqlı bayram keçirməyəcəyini deyir: 

"Adi qaydada, hər zamanki kimi bayram keçirəcəm. İnsanların sıx məskunlaşdığı maraqlı bayram keçirən bölgələrimiz var ki, məsələn, Goranboy rayonu Ağcakənd qəsəbəsi kimi yerlərə getməyi düşünürəm.

Aysel Aslan