Millət vəkili: “Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım”
Deputatların siqaret həyəcanı...
Orta məktəblərdə azyaşlı qızlar arasında siqaret çəkənlərin sayı daha da çoxalıb
Millət vəkili: “Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım”
Millət vəkili: “Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım”
Ötən gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Toplantıda "Tütün və tütün məmulatları haqqında", eləcə də "Çayçılıq haqqında" qanuna dəyişiklik edilməsi barədə layihələr müzakirə edilib.
Komitə sədri Eldar İbrahimov layihələrin prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olduğunu bildirib.
Parlamentin qanunvericilik şöbəsinin müdir müavini, aqrar sektorun müdiri Vilayət Əlizadə qanun layihələri barədə məlumat verib. O bildirib ki, "Tütün və tütün məmulatları haqqında" qanunun 20-ci maddəsinə 20.1.5-ci maddə əlavə edilir. Bu maddəyə əsasən, tütün və tütün məmulatları alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi qadağan edilir.
Bundan başqa, qanunun 20.2-ci maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən tütünün, tütün məmulatlarının, onların ləvazimatlarının, eləcə də tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızların, alışqanların reklamı qadağan olunur. Qanuna təklif edilən digər dəyişikliyə əsasən, tütün və tütün məmulatının istehsalı və ya satışı ilə məşğul olan şəxslər reklam haqqında qanunun 13.4-cu və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.
Qeyd edək ki, "Tütün və tütün məmulatları haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi bu qanunun "Reklam haqqında" qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.
"Çayçılıq haqqında" qanuna dəyişiklikdə isə bu qanunun 17.3-cü maddəsindəki "Azərbaycan Respublikasının qanunvericiliyinə" sözləri "Reklam haqqında Azərbaycan Respublikasının qanunu" sözləri ilə əvəz edilib. Yeni redaksiyaya əsasən, çay məhsullarının reklamı "Reklam haqqında" qanuna uyğun olaraq həyata keçirilir.
"Siqaret çəkən qadınların sayı durmadan artmaqdadır”
Müzakirə zamanı deputat Eldar Quliyev siqaret çəkənlərin çoxalmasından təəssüf etdiyini deyib: "Hətta son zamanda bizdə orta məktəblərdə qızlar arasında da siqaret çəkənlərin sayı daha da çoxalıb. Eyni zamanda siqaret çəkən qadınların sayı durmadan artmaqdadır. Az yaşlı, məktəbli qızlar var və orta məktəblərdə buna qarşı kəskin mübarizə aparılmalıdır. Əvvəllər bu hal Rusiya, MDB, Avropa ölkələrində daha çox yayılmışdı. Azərbaycanda da qadınların siqaretə meylliliyi artıb. Bunun qarşısını almaq üçün orta məktəblərdə də ciddi nəzarət gücləndirilməlidir. Əks təbliğat mexanizmi gücləndirilməlidir. Çünki az yaşlarından siqaretə qurşanmış qızların gələcəkdə ana olma riski də azalır. Həm də bu insanlarımıza maddi baxımdan da zərbə vurur”.
Deputat bildirib ki, Azərbaycanda ictimai yerlərdə siqaret çəkənlərə qarşı cərimə müəyyən edilsə də qanunun bu hissəsi işləmir: "Ötən il İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi ki, ictimai yerlərdə siqaret çəkənlər cərimə olunsun. Amma baxaq görək ki, bu günə qədər ictimai yerdə siqaret çəkən hansı vətəndaş cərimə olunub? Heç kim də cərimə olunmayıb. Qanun qəbul olunub amma cərimə olunmaq mexanizmi yoxdur”.
"...Adamın ürəyi bulanır”
"Bu gün istisnasız olaraq bütün dövlət və özəl ali məktəblərdə görürsən ki, siqareti universitetlərin dəhlizlərində çəkirlər. İnanın ki, adamın ürəyi bulanır”. Bu sözləri isə millət vəkili Hüseynbala Mirələmov deyib. Deputat söyləyib ki, televiziylarda siqaretin reklamının qarşısı alınmalıdır: "Siqaret 2-ci və 3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini korlayır. Azərbaycan mentalitetinə uyğun olmayan bir şeydir. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır”. H.Mirələmov universitetlərdə siqaret çəkən tələbələrin cərimələnməsinin də vacibliyini vurğulayıb: "Türkiyədə hətta taksidə belə yazılıb -
"Siqaret çəkmək olmaz, əks təqdirdə 60 lirə cərimə olunacaqsan”. Onlar bu cəriməni tətbiq edirlər. İctimai yerlərdə siqaret çəkənlərə qarşı bizdə cərimələr var, amma buna əməl edilmir, cərimələr yazılmır. Əgər biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək inanın ki, o ümumiyyətlə siqareti də tərgidər”.
"Adam o şəkilə , ciyərə baxanda siqaretin qutusunu belə açmaq istəmir”
Deputat Mahir Aslanov qeyd edib ki, siqaretin reklamı qəti qadağan olmalıdır: "Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağ ciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəkilə , ciyərə baxanda siqaretin qutusunu belə açmaq istəmir”. Millət vəkili vurğulayıb ki, 53 il siqaret çəkib: "Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım. Hətta tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır”.
"O siqaretin qutusu o qədər gözəl idi ki...”
"Bizim komitədə tanıdığım millət vəkillərinin heç biri sirqaret çəkmir. Bu elə bizim böyük uğurumuz və nümunədir”. Bunu isə deputat Novruzəli Aslanov deyib.
Millət vəkili bildirib ki, ilk növbədə siqaretlərin qutularının cəlbedici olmasının qarşısı alınmalıdır: "Mən oturduğum otaqda bir yoldaş siqaret açdı və ortaya qoydu. O siqaretin qutusu o qədər gözəl idi ki, onun açılıb-bağlanması belə adamı cəlb edirdi. Siqaret qablarının o formada gözəl hazırlanması özü də bir reklamdır”.
Müzakirələrdən sonra hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Anar Bayramoğlu