Deputatlar "Qarabağ"ı TƏBRİK ETDİ...

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın "Qarabağ” klubu həlledici matça çıxıb. Qurban Qurbanovun komandası səfərdə Danimarkanın "Kopenhagen” klubu ilə qarşılaşıb. Matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşsa da, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.
"Qarabağın” tarix yazdığı bu oyunla bağlı ictimaiyyət nümayəndələri, deputatlar, sadə vətəndaşlar – bütün Azərbaycan xalqı sosial şəbəkələrdə "Qarabağ"ı təbrik edərək öz sevincini bölüşüb. Biz də bu sevgi və çoşğunu nəzərə alıb, millət vəkillərinin dünənki möhtəşəm görüşlə bağlı fikirlərini öyrəndik. "Sherg.az” millət vəkillərinin də "Qarabağ”a təbriklərini təqdim edir:
Yazıçı, deputat Aqil Abbas "Qarabağ”ın Çempionlar Liqasına düşməklə Azərbaycanın adını yüksəklərə qaldırdığını vurğulayıb:
"Bütün xalq komandamızın qələbəsinə sevinir. Onlar şəhidlərimizin ruhunu şad etdilər.
Bu futboldur, sözsüz ki, qələbə olacaq. Çempionlar Liqasında yüz faiz qələbə qazanacağımızı deyə bilmərəm, amma "Qarabağ"ın uğurları hələ qabaqdadır”.
Bu uğurun tək Qarabağa deyil, bütövlükdə Azərbaycan idmanına aid olduğunu söyləyən millət vəkili Elman Məmmədov isə ölkəmizdə idman nailiyyələrinin davam edəcəyini bildirib:
"Təxminən 20 ilə yaxındır Azərbaycanda idman yüksək şəkildə inkişaf edir və ölkəmizin uğurları dünya idmanı səviyyəsinə yüksəlib.
Arzu edirəm ki, futbolun "Qarabağ” adı ilə çalınan qələbəsi döyüşçülərin Qarabağda qələbəsi ilə müşayiət olunsun. Qarabağda Azərbaycan ordusu qələbə çalsın, torpaqlarımız azad olunsun. "Qarabağ” komandamız öz doğma Ağdam şəhərində fəaliyyət göstərsin və yeni qələbələr qazansın. Qarabağ adı ilə nə varsa, bütün dünya tanısın. Dünya bilsin ki, Qarabağ Azərbaycanındır.
Komandamızı və bütün xalqımızı təbrik edirəm. Qoy, bu qələbələri biz ümumxalq qələbəsinə çevirək. Ordumuzun qələbəsini görək, Qarabağımızı azad edib, bu adla həmişə qürur duyaq”.
Digər parlament üzvü Tahir Mirkişili "Qarabağ" futbol klubunun çox ağıllı və peşəkar oynayaraq, tarix yazdığını qeyd edib:
"Həm futbolçular, həm də stadiondakı azarkeşlər əsl peşəkarlıq nümayiş etdirdilər.
Təbriklər hər kəsə!”
Parlamentari Fazil Mustafa millətə bu qələbənin hava və su kimi lazım olduğunu deyib. "Qarabağ” rəhbərliyinə və baş məşqçi Qurban Qurbanova təbriklərini bildirən deputat komandamızın inanılmazı bacardığını diqqətə çatdırıb:
Bizi sevindirən qəhrəmanlarımıza eşq olsun! Qurban Qurbanov - Azərbaycanın böyük oğlu! Sənin rəhbərliyində Qarabağ adı dünya futbolunun ana səhifəsinə yazıldı. Bu dəfə qarşınızı ala bilmədilər. Demək ki, qalib gəlməyi bacarırıq. Sadəcə doğru təşkilatlanmamız əksikdir. Mobil, doğru təşkilatlanmış bir komanda inanılmazı bacardı! "Qarabağ”ın prezidenti Abdulbari Gözələ və vitse-prezident Tahir Gözələ təşəkkürlər! Azərbaycan üçün ən böyük işi gördünüz! Bu sadəcə futbol meydançasında qazanılan qələbə deyil! Bu həm də siyasi qələbədir. İnşallah millət olaraq, dövlət olaraq hərbi qələbəmizi də gerçəkləşdirərik. Allah sizləri qorusun, fədakar "Qarabağ" komandası!”
MDB ölkələrindən qrup mərhələsinə cəmi 4 klubun düşdüyünü xatırladan deputat Aydın Mirzəzadənin sözlərinə görə, bunlardan ikisi Rusiyadan, biri Ukraynadan və Azərbaycan komandası olan "Qarabağdır”:
"Baxmayaraq ki, "Qarabağ" fikirləşdiyim hesabla oyunu başa vurmadı, əsas bu deyil. Oyun tam istədiyimiz kimi olmasa da əsas son nəticədir. Bununla belə ümumi hesabda Azərbaycan futbol klubu gözlənilən şəkildə səfərdə tarix yazdı. Azərbaycan "Qarabağ"la qələbə qazandı və bizim adımız Çempionlar Liqasının qrup mərhələsindədir - bir-iki ildən sonra bu sətirlərə öyrəşəcəyik.
Biz güclü Avropa klubuna malik olan ölkələrdənik və "Google”də "Azərbaycan" və "Qarabağ" sözlərinin axtarışı dəfələrlə artmaqdadır.
Sevinməyə haqqımız var, çünki komandamız "Bavariya", "Real", "PSJ", "Çelsi", "Qarabağ" və digər 27 Avropa futbol klubu ilə birlikdə ÇL-dadır”.
Milli Məclisn üzvü Sahibli Sahib Alıyev isə bunları deyib:
""Qarabağ"ımızla "Arsax"laYANlara göstərdik ki, biz komandayıq, biz millətik, biz dövlətik - biz Qarabağıq!”
Xanım deputat Qənirə Paşayeva tarix yazan "Qarabağ" futbol klubumuzun rəhbərləri və baş məşqçisi ilə şəxsən telefon əlaqəsi yaratdığını və öz adından, bütün Azərbaycan xalqı adından onları təbrik etdiyini bildirib:
"Baş məşqçi, əziz qardaşım Qurban Qurbanovla danışdım və həm öz adından, həm də insanlarımız adından onu təbrik etdim. Qurban Qurbanov Azərbaycan futbolunun inkişafında misilsiz xidmətlərin müəllifidir. Özünün biliyi, bacarığını futbolçulara öyrətmək, klubun inkişafına təkan verməklə yanaşı özünün mənəvi-əxlaqi keyfiyyətləri ilə də bütün oyunçular üçün ən gözəl örnəkdir. Özünə də dediyim kimi dünən axşam bütün azərbaycanlılar duaları ilə onların yanında idi və hər zaman da olacaq. "Qarabağ" öz ətrafında bütün azərbaycanlıları birləşdirən bir klubdur.
Klubun vitse-prezidenti Tahir Gözəllə də danışıb, onu və bütün klubu təbrik edərkən söylədim ki, "Qarabağ"ın qələbəsi bütün Azərbaycanın, azərbaycanlıların qələbəsidir və komandanın rəhbərliyinə də təşəkkürümü bildirdim.
"Qarabağ" dünən axşam tarixi bir mərhələni adladı və ən güclü klubların yarışacağı mərhələyə daxil oldu. "Qarabağ" ölkəmizin təbliğatı baxımından da misilsiz işlər görür. "Qarabağ" klubunun rəhbərləri Abdulbari Gözəl, Tahir Gözəli, baş məşqçi Qurban Qurbanovu, bütün oyunçuları və komandaya əziyyət çəkən hər kəsi, klubu xüsusi diqqətdə saxlayan cənab Prezidenti və klubun azarkeşləri olan bütün azərbaycanlıları təbrik edirəm! Eyni zamanda "Qarabağ" futbol klubunun yaradılmasında, bu günə qədər inkişafında əməyi ola hər kəsi təbrik edirəm”.
Q.Paşayeva əlavə edib ki, bundan sonra "Qarabağ"ın yanında daha da çox olmalıyıq:
"Ümid edirəm ki, Qurban müəllimin açıqladığı məsələ - kluba bir neçə əlavə yaxşı oyunçunun cəlb edilməsi də öz həllini tapacaq və komanda növbəti mərhələdə uğurları ilə yenə də hamımızı sevindirəcək”.
Millət vəkili Hikmət Babaoğlu da "Qarabağ”ı təbrik edib:
"Təbriklər "Qarabağ”, sən bizim qürurumuzsan. Bu daha böyük qələbələrin başlanğıcıdır”.
Hazırladı: Aysel ASLAN, Ayyət ƏHMƏD