Qərb ölkələrində millət vəkillərinin ictimai nəqliyyatdan istifadəsi adi haldır. Demək olar ki, hər gün işə və digər məkanlara gedərkən ya velosipeddən, ya da ictimai nəqliyyatdan istifadə edirlər. Bir sözlə, onlar xalqın içərisində olurlar. Maraqlıdır, bəs görəsən, Azərbaycanda deputatlar ictimai nəqliyyatdan istifadə edirmi və edirlərsə, sonuncu dəfə nə vaxt istifadə ediblər?
Sherg. az-ın sualını ilk olaraq cavablandıran millət vəkili, Mətbuat Şurasının sədri
Əflatun Amaşov ictimai nəqliyyatdan az hallarda istifadə edir:"
Sözün düzü, ictimai nəqliyyatdan istifadə etməyə imkan yoxdur. Evdən çıxıb, Mətbuat Şurasına(MŞ), oradan da Milli Məclisə, sonra yenidən MŞ-ə qayıdıram. Belə məqamda ictimai nəqliyyatdan istifadə etmək qeyri-mümkündür. Yəni sərbəst vaxt olmur ki, istədiyi yerə gedəndə ictimai nəqliyyatdan istifadə etsin. Başqa şəhərlərə -Moskva və Londona gedəndə daha çox ictimai nəqliyyatdan istifadə edirəm. Çünki oralarda insan nisbətən sərbəst olur. Azərbaycanda ictimai nəqliyyatdan 2 ay öncə istifadə etmişəm. 28 may metrosundan Nərimanova tərəf getdim. Ümumiyyətlə, ictimai nəqliyyatdan az istifadə etməyimin səbəbi odur ki, sərbəst vaxt az olur.
Adamın əlavə vaxtı olsa, dostlarla görüşə getsə, o zaman ondan istifadə edə bilər. Yaxud da insanın çalışdığı iş yeri evinə yaxın olsa, ictimai nəqliyyatdan istifadə sərfəli olar.
Amma mənim yaşadığım yerlə işlədiyim yerlər - Mətbuat Şurası və Milli Məclis arasında böyük məsafə var. Ora ictimai nəqliyyatla getməkdənsə, şəxsi avtomobillə getmək vaxt baxımından daha sərfəlidir. Hər kəs bunu bir cür qiymətləndirə bilər. İctimai nəqliyyatdan istifadə etmək o zaman mümkündür ki, insanın boş vaxtı olur və şəxsi işi üçün gedir".
Millət vəkili Aqil Abbas da ictimai nəqliyyatdan hərdən bir istifadə edir:"
Əsasən də metrodan istifadə edirəm. Çünki şəhərdə tıxaclar olur. O tıxaca düşməmək üçün İçəri Şəhərə minirəm, hara lazımdır gedib düşürəm. Avtobusdan bir-iki dəfə istifadə etmişəm. Amma daha çox metrodan istifadə edirəm. Maşınla gedib tıxaca düşməkdənsə, metro ilə rahat gedirəm.
Milli Məclisin üzvü Aydın Mirzəzadə ictimai nəqliyyatdan bir həftə öncə istifadə edib:"
Marşurut Avtobusu idi. Deyim ki, vaxtaşırı metro və müxtəlif istiqamətdə hərəkət edən avtobuslardan istifadə edirəm. Gah buna ehtiyac yaranır, gah sadəcə olaraq, ictimai nəqliyyatdan istifadəyə həvəsim yaranır, gah da ictiamai nəqliyyatın vəziyyətini yoxlamaq üçün bu addım atıram. "
Digər parlament üzvü Araz Əlizadə piyada gəzməyə üstünlük verir:"
Cavanlığımda piyada gəzmişəm. İş, universitet, akademiya və sair yerlərə piyada gedirdim. Yəni hara gedirdimsə, piyada gedirdim. İctimai nəqliyyatdan ancaq metronun "İçəri Şəhər" stansiyasından "Gəncliyə" stadiyona gedəndə istifadə edirdim. Elə indi də piyada gəzirəm. Düzdü, şəxsi avtomobilim də var. Amma piyada gəzirəm. Bu yaşda piyada gəzməsəm,taqətdəndüşərəm.
Deputat Hikmət Babaoğlu sonuncu dəfə ictimai nəqliyyatdan bir neçə gün öncə istifadə edib:"
Həmin gün metro ilə işə gəldim. Elmlər Akdemiyasından minib, Sahildən çıxdım. Davamlı olaraq istifadə edə bilmirəm, amma şəhərdə tıxac olanda, iqlim şərtləri kəskin olanda metrodan istifadə edirəm. Deyim ki, daha çox metrodan istifadə edirəm. İşə gedib gəlməyim üçün ən yaxşı vasitə metrodur, Yasamalda yaşayıram, oradan piyada metronun Elmlər Akdemiyası stansiyasına düşürəm. Buradan da, istədiyim yerə metro ilə gedə bilirəm. Bir də ki iş saatlarından sonra şəhərin digər metro stansiyalarına yaxın yaşayan qohum və dostlarım gilə gedəndə metrodan istifadə etməyə üstünlük verirəm.
Ayyət Əhməd